525.Az

Ermənistanda siyasi böhran: Paşinyan istəyinə nail ola biləcəkmi?


 

Ermənistanda siyasi böhran: <b style="color:red">Paşinyan istəyinə nail ola biləcəkmi?</b>

Ermənistanda yenidən siyasi böhran yaşanır. Baş nazir Nikol Paşinyanın erkən parlament seçkilərinin dekabr ayında  keçirməklə bağlı qərarı siyasi qüvvələri üz-üzə qoyub. Paşinyanın bu qərarı dəstəklənmir. Parlamentdə təmsil olunan digər fraksiyalar seçkilərin gələn ilin yaz-yay aylarında keçirilməsini təklif edirlər.

Paşinyan artıq bir müddətdir ki, erkən seçkilərlə bağlı məsələni digər siyasi güclərlə müzakirə edir.  Belə ki, o, Ermənistan parlamentinin sədri Ara Balayan və Respublika Partiyasının parlament qrupunun rəhbəri Vaqram Baqdasaryanla görüşərək məsələni müzakirə edib.

Amma Respublika Partiyası parlamentdə çoxluğa malik olmasından istifadə edərək növbədənkənar parlament seçkilərinin keçirilməsinin qarşısını almağa imkan verən qanun qəbul edib. Qanun layihəsi parlamentin baş naziri ikinci dəfə seçməsinə zərurət yaranacağı hallarda qanunvericilik orqanının buraxılmasının yolverilməz olduğunu nəzərdə tutur. Bundan sonra Paşinyan parlamentə ultimatum verib və qanunun geri çağırılmasını tələb edib. O, tərəfdarları ilə bir yerdə parlament binasını mühasirəyə alaraq, deputatların binanı tərk etməsinə mane olub. Paşinyan ölkədə "əks-inqilab" başladığını elan edib.

Hakimiyyətdə koalisiyaya daxil olan "Daşnaksütun" partiyası Paşinyanın parlamentə təzyiqinə etiraz edərək, hakimiyyətdəki bütün nazirləri və qubernatorlarını geri çağıracağını bildirib. Bu barədə partiyanın nümayəndəsi Arsen Ambarsumyan bəyanat yayıb. Bundan dərhal sonra Nikol Paşinyan qanun layihəsinin qəbulunda iştirak etmiş "Daşnaksütun" və "Çiçəklənən Ermənistan" partiyalarından olan nazirlərin istefaya göndərilməsi barədə qərar verib. O, mitinqdə hamının gözü qarşısında 6 nazirin istefası barədə əmr imzalayıb.

Maraqldır ki, Paşinyan parlamentin qarşısında keçirilən aksiyada çıxışı zamanı bəyan edib ki, əgər istefa versə, parlamentdə təmsil olunan partiyaların deputatları baş nazir postuna ondan başqa kiminsə namizədliyini irəli sürməyəcəklər və artıq bu barədə razılıq əldə olunub.

Paşinyan deyib ki, parlamentin spikeri və qanunverici orqandakı fraksiyaların  nümayəndələri ilə görüşündə ölkədə siyasi böhran olduğunu və bu böhranın aradan qaldırılmasının zəruriliyini vurğulayıb: "Bununla fraksiya təmsilçiləri razılaşdılar. Yaxın günlərdə mən baş nazir postundan istefa verməliyəm. Respublika, Daşnaksütyun, Tsarukyan fraksiyalarının vəziyyəti gərginləşdirməyəcəklərini gözləyirəm.

Onlar teorik olaraq öz namizədlərini irəli sürə və baş nazir seçə bilərlər. Ancaq başa düşməlidirlər ki, bu, yumşaq desək, mənfi bir reaksiyaya səbəb olacaq və  ağlabatan ssenari olmayacaqdır. Hesab edirəm ki, daha doğru olardı ki, mənim istefa tariximi göstərən bir sənəd imzalayaq və həmin müddət ərzində onlar öz namizədlərini irəli sürməsinlər, nəticədə dekabr ayında erkən seçkilər keçirilsin. Onlar xalqın mesajını qəbul edirlər, buna hörmətlə yanaşırlar və bütün üç fraksiya baş nazir postuna namizəd irəli sürməyəcəklərini qeyd etdilər".

Paşinyanın bu açıqlamasının ardından isə qeyd edilən siyasi qüvvələr tərəfindən təkziblər gəldi.  Ermənistan parlamentin vitse-spikeri, "Çiçəklənən Ermənistan"ın təmsilçisi Mikael Melkumyan bəyan etdi ki, bu partiya ilə Nikol Paşinyan arasında hər hansı razılaşma əldə edilməyib. O, baş nazir vəzifəsinə namizəd irəli sürülməməsi və dekabr ayında erkən seçkilər keçirilməsi barədə razılığa gəlindiyinə dair Paşinyanın bəyanatını təkzib edərək bildirib ki, yekun qərar və razılaşma yoxdur: "Biz hökumətin məlumatını dinlədik. Arqumentlər və əks arqumentlər var idi. Hökumət öz fikrində qaldı. Razılaşma yoxdur".

Onun sözlərinə görə, erkən seçkilər 2019-cu ilin may-iyun aylarında keçirilməlidir.

Ermənistan parlamentinin xarici əlaqələr üzrə komitəsinin rəhbəri, Respublika Partiyasının sədr müavini Armen Aşotyan isə hesab edir ki, Paşinyanın yaxın günlərdə istefa verəcəyi və dekabr ayında parlamet seçkilərinin keçiriləcəyinə dair qərarı əvvəlcədən planlaşdırılıb və spontan bir qərar deyil.

Aşotyanın sözlərinə görə, Paşinyan bu barədə Vaqram Baqdasaryanla görüşdən sonra da bildirib, dünənki qanun layihəsinin (növbədənkənar parlament seçkilərinin keçirilməsinin qarşısını almağa imkan verən qanun layihəsi) qəbul edilməsi onun öz siyasi proqramlarının həyata keçirilməsini sürətləndirmək üçün bir bəhanə idi.

Respublikaçı deputat əlavə edib ki, əgər problem baş nazirin və onun komandasının parlamentdə yerlərin 3/2-ni əldə etməkdirsə, bu, başqa məsələdir: "O, qərarını ölkədəki  iqtisadi, siyasi böhranın aradan qaldırılması ilə izah edir. Mənim üçün isə bir səbəb var - Nikol Paşinyan mümkün qədər tez parlamentdə yerlərin əksəriyyətinə sahib olmaq istəyir və bir narahatlıq, versiya da var, Allah eləməsin ki, bütün bunlar hansısa geosiyasi oyunlar çərçivəsində baş versin".

Paşinyanın seçkilərlə bağlı tələskənliyi daha çox parlamentdə mandatların əksəriyyətinə sahib olmaqdır. Çünki Paşinyan anlayır ki, parlamentdə çoxluq sabiq hakim partiyanın, respublikaçıların əlindədir, bundan da olduqca narahatdır. Digər tərəfdən, o, hakimiyyətdə olduğu müddətdə hər hansı ciddi nəticələrə nail ola bilməyib. Buna görə də Paşinyan getdikcə xalq arasında nüfuzunu itirə biləcəyindən qorxur, seçkilərin də tezləşdirilməsinin əsas səbəblərindən biri məhz budur.

PƏRVANƏ

 





04.10.2018    çap et  çap et