525.Az

Uşaqlarla bağlı qanun layihəsi ikinci oxunuşa tövsiyə edildi


 

ELMAN NƏSİROV: "BELƏ BİR KONSEPSİYAYA CİDDİ EHTİYAC VAR"

Uşaqlarla bağlı qanun layihəsi ikinci oxunuşa tövsiyə edildi<b style="color:red"></b>

Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin dünən keçirilən iclasında "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsi (ikinci oxunuşda) müzakirəyə çıxarılıb.

Qanun layihəsi MM-ə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

Sənədlə Azərbaycanda uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri müəyyənləşib. Parlament layihəni qəbul edərsə, 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək, çünki bu qanun tam işlək hala gətiriləcək. 

YAP-çı deputat: "Uşaqların informasiya təhlükəsizliyi konsepsiyası olmalıdır"

Qanun layihəsi ilə bağlı müzakirələr zamanı YAP-çı millət vəkili Elman Nəsirov deyib ki, uşaqların informasiya təhlükəsizliyi konsepsiyası hazırlanmalıdır: "Dünya informasiya əsridir, burada təhlükəli tendensiyalar var, həm də uşaqlar bizim gələcəyimizdir, ona görə belə bir konsepsiyaya ciddi ehtiyac var". O qeyd edib ki, uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı qanunla yanaşı, müvafiq konsepsiyanın da qəbuluna ehtiyac duyulur: "Eyni zamanda, bəzən valideynlər uşaqlarının yanında deyirlər ki, bu yay Antalyaya və ya digər yerlərə istirahətə gedəcəyik. Uşaqlar da bunu eşidir, dərhal telefon, internet resursları vasitəsilə bir-biriləri ilə paylaşırlar. Amma nəticə etibarı ilə bunu özü də təhlükəlidir, çünki bundan başqa məqsədlər üçün istifadə edənlər də tapılır. Ona görə də bu məsələlərə ciddi nəzarət lazımdır..." 

Sona Əliyeva-Süleymanova: "Kompüter oyunları qumara gətirib çıxarır" 

Millət vəkili Sona Əliyeva-Süleymanova isə bildirib ki, kompüter oyunları uşaqlarda asılılıq yaradır.

Onun sözlərinə görə, kompüter oyunları həm uşaqları həyəcanlandırır, həm onların səhhətinə ziyan vurur, həm onlarda aludəçilik, asılılıq yaradır və nəticə etibarı ilə onları qumara sürükləyir: "Bizdə qumar oyunları qadağan edilib. Amma kompüter oyunları sonuc etibarı ilə uşaqlarda həm asılılıq yaradır, həm də onlardan potensial qumar oyunları istifadəçisi formalaşdırır. Ona görə bu məsələlərə ciddi nəzarət lazımdır. Bəzən valideynlər məsuliyyətsizlik edirlər, bu məsələlərə nəzarət etmirlər, amma sonda həm övladları, həm də özləri ziyan, əzab-əziyyət çəkirlər".

Millət vəkili internet, kompüter asılılığının bəzən intiharlara da gətirib çıxardığını deyib: "Bu il, yay aylarında bir neçə intihar hadisəsi baş verdi. Xüsusilə də, gənclər, yeniyetmələr arasında. Bunlar isə hər birimizin yaraladı, ürəyimizi parçaladı. Amma sonradan məlum oldu ki, həmin intihar edən gənclərdən biri internet, kompüter aludəçisi olub, ondan asılı vəziyyətə düşüb və sonda da belə bir hərəkətə əl atıb. Odur ki, bu məsələrə nəzarət lazımdır, valideynlər, məktəblər bu məsələdə ciddi və diqqətli olmalıdırlar". 

Tahir Kərimli: "Etika komissiyası yaradılsın"

Komitə üzvü Tahir Kərimli öz növbəsində qanun layihəsinin qəbulunun vacibliyini dilə gətirib. Eyni zamanda, bildirib ki, parlamentdə Etika komissiyası yaradılsın: "Bu, çox vacib məsələdir. Həmçinin, məmurlarla bağlı belə bir komissiyaya ehtiyac var".

Müzakirələrdən sonar qanun layihəsi ikinci oxunuşda plenar iclasa tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

 





04.10.2018    çap et  çap et