525.Az

Paşinyan verdiyi vədə əməl edəcəkmi?


 

"MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİNİN REGİONA PLANLAŞDIRILAN SƏFƏRİ ZAMANI ÖLKƏ RƏHBƏRLƏRİNİN GÖRÜŞÜNÜN TƏŞKİL EDİLMƏSİ BARƏDƏ RAZILIĞIN ƏLDƏ OLUNMASI MÜMKÜNDÜR"

<b style="color:red">Paşinyan verdiyi vədə əməl edəcəkmi?</b>

Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şursının sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında yaranan dialoq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətindəki danışıqlar prosesinin hazırkı - qeyri-müəyyən vəziyyətinə aydınlıq gətirib.

Qısa keçən təmas zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi ətrafında söhbət edən tərəflər danışıqların bərpa olunmasına qarşılıqlı razılıq əldə ediblər.

Tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər. Azərbaycan və Ermənistan rəhbərləri, həmçinin, müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

ATƏT-in Minsk qrupunun həmsədləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və Stefan Viskontinin (Fransa) Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zohrab Mnatsakanyan arasında keçirdiyi görüşdən sonra Azərbaycan prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında yaranan təmas, münaqişənin həlli məsələsinin Minsk prosesinə uyğun davam etməsinə qərar verilməsi qarşı tərəfin əvvəllər səsləndirdiyi, danışıqların ruhuna zidd, formatın dəyişdirilməsinə yönəlmiş bəyanatlardan geri çəkildiyini göstərir.

Düşənbədə reallaşan görüşdən sonra İrəvana qayıdan N.Paşinyan "Facebook"da canlı yayım açaraq, baş tutan dialoq barədə danışıb. Ermənistanın baş naziri görüşdən dərhal sonra əldə olunan razılaşma barədə separatçı rejimin rəhbəri Bako Saakyana xəbər verdiyini bildirib.

Eyni zamanda, Ermənistanın prezidenti Armen Sakisyanın verdiyi açıqlama qarşı tərəfin mövqeyində müəyyən korrektələr etdiyinə dair ilkin təəssürat yaradır. A.Sarkisyan Gürcüstanın "Starvision" kanalına verdiyi müsahibədə bildirib ki, Ermənistan və Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə yönəlmiş tək doğru yanaşmanın - müzakirələrin gerçək bir nəticəyə gəlməsi üçün səy göstərməlidir.

Bu mənada, hazırkı ay ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və Stefan Viskontinin (Fransa) regiona gerçəkləşdirəcəkləri səfərdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zohrab Mnatsakanyan arasında keçirilməsi nəzərdə tutulan görüş danışıqları prosesi ilə bağlı gələcək gedişata aydınlıq gətirə bilər.

Əgər Ermənistan danışıqlar prosesinin inkişaf etməsi üçün konstruktiv mövqe nümayiş etdirərsə, əvvəllər olduğu kimi, hər hansı kiçik irəliləyiş olan zaman buna maneə yaradacaq addımlardan çəkinərsə, regionda sülh və təhlükəsizliyin əldə olunması üçün ciddi nəticələr gözləmək olar. Əks halda isə Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün hərbi varianta əl atmaq məcburiyyətində qalacaq.

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan çox asanlıqla mövqeyini dəyişə bilir: "Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışını Azərbaycana qarşı şər, böhtan atmağa həsr edən erməni baş nazir cəmi iki gün sonra Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə dialoq quraraq mövqeyində əsaslı dəyişikliklər edib".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinə toxunan politoloq qeyd edib ki, ermənilər yenə də verdikləri vədə əməl etməsələr, konstruktiv müzakirələr aparmaqdan yayınsalar, regionda növbəti müharibə qaçılmaz olacaq.

Azərbaycan Silahlı Qüvvələrinin daha da gücləndiyi deyən M.Əhmədoğlu hesab edir ki, ölkə ordusu əvvəlki dözümlülükdə deyil: "Hərbçilərimiz istənilən əməliyyatı icra etməyə hazır vəziyyətdədirlər".

N.Paşinyanın Ermənistanda parlament seçkilərini əvvəlcə gələn ilin may-iyun ayında keçirməyi planlaşdırdığını xatırladan mərkəz sədrinin sözlərinə görə, Düşənbədən qayıtdıqdan sonra o, dərhal elan edib ki, seçkilər bu ilin axırına kimi yekunlaşmalıdır: "Yəni Paşinyan Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə əldə etdiyi razılıqla onun İrəvana qayıtdıqdan sonra seçkilərin tarixini dəyişməsi bir-biri ilə əlaqəli məsələlərdir. Bu baxımdan, MDB dövlət başçılarının sammitindən əvvəl Bakıda baş tutan İlham Əliyev-Vladimir Putin görüşünün əsas nəticəsi Düşənbədə Rusiya prezidentinin Paşinyana Dağlıq Qarabağ danışıqlarına başlamaq üçün ilin sonunadək vaxt verildiyini bildirməsidir. Belə olan şəraitdə Ermənistan baş naziri qarşıdakı aylarda parlament seçkilərini keçirməli və danışıqlara başlamalıdır. Əks halda, gələn ilin əvvəlindən etibarən Rusiya Azərbaycanın atacağı addımlarla bağlı Ermənistana heç bir zəmanət verməyəcək. Ona görə də Paşinyan bütün bu deyilənlərə əməl etməyə məcburdur".

Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə isə qeyd edib ki, Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş danışıqların həmişəki kimi Azərbaycan və Ermənistan arasında davam etdirilməsi deməkdir. O, SİA-ya bildirib ki, Ermənistanın yeni rəhbərliyi həm dövlət idarəçiliyindən, həm də Dağlıq Qarabağ məsələsinin mahiyyətindən xəbərdar olmadığına görə, Azərbaycan tərəfindən qəbul olunmayan bir şərt irəli sürür: "Özlərinin yaratdığı saxta bir qurumun nümayəndələrini danışıqlara cəlb etməsi heç bir halda beynəlxalq hüquq normalarına cavab vermir. Son günlərdə danışıqların Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilməsinə razılıq əldə edilməsi göstərdi ki, artıq Ermənistan tərəfi də danışıqların köhnə formatda aparılmasını qəbul edib".

Deputat hesab edir ki, danışıqların köhnə formatda davam etdirilməsi bu gün daha çox Ermənistanın maraqlarına xidmət edir: "Danışıqların olmaması Ermənistan daxilində problemlərin çoxalmasına, Dağlıq Qarabağ yükü onu daha çox siyasi bataqlığa çəkməsinə, ən əsası isə Ermənistanın ağır problemlərinin daha da çoxalmasına gətirib çıxarıb".

Bu ay ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona planlaşdırılan səfərinə toxunan A.Mirzəzadənin fikrincə, həmin səfər zamanı ölkə rəhbərlərinin görüşünün təşkil edilməsi barədə razılığın əldə olunması mümkündür: "Əgər bu reallaşarsa, artıq yeni rəhbərliklə danışıqların detallarını müzakirə etmək olar. Düzdür, Azərbaycan bütün ümidini danışıqlara bağlamır. Amma bununla belə, biz Ermənistana bu gün yeni bir şans veririk. Onlar şansdan istifadə edəcəksə, Ermənistan bütün sahələrdə qazanacaq. Əgər etməyəcəksə, Azərbaycanın problemi həll etmək üçün kifayət qədər variantı var".

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan  SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ceyhun ABASOV

 





03.10.2018    çap et  çap et