525.Az

Xalq yazıçısı Maqsud İbrahimbəyov anıldı - Fotolar


 

Xalq yazıçısı Maqsud İbrahimbəyov anıldı - <b style="color:red">Fotolar </b>

Oktyabrın 2-də Bakı Kitab Mərkəzində xalq yazıçısı, kinodramaturq Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib.

Tədbirdə görkəmli mədəniyyət xadimləri, ziyalılar, xalq yazıçısının doğmaları, dostları, onun istedadının pərəstişkarları və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Günel Anarqızı qonaqları salamlayaraq, Maqsud İbrahimbəyovun həyat və yaradıcılığı haqqında qısa məlumat verib. O qeyd edib ki, mərkəzin əsas məqsədlərindən biri də tanınmış incəsənət və ədəbiyyat xadimlərimizi, sənətkarlarımızı gənc nəslə daha yaxından tanıtmaqdır. Bugünkü görüş də bu məqsədlə görülən işlərdən biridir.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Maqsud İbrahimbəyovla xatirələrini bölüşüb, onun Azərbaycan ədəbiyyatındakı əvəzsiz yerindən söz açıb. O, yazıçının hər zaman vətəninə, millətinə ən sıx tellərlə bağlı olduğunu, onun mədəniyyətinin inkişafında yorulmadan çalışdığını vurğulayıb.

Daha sonra psixologiya üzrə fəlsəfə doktoru, professor Rəna İbrahimbəyova, yazıçı Leyla Bəyim Cəfərova və başqaları Maqsud İbrahimbəyov haqqında xatirələrini bölüşüb, onun hər bir əsərinin doğma torpağa və köklərə bağlı olduğunu vurğuladılar. Eyni zamanda, M. İbrahimbəyovun oxucuların qəlbinin ən incə tellərinə toxunmağı bacaran böyük söz ustası olduğunu qeyd ediblər.

Xatirə gecəsində yazıçının əsərlərindən parçalar oxunub, həyatının müxtəlif mərhələlərini əks etdirən fotoşəkillər nümayiş olunub.

Sonda yazıçının həyat yoldaşı Anna İbrahimbəyova çıxış edərək Bakı Kitab Mərkəzinin yaradılmasını alqışladığını bildirib, M.İbrahimbəyovun xatirəsinin ehtiramla anılmasına görə təşəkkürünü dilə gətirib.

Şahanə MÜŞFİQ

 





04.10.2018    çap et  çap et