Dünən Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Dini maarifləndirmə işində dini ədəbiyyatın yeri və rolu" mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, Dövlət Komitəsi dini ədəbiyyatlarla bağlı qarşıya yeni hədəflər qoyub. Onun sözlərinə görə, son illər dini ədəbiyyat sahəsində ciddi inkişaf var. Bu sahə artıq tənzimlənən sahədir. Dövlət Komitəsi yerli dini müəlliflərin sayının artırılmasında maraqlıdır: "Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri də ölkədə çap olunan, ölkəyə idxal edilən dini ədəbiyyatların dinşünaslıq ekspertizasının aparılmasıdır. İndiyə qədər ölkədə həm dini ədəbiyyatların ekspertizasını aparmışıq, eyni zamanda, dini ədəbiyyatların satışını həyata keçirən satış məntəqələrini, ümumi olaraq dini mağazalara icazə verilməsi məsələsinə baxılıb. Hazırda ölkədə 42 dini mağaza fəaliyyət göstərir. Bununla yanaşı, dini mağazaların icazələrin verilməsi proseduru davam etdirilir".
G.İsmayılov deyib ki, ölkədə çap olunan dini ədəbiyyatın böyük bir hissəsi əsasən tərcümədir. "Yəni xarici ölkələrdə çap olunmuş kitabların Azərbaycanda tərcümə edilməsidir. Bizim qarşımıza qoyduğumuz məqsədlər ölkədə çap olunan dini ədəbiyyatların sayında yerli müəlliflərin sayını artırmaqdır. Yəni ümumi desək, əsas qarşımıza qoyduğumuz hədəflərdən biri xaricdən idxal olunan dini ədəbiyyatın azalması fonunda ölkədə yerli müəlliflər tərəfindən yazılan dini ədəniyyatların sayını artırmaqdır. Bu istiqamətdə ötən illər ərzində xeyli işlər görülüb. Əgər 2017-ci ildə ölkədə çap olunmuş dini ədəbiyyatın yalnız 14 faizi yerli müəlliflər tərəfindən yazılırdısa, 2018-ci ildə bu 23 faizdir. Bu rəqəm də bizi qane etmir".
Sədr müavini deyib ki, xaricdə çap olunan dini ədəbiyyatların ölkəyə gətirilərkən Dinşünaslıq ekspertizasından keçirilir: "Dinşünaslıq ekspertizasının təşkil olunması zərərli dini ədəbiyyatın ölkəyə idxal olunmasının qarşısının alır. Eyni zamanda, ekspertiza ölkədə çap olunan zərərli dini ədəbiyyatların yayılmasının qarşısını alır. Biz ona görə yerli müəlliflərin sayını artırmaq istəyirik ki, xaricdə hazırlanmış dini ədəbiyyat həmin ölkələrin həyat tərzinə, dövlət-din münasibətlərinə, həmin xalqın dinə baxışını əks etdirir, baxmayaraq ki, zərərli deyil. Amma bununla yanaşı, hər bir bir xalqın dinə baxışı var, özünün dövlət-din münasibətləri var. Bu baxımdan dini ədəbiyyatın əksəriyyətinin məhz Azərbaycanda yerli müəlliflər tərəfindən hazırlanmasını qarşımıza məqsəd qoymuşuq".
G.İsmayılovun sözlərinə görə, ötən illər ərzində ölkədə yalnız Dövlət Komitəsinin maliyyə vəsaiti hesabına 100-dən artıq adda dini ədəbiyyat çap olunub. Bu da öz növbəsində yüz mindən çox kitab deməkdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov isə bildirib ki, ötən il ərzində ümumilikdə, dinşünaslıq ekspertizasına daxil olan 1540 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.
Onun sözlərinə görə, bu ilin yanvar-iyun aylarında 483 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, radikallığı təbliğ edən 19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb: "Ölkədə ötən il nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 313 adda dini ədəbiyyatın 4-nün çapı məqsədəuyğun sayılmayıb. Bu ilin yanvar-iyun ayları ərzində nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 104 adda dini ədəbiyyata baxılıb, onlardan 22-nin çapı məqsədəuyğun sayılmayıb. Ötən il 613 adda (754.561 ədəd), bu ilin yanvar-iyun aylarında 171 adda (253.010 ədəd) dini ədəbiyyata nəzarət markası verilib".
N.Məmmədov bildirib ki, 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlləri ilə müqayisədə indi ölkədə dini ədəbiyyatın nəşri sahəsi daha yaxşı tənzimlənən bir sahə olub: "Həmin dövrdə bu sahə bərbad vəziyyətdə idi. Kim harada istəyirdisə, kitab nəşr edib satırdı". Onun sözlərinə görə, ədəbiyyatlarda dini nifrət və düşmənçiliyə rəvac verən fikirlərin olmaması ekspertiza zamanı nəzərə alınan əsas meyarlardandır. O əlavə edib ki, Azərbaycanda artıq milli dini ədəbiyyatı formalaşdıra biləcək güc var. Onun dediyinə görə, bu il dini ədəbiyyatların ekspertizası zamanı yeni prioritet də nəzərə alınır: "Bəzi dini ədəbiyyatlar Azərbaycana lazımdırmı?! Bir-birini təkrarlayan ədəbiyyatlar həddindən artıq çoxdur. Bu, insanların daha geniş məlumat almasını çərçivəyə salır. Adı belə öz ölkəsində tanınmayanların kitabları tərcümə edilir, amma artıq özümüzün dini ədəbiyyat yaza biləcək kifayət qədər müəllifimiz var. Təbii ki, tərcümə ədəbiyyatının əleyhinə deyilik, klassik ədəbiyyatlar tərcümə olunmalıdır, amma 21-ci əsr müəlliflərinin təkrarlanan dini kitablarının ölkədə yayılmasının tərəfdarı deyilik".
S.QARAYEVA
çap et