525.Az

"Qarabağ danışıqlarının konstruktiv istiqamətə qayıtdığını demək olar"


 

"Qarabağ danışıqlarının konstruktiv istiqamətə qayıtdığını demək olar" <b style="color:red"></b>

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə daha bir görüşünün keçirilməsi planlaşdırılır.

Erməni mediasının məlumatına görə, görüş ilin sonuna kimi baş tutacaq. Bu, artıq Azərbaycanla Ermənistanın yeni hakimiyyəti arasında münaqişə üzrə üçüncü görüş olacaq. Daha əvvəl nazirlər Brüsseldə, ardınca isə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər. Düşənbədə keçirilən MDB liderlərinin sammitində isə Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında qısa görüş olub. Beləliklə, danışıqlar prosesindəki bir müddətdir davam edən sükutun artıq aradan qalxdığını demək mümkündür. Doğrudur, yüksək səviyyədə görüşün keçirilməsinə dair hələlik heç bir məlumat yoxdur. Bir müddət əvvəl Azərbaycanın xarici işlər naziri bildirmişdir ki, Ermənistan tərəfi proseslə tanış olmaq üçün vaxt istəyib. Oktyabr ayında ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona gözlənilən səfəri, bunun ardınca nazirlərin görüşünün planlaşdırılması yüksək səviyyəli görüşün də baş tuta bilməsini istisna etmir.

Aydındır ki, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi, prosesi "ölü" nöqtədə qalması region üçün hər an təhdid yaradır. Ən azı iki il əvvəl baş vermiş dörd günlük aprel müharibəsinin təkrarlanmayacağına da heç bir təminat yoxdur. Ona görə də həm ATƏT-in Minsk qrupunun həmsədər dövlətləri, xüsusilə qonşu Rusiya, həm də digər güclər, beynəlxalq qurumlar münaqişənin nizamlanmasında səylərini artırmalıdırlar. 

Politoloq İlqar Vəlizadə də düşünür ki, münaqişə üzrə nizamlanma prosesində müəyyən dinamikanın yaranması gözləniləndir: "Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində cəbhə xəttində vəziyyətə mənfi təsir göstərən bir tənəzzül hökm sürürdü. Ermənistan tərəfinin bir sıra ziddiyyətli bəyanatları ona gətirib çıxardı ki, Azərbaycanda aktiv şəkildə cəbhə xəttində təxribatlara qarşı hazırlıq başlandı. Bu yaxınlarda Ermənistan işğal olunmuş Dağlıq Qarabağda böyük hərbi təlimlər keçirdi və ora erməni hərbi təyyarələri də uçdu.  Azərbaycanın Müdafiə Nazirliyi sərt bəyanatla çıxış edərək bildirdi ki, əgər bu təyyarələr cəbhə xəttinə yaxınlaşsalar, vurulacaqlar. Əlbəttə ki, belə bir gərginlik həm ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri, həm də müzakirə prosesində aparıcı moderator olan Rusiyanın diqqətini cəlb etməyə bilməzdi". Politoloqun sözlərinə görə, həmsədrlərin daha əvvəl Paşinyanın bəzi təşəbbüslərinə və ya bəyanatlarına mənfi reaksiya vermələri müşahidə edilib: "Bu baxımdan, mənim fikrimcə, Nikol Paşinyana vəziyyəti izah ediblər, ola bilsin ki, Rusiya tərəfi ona müəyyən təkliflər verib. Bu mənada Paşinyan beynəlxalq ictimaiyyətin fikirlərini görməzdən gələ bilməz, nəticə etibarı ilə Düşənbə şəhərində Azərbaycan prezidenti ilə  görüşdə ehtimal ki, vəziyyəti nəzərə alaraq əvvəlki danışıqlar prosesinin müddəalarına qayıdıb".

İ.Vəlizadəyə görə, bu o deməkdir ki, Ermənistan tərəfi ən azı Nikol Paşinyanın hakimiyyətə gəlişinə kimi mövcud olan xətti davam etdirəcək: "Danışıqlar prosesi Ermənistanla aparılır və rəsmi İrəvan danışıqlar üçün tam şəkildə məsuliyyət daşıyır". Ekspert, həmçinin qeyd edib ki, Düşənbə şəhərində keçirilən MDB ölkələri liderlərinin görüşündən sonra tərəflər gərginliyi azaltmaq üçün səy göstərməyə hazır olduqlarını vurğulayıblar: "Digər tərəfdən, uzun müddətli təcrübədə ilk dəfə olaraq, müvafiq qurumlar arasında birbaşa əlaqə yaratmaq barədə tərəflər razılaşıblar. Bu, danışıqlar prosesinə yanaşmalarda müəyyən konstruktivizmin ortaya çıxdığını göstərir".

İ.Vəlizadə Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın son görüşünü xatırladaraq deyib ki, E.Məmmədyarovun görüşdən sonrakı bəyanatından çıxış etsək, maraqlı və əhəmiyyətli müzakirələrin aparıldığını demək olar:  "Bütün bunları nəzərə alsaq, demək mümkündür ki, danışıqlar prosesi konstruktiv istiqamətə qayıdır. İndi məntiqə uyğun olaraq danışıqların effektivliyinin artırılmasını gözləmək lazımdır.  Politoloqun sözlərinə görə, xarici işlər nazirləri arasında əlaqələrin intensivləşdirilməsini, bu ilin sonuna kimi növbəti görüşün keçiriləcəyi barədə razılığın əldə edilməsi və Düşənbə görüşündən sonra təşviqedici bəyanatların verilməsi nəzərə alınarsa, yaxın gələcəkdə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında görüşün olacağını demək mümkündür".

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsi üzrə nizamlanma prosesi Yenilənmiş Madrid prinsipləri əsasında aparılır. Bu prinsiplər isə münaqişənin mərhələli həllini nəzərdə tutur. İlkin olaraq Ermənistan tərəfindən işğal edilmiş ətraf rayonların qaytarılması məsələsi gündəmdədir. Dəfələrlə Rusiyanın bir sıra tanınmış politoloqları belə, həmin rayonların qaytarılması məsələsinin razılaşdırılması barədə açıqlama versələr də, Ermənistan tərəfi bu istiqamətdə heç bir addım atmayıb. Ermənistandakı hazırkı hakimiyyətin özündən əvvəlki rejimlərin yolu ilə gedəcəyini, yoxsa nəhayət, reallığı başa düşüb, konstruktiv mövqeyə gələcəyini isə qarşıdakı zaman göstərəcək.

PƏRVANƏ

 





03.10.2018    çap et  çap et