525.Az

“Yaxşı ki, sonsuzdu xatirələrin...”


 

“Yaxşı ki, sonsuzdu xatirələrin...”<b style="color:red"></b>

Özəl duyğularını ifadə edə bilmənin ən gözəl yoludur sevgi şeirləri. Bəzən bir şairin yazdığı bir şeir və ya ikicə misra yüzlərlə insanın sevgisinin ifadəsinə çevrilir.

Belə şeirlərdən biri də Gülqədəm xanımın qələmindən çıxıb:

Sənli xatirələr aldı qoynuna,
Dolaşdıq səninlə sənli günləri.
Nə yaxşı taledən gün oğurlayıb,
Yazdıq ömrümüzə xatirələri.
Yenə yaddaşımı vərəqləyirəm,
Sənə qovuşmağın dadı nə şirin.
Səni həzin-həzin əzizləyirəm,
Yaxşı ki, sonsuzdu xatirələrin...

Beləcə "Həzin xatirələr" şeiri payızın sarı yarpaqlarının xışıltısına büküb aparır oxucunu… Şair bu qəbildən olan digər bir şeirdə - "Baxma belə"də yazır:

Gəl, yollara baxma belə,
Etibarın bilə-bilə.
Qırmadığım ümidimə
Axır bu gün göz yaşlarım.
Bağrım başın dəlir yenə,
Dözəmmirəm həsrətinə.
Damla-damla, gilə-gilə
Axır sənə göz yaşlarım.

Tanınmış türk şairi Cemal Süreyyanın bir fikri burada tam yerinə düşür. "Aşk, annesinden dayak yediği halde "Anne" diye ağlayan çocuktur". Bəlkə də buna görə insan ömrü boyunca ən çox ağrıdığı tərəfdən - sevgidən - sevməkdən uzaq dura bilmir. Uzağında və ya yaxınında olması fərq etmir, könlünün dolu olması sevən insana qarın toxluğundan daha vacib olur. Xüsusilə şairlərə və şair təbiətlilərə. Bu durumda sevgi poeziyadır. Sevgisiz - poeziyasız həyatda isə o, ölü dənizin suyuna atılmış balıq kimidir...

Azərbaycanın incəsənət xadimi, bəstəkar Tahir Əkbər, Fərid Kərimli, Fuad Hüseynov G.Mirzəzadənin şeirlərinə musiqi bəstələyiblər. Bir neçə şeirinin musiqisinin müəllifi isə Gülqədəm xanım özüdür. Bu da əsas verir ki, hamının bildiyi bir fikri yenidən xatırlayaq - yaradıcı adam hər sahədə bir az yaradıcıdır. Amma bu o demək deyil ki, bir nəfər hər sahədə uğur qazana bilər. Hər halda müəllif buna çalışıb. "Dostluq marşı", "Şəhid Elimdar Səfərov", "Payız leysanları" G.Mirzəzadənin həzin xatirələrindən keçən darıxmaların səsidir. "Vağzalı" şeiri:

Səslən ey vağzalı, sevgi nəğməsi,
Xalqımın illərdən süzülən səsi,
Sevən könüllərin xoş ahəstəsi…
Bəzəsin yolunu güllər, çiçəklər,
Bəxtini bəxtəvər yazsın mələklər!

- şairin ərə gedən qızlara cehiz payı,

"Yolunu gözləyirəm" şeiri:

Yolunu gözləyirəm hər günkü kimi
Gəlməyəcəyini bilə-bilə.
Içimdə bir ümid çırpınır
Bəlkə gələcək deyə...

- isə sınıq könüllərə təsəlli payıdır.

"Səmavi" Gülqədəm Mirzəzadənin ilk kitabıdır. İlk kitab əziz olduğu qədər də "qüsurlu" olur həmişə şairlərin nəzərində. Ümid edirəm ki, o da şeirlərinin üzərində daha çox işləyərək dolğun və dəyərli nümunələrlə oxucularının görüşünə yenidən gələcək. "Səmavi"nin Gülqədəm xanımın qarşısında daha geniş üfüqlər açması arzusuyla...

Adilə NƏZƏR
Filologiya üzrə fəlsəfə doktoru

 





04.10.2018    çap et  çap et