525.Az

Deputatlar şikayətləndi: "Elə bilirlər ki, işləmirik..."


 

Deputatlar şikayətləndi: "Elə bilirlər ki, işləmirik..."<b style="color:red"></b>

"Milli Məclisdə istər plenar iclaslar, istərsə də komitə iclasları olsun, kifayət qədər açıq və şəffaf keçirilir. Mən hələ bu vaxta qədər hansısa deputatın sözünün kəsildiyinin şahidi olmamışam. Milli Məclisdə baş verənlər ölkə ictimaiyyətinə olduğu kimi təqdim olunmur. Parlamentdə istənilən deputat istədiyi problemi qaldıra bilir və hamı da bunu dinləyir, rəhbərlik də etiraz etmir".

Bunu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin dünən keçirilən iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan cəmiyyətinə doğru informasiya vermək lazımdır: "İstər sosial şəbəkələrdə, istərsə də ayrı-ayrı müəlliflərin yazılarında Milli Məclislə bağlı dolğun məlumatlar Azərbaycan cəmiyyətinə çatmır. Azərbaycan mediasının Milli Məclislə əlaqələri daha da möhkəmləndirməli və parlamentin nəyə qadir olduğu Azərbaycan cəmiyyətinə çatdırmalıdır".

Adıçəkilən komitənin sədr müavini Yevda Abramov isə deyib ki, bəzən onlar haqqında yanlış fikirlər formalaşır: "Jurnalistlər elə bilirlər ki, biz heç bir iş görmürük, ayda bir-iki dəfə plenar iclasa gəlməklə, işimizi yekunlaşdırırıq". Onun sözlərinə görə, əslində isə belə deyil: "Biz işimizi iki-üç dəfə iclasa toplaşmaqla bitirmirik. Komitəmizin yaz sessiyası ilə bağlı hesabatı da bir daha göstərir ki, biz nə qədər işlər görmüşük. Bizim fəaliyyətimiz görüntü xarakteri daşımayıb. Qoy bunu jurnalistlərimiz də bilsin. Təbii ki, mən heç zaman öz işimdən, fəaliyyətimdən razı qalmamışam. Hesab edirəm ki, daha çox işləməliyəm. Bəzən bura insanlar gəlir, deyirlər ki, Hadi Rəcəblinin yanına gəlmisiz, deyirlər ki, yox, o, yəhudi deputat var ey, onun yanına gəlmişik, onunla görüşmək istəyirik. Mən də çalışıram ki, iki-üç kəlmə xoş sözlər deyib, o insanların könlünü alım, probleminə kömək edim. Demək istəyirəm ki, bütün bunlara baxmayaraq, daha çox işləməliyəm. Amma biz komitə olaraq işləyirik, bu, göz önündədir".

Komitənin sədri Bahar Muradova deyib ki, yaz sessiyasında bu komitədən 506 məktub aidiyyatı qurumlara göndərilib: “Biz sənədlərin bir çoxunu aidiyyatı üzrə baxılması üçün təşkilatlara göndəririk. Həmin sənədlərə baxılır və vətəndaşlara məlumat verilir. Hansı sənəd üçün yazılı cavab istəyiriksə, onu da alırıq”. Komitə sədri, MM-in göndərdiyi sənədlərə baxılmaması ilə bağlı iddialara da münasibət bildirib: "Deyirlər ki,  guya Milli Məclisdən göndərilən sənədlər cavablandırılmır. Qətiyyən belə deyil. Biz hansı sənədə cavab istəyiriksə, ona uyğun da cavablar alırıq. Məsələn, göndərdiyimiz 506 məktubdan 93-ü nəzarətə götürülüb. Onların da 81-nə yazılı cavab alınıb. Bütün bu məsələlər müsbət həll olunur. Ümumilikdə isə 506 sənəddən 270-nə baxılıb".

Kamil HƏMZƏOĞLU

 





04.10.2018    çap et  çap et