525.Az

Ermənistan erkən seçkilərə gedir: Paşinyanın bu addımı hansı effekti verəcək?


 

"QARABAĞ KLANI" HAZIRKI BAŞ NAZİRİ DEVİRMƏK ÜÇÜN ÇEVRİLİŞ PLANI HAZIRLAYA BİLƏR, VƏTƏNDAŞ MÜHARİBƏSİ EHTİMALI İSTİSNA DEYİL"

Ermənistan erkən seçkilərə gedir: Paşinyanın bu addımı hansı effekti verəcək?<b style="color:red"></b>

"Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda mer seçkisində tərəfdarının mütləq qalibiyyətini təmin etdikdən sonra anladı ki, erkən parlament seçkisində də uğur qazana bilər. Paşinyan onu da anlayır ki, erkən seçkini may ayına saxlamaq olmaz. Çünki Paşinyanın ölkə daxilində reytinqi indi yüksəkdir, maya qədər hadisələr onun əleyhinə yönələ bilər. Ona görə də seçkini dekabrda keçirib parlamentdəki mövqelərini gücləndirib indikindən güclü baş nazir olmaq istəyir".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, poltioloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, buna baxmayaraq, müxalif qüvvələr də zəif deyillər: "Parlamentdəki Respublika Partiyası anlayır ki, erkən seçki onların sonunu gətirəcək, xalqdan dəstək ala bilməyəcəklər. Ona görə də isti yerlərini itirməmək üçün müqavimət göstərirlər. Belə olan halda Paşinyan inqilab vaxtı olduğu kimi, tərəfdarlarını küçəyə çağırdı ki, bu yolla qarşısındakılara təzyiqi artırsın. Paşinyanın küçədən başqa rerursu yoxdur. Böyük ehtimalla, küçə yenə parlament üzərində qələbə çalacaq və erkən seçki təyin ediləcək".

Paşinyanın durumunun ağır olduğunu deyən mərkəz sədri bildirib ki, bir tərəfdən müxalifətin təxribatlarıyla mübarizə aparır, digər tərəfdən qarşısında ondan narazı böyük Rusiya var, üstəgəl, Dağlıq Qarabağdakı erməni separatçılarına nəzarət etməlidir, üstəgəl, adminstrativ resursları da kifayət qədər deyil: "Ona görə də Ermənistanda hərbi çevrilişi istisna etmirəm".

E.Şahinoğlu xatırladıb ki, Robert Koçaryan və Serj Sarkisyan çevrilişi bir dəfə 1997-ci ildə sınaqdan keçiriblər, Levon Ter-Petrosyanı prezident kürsüsündən deviriblər: "Onlar bu ssenarini yenə təkrarlamaq həvəsinə düşə bilərlər. Onlar bu işə Paşinyandan narazı generalları da cəlb edə bilərlər. Ancaq Levon Ter-Petrosyandan fərqli olaraq, Nikol Paşinyan asanlıqla təslim olmayacaq, xalqı küçələrə səsləyəcək. Bu isə Ermənistanda vətəndaş qarşıdurmasını gücləndirəcək, hətta vətəndaş müharibəsi ehtimalını artıracaq".

"Biz yaxın aylara görə planlarımızı tutmalıyıq. Ermənistanda bütün ssenarilərə hazır olmalı və bundan öz məqsədlərimiz üçün istifadə etməyi bacarmalıyıq", - deyə politoloq bildirib.

Rusiyanın Suriyada sülhməramlı qüvvələr yerləşdirmək istədiyini deyən E.Şahinoğlu qeyd edib ki, Moskva bu məqsədlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlərlə danışıqlar aparır: "Kreml istəyir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (Rusiya, Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan) üzv olan dövlətlər gələcəkdə Suriyaya hərbçilərini göndərsinlər. Bu Moskvaya nə üçün lazımdır?"

Mərkəz sədri hesab edir ki, Suriyada terrorçularla mübarizədə uğurlar var: "Terrorçuların nəzarətindəki yeganə şəhər İdlibdir. Bu şəhər də terrorçulardan azad olunduqdan sonra Suriya ərazisinda sülhməramlı qüvvələrin yerləşdirilməsi vacib olacaq. Çünki terrorçular hələ bir müddət vətəndaşlara problemlər yaradacaqlar. Ona görə də Rusiyaya geniş koalisiya lazımdır. ABŞ İraq və Əfqanıstana müdaxilə zamanı oxşar koalisiyalar yaratmışdı. Məsələn, NATO-nun Əfqanıstandakı missiyasında onlarla dövlətin (Azərbaycan, Ermənistan, Qazaxıstan və s.) hərbçiləri var. Amerika bununla ona nail olur ki, terrorçularla mübarizədə müttəfiqlərinin olduğunu göstərir. Rusiya Amerikanın bu siyasətindən istifadə etmək istəyir. Yəni Rusiya göstərmək istəyir ki, Suriyada onu da dəstəkləyən dövlətlər var. Buna baxmayaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər Suriya məsələsində ehtiyatlı mövqe tutublar. Suriya ərazisində Şimali Qafqaz respublikalarından xeyli terrorçu var. Bu terrorçular keçmiş Rusiya vətəndaşlarıdır. Suriyada Özbəkistan və Qazaxıstan vətəndaşı olan terrorçular da var. Ancaq Özbəkistan və Qazaxıstan Suriyadakı terrorçularla mübarizə aparmaq üçün Rusiyaya dəstək vermirlər".

Politoloq bildirib ki, Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olsa da, balanslaşdırılmış xarici siyasət həyata keçirir: "Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ABŞ və Fars körfəzi ölkələri ilə yaxşı münasibətləri var. Bu ilin əvvəlində ABŞ prezidenti Donald Tramp Nursultan Nazarbayevi Vaşinqtona dəvət etmişdi. Prezidentlər Ağ Evdə görüşmüşdülər. Əgər Nazarbayev hərbçilərini Suriyaya göndərsə, ABŞ və Fars körfəzindəki ərəb ölkələri ilə münasibətləri gərginləşdirmiş olacaq. Çünki ABŞ və ərəb ölkələri Suriya prezidenti Bəşər Əsədi diktator sayırlar, onu tənqid edirlər. Qazaxıstan hərbçiləri Suriyaya göndərilsə, Rusiyanın komandanlığı altında Bəşər Əsədin mövqelərini gücləndirəcəklər. Bu isə o demək olacaq ki, Qazaxıstan Bəşər Əsədi müdafiə edir. Ona görə də Nazarbayev Rusiyanın istəyi ilə Suriyaya hərbçi göndərmək istəmir".

E.Şahinoğlu deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərindən yeganə Ermənistandır ki, bu ölkənin baş naziri Nikol Paşinyan Suriyaya humanitar missiya göndərməyə razılıq verib: "Nikol Paşinyanın bununla iki məqsədi var. Onun birinci məqsədi Rusiya ilə münasibətləri normallaşdırmaqdır. Paşinyanın siyasəti Kremli narahat edir, rusiyalı rəsmilər və diplomatlar onu tənqid edirlər. Çünki Paşinyan Ermənistanda Rusiyanın dostları sayılan siyasətçiləri həbs etmək istəyir. Paşinyan bunu etməsə, hakimiyyəti zəifləyəcək. Ancaq Paşinyan bunu edərkən Moskva ilə münasibətləri gərginləşdirir. Ona görə də Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə son görüşündə ona dedi ki, Suriyaya humanitar missiya göndərməyə hazırdır. Paşinyan bu yolla Rusiya ilə münasibətləri nisbətən normallaşdırmağa çalışır. Paşinyanın ikinci məqsədi isə Suriyadakı ermənilərə dəstək verməkdir. Suriyada ermənilər də yaşayır. Suriyadakı müharibə ermənilərin də vəziyyətini ağırlaşdırıb. Paşinyan Suriyaya humanitar missiya göndərməklə xaricdə yaşayan ermənilər arasında öz mövqeyini gücləndirməyə çalışır. Ancaq Paşinyan Ermənistanda parlament seçkisinə qədər xarici siyasətdə ciddi addım atmayacaq. Nikol Paşinyanın müxalifətlə başı dərddədir. O, ölkədə daxili sabitliyə nail olduqdan sonra xarici və təhlükəsizlik siyasətində dəyişiklik edə bilər".

Ceyhun ABASOV

 





04.10.2018    çap et  çap et