525.Az

"Qərb ölkələri Azərbaycanla hərbi əməkdaşlıq siyasətini yenidən nəzərdən keçirmək istəyir"


 

"AZƏRBAYCAN FRANSA İLƏ HƏRBİ-TEXNİKİ SAHƏDƏ ƏLAQƏLƏRİNİ GENİŞLƏNDİRMƏYƏ HAZIRLAŞIR"

"Qərb ölkələri Azərbaycanla hərbi əməkdaşlıq siyasətini yenidən nəzərdən keçirmək istəyir"<b style="color:red"></b>

"Fransa Gürcüstana hava hücumundan qorunmaq üçün "Mistral Atlas" hərbi avadanlığını satıb. Bununla bağlı müqavilə 3 il əvvəl 2015-ci ildə imzalanmışdı. Gürcüstan hərbi avadanlığa görə, Fransaya 100 milyon avro ödəyib. Bu pulu da Gürcüstan Fransanın "Societe General" bankından kredit götürüb".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Mistral zenit raket kompleksi dünyada ən yaxşılarından sayılır: "Həmin raketlərin Gürcüstanda sınağını Fransanın bu ölkədəki səfiri Paskal Menye də müşahidə edib. O deyib ki, Fransa Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyindən gürcü ordusunun güclənməsində Tbilisiyə dəstək verəcəklər. Səfir onu da bildirib ki, Fransanın havadan müdafiə qüvvələri Gürcüstanın hava sahəsində istənilən təhlükədən qoruyacaq.

Politoloq qeyd edib ki, Fransa ilə yanaşı, ABŞ da Gürcüstanla hərbi əməkdaşlığını davam etdirir: "ABŞ Gürcüstanda köhnə helikopterləri modernləşdirəcək. Bu haqda Gürcüstanın baş naziri Mamuka Baxtadze məlumat verib".

2008-ci ildə Gürcüstan-Rusiya müharibəsindən sonra Qərb ölkələrinin qeyri-rəsmi Gürcüstana silah satmadıqlarını deyən mərkəz sədri bildirib ki, ancaq bir neçə ildən sonra Qərb ölkələri Gürcüstana tətbiq etdikləri embarqonu yumşaltdılar: "Rusiyanın Krımı ilhaqından sonra Qərb ölkələri Gürcüstana embarqodan imtina etdilər. Qərb ölkələri Gürcüstana hərbi dəstək verməklə Rusiyanın bölgədəki siyasətini məhdudlaşdırmağa çalışırlar".

"Fransa Azərbaycana da silah satacaqmı?", - deyə sual edən E.Şahinoğlu qeyd edib ki, ABŞ və Avropa ölkələri Dağlıq Qarabağ münaqişəsinə görə, Azərbaycana silah satmırlar: "Ancaq bu siyasətin effekti yoxdur. Çünki Azərbaycan ona lazım olan silahı Rusiya, İsrail, Türkiyə, Ukrayna, Belarus və digər dövlətlərdən alır. Beləliklə, Azərbaycanla əməkdaşlıqdan bu ölkələrin hərbi şirkətləri qazanc əldə edirlər. Ona görə də Qərb ölkələri Azərbaycanla hərbi əməkdaşlıq siyasətini yenidən nəzərdən keçirmək istəyir".

Politoloq hesab edir ki, Fransa Azərbaycana silah satacaq ilk Avropa ölkəsi ola bilər: "Bakıda keçirilən "ADEX-2018" Beynəlxalq Müdafiə Sərgisində Fransa şirkətləri də iştirak edirdi. Fransanı təmsil edən "Naval Group" şirkəti hərbi-dəniz müdafiəsi sahəsində Avropada liderdir. Şirkət əsasən sualtı qayıqları və gəmiləri layihələndirir və inşa edir. Fransanın sərgidəki digər iştirakçısı isə "Thales" şirkəti idi. Şirkət sərgidə hava hərəkətinin idarəolunması, hava müşahidə sistemləri, zirehli maşınlar, təlim və simulyasiya üzrə məhsul və xidmətlərini təqdim edirdi. Azərbaycan Fransa ilə hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyə hazırlaşır. İlkin olaraq Azərbaycan Fransa ilə müştərək əsasda hərbi patrul gəmiləri istehsal etməyi nəzərdə tutur".

Fransa prezidenti Emmanuel Makronun bir neçə gündən sonra Azərbaycana rəsmi səfər edəcəyini xatırladan politoloqun sözlərinə görə, mümkündür ki, bu səfər zamanı iki ölkə arasında hərbi əməkdaşlıqla bağlı da saziş imzalansın.

Ceyhun ABASOV

 





05.10.2018    çap et  çap et