525.Az

Qubada radikal dini cərəyanlarla mübarizə ilə bağlı layihə çərçivəsində növbəti tədbir


 

Qubada radikal dini cərəyanlarla mübarizə ilə bağlı layihə çərçivəsində növbəti tədbir<b style="color:red"></b>

Azərbaycan Pedaqoji Universiteti (APİ) Quba filialında “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Tədbirdə APİ Quba filialının direktoru Əli Allahverdiyev, Quba Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşı Aynur Yəhyayeva, DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasıyev, “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin idarə heyətinin üzvi Rəşad Nəbiyev, filialın Elmi şura üzvləri, tələbə-gənclər təşkilatı üzvləri iştirak edib.

APİ Quba filialının direktoru Əli Allahverdiyev Azərbaycanda təkcə müsəlmanların deyil digər dinlərin də nümayəndələrinin sərbəst və azad şəkildə yaşadıqlarını qeyd edib. O bildirib ki, dövlətimiz, sinaqoq, kilsə və məscidlərin qorunub saxlanılması üçün tədbirlər həyata keçirir, onların normal fəaliyyət göstərmələri üçün şərait yaradır. Ölkədə mövcud olan həmrəyliyin tarixi köklərinə toxunan natiq bu günümüzdə də bu həmrəyliyin davam etdirilməsi üçün dövlətin atdığı addımları vurğulayıb.

Daha sonra məruzə ilə çıxış edən Quba RİH-nin əməkdaşı Aynur Yəhyayeva bildirib ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması ölkəmizdə dini sahədə normal mühitin mövcud olmasından xəbər verir. O bildirib ki, Azərbaycanda dini durumun sabitliyi, tolerantlıq mühiti dünya ölkələrinin bir çoxunun diqqətini çəkib.

Tədbirdə çıxış edən DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasıyev dini radikalizmin tarixindən, dini radikalizmə gətirən yollardan və onunla mübarizə üsullarından bəhs edərək diqqəti dini radikalizmin qurbanına çevrilmiş ölkələrdəki vəziyyətə çəkib. O, dini radikalizmin fəsadlarını nümunələrlə iştirakçılara çatdırıb.

“Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin idarə heyətinin üzvi Rəşad Nəbiyev tədbirdə çıxış edərək layihənin məqsədinə toxunub. O, bildirib ki, dini radikalizmlə mübarizə aparmaq ona görə vacibdir ki, gələcəkdə onun fəsadları bizə toxunmasın.

R.Nəbiyev vurğulayıb ki, “Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili” adlı tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatı dəstəyi ilə həyata keçirilir. R.Nəbiyev qeyd edib ki, Birliyin "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə elan etdiyi ikinci qrant müsabiqəsinin qalibi olub. Layihənin əsas məqsədi, dini radikalizmlə mübarizəyə, dini dəyərlərin təbliğinə dəstək vermək, dini radikalizm və ekstremizmin mahiyyəti və radikal dini cərəyanlar barədə cəmiyyətin müxtəlif təbəqələrindən olan insanları məlumatlandırmaqdır.

Tədbir dəyirmi stol arxasında müzakirələrlə davam etdirilib.

 





04.10.2018    çap et  çap et