525.Az

Ermənipərəst Zatulinin Azərbaycana qarşı qərəzli fikirləri etirazla qarşılandı


 

HESAB OLUNUR Kİ, ERMƏNİ LOBBİSİNDƏN SİFARİŞLƏR ALAN DUMA ÜZVÜ AQRESSİV BƏYANATLAR VERƏRƏK, BAKI-MOSKVA STRATEJİ TƏRƏFDAŞLIQ MÜNASİBƏTLƏRİNƏ XƏLƏL YETİRMƏYƏ ÇALIŞIR

Ermənipərəst Zatulinin Azərbaycana qarşı qərəzli fikirləri etirazla qarşılandı<b style="color:red"></b>

Rusiya Dövlət Dumasının MDB ölkələri, avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər ictimai-siyasi dairələrdə kəskin qınaq və etirazla qarşılanıb.

Azərbaycan qonşu ölkə parlamentinin postsovet ölkələri ilə əlaqələr üzrə müvafiq vəzifə sahibinin atdığı bu tip addımların onun vəzifə səlahiyyətləri ilə ziddiyyət təşkil etdiyi qənaətindədir. Hesab olunur ki, sözügedən şəxs tərəfindən səsləndirilən antiazərbaycan xarakterli, aqressiv bəyanatlar Bakı ilə Moskva arasında mövcud olan sıx əlaqələrə, strateji tərəfdaşlıq münasibətlərinə xələl yetirmək, tarixin qorunub saxlanılan və genişləndirilən münasibətlərin inkişafına zərbə vurmaq məqsədi daşıyır.

Milli Məclisin dünən keçirilən iclasında bu məsələ deputatlar tərəfindən ciddi müzakirəyə çıxarılıb. Parlament üzvləri də məsələyə sərt şəkildə öz mövqelərini ortaya qoyub, K.Zatulinə qarşı iradlarını bildirib, onun səsləndirdiyi fikirlərə, ittihamlarına cavab veriblər.

Dağlıq Qarabağdakı erməni separatçılarının keçirdiyi qondarma “parlament seçkiləri” zamanı qanunsuz olaraq Dağlıq Qarabağa səfər edən və buna görə Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısına daxil edilən K.Zatulin bu və digər şəkildə ermənipərəst mövqeyini dəfələrlə nümayiş etdirib.

Erməni lobbisi ilə yaxınlığı ilə seçilən bu şəxs guya Dağlıq Qarabağda müharibənin başlamasının Azərbaycanın dağılması ilə nəticələnə biləcəyini deməklə 2016-cı ilin Aprel döyüşləri, daha sonra bu il may ayında əldə olunan Günnüt zəfərindən sonra Ermənistan ictimaiyyətində yaranan ruh düşkünlüyünü mümkün qədər aradan qaldırmağa, ermənilərdə orduya inam hissini qaytarmağa çalışır.

Bildirilib ki, Azərbaycanın apardığı siyasətin sənədlərdən fərqli olduğunu iddia edən, dövlətimizə qarşı böhtan yağdıran K.Zatulin və onun kimilər bu çirkin fəaliyyətlərini erməni lobbisinin sifarişi və təlimatı əsasında həyata keçirirlər. Bu xüsusda rusiyalı parlamentarinin Gürcüstanın Acarıstan Muxtar Xilayətinin mərkəzi şəhəri Batumidə anadan olması, orada ermənilərin kompakt yaşadığı ərazidə böyüməsi, onlarla uşaqlıq illərdinən yaxınlıq əlaqələri qurması ermənipərəst olmasında əsas təsiredici amillərdən biridir.

Milli Məclisin deputatı Cingiz Qənizadənin fikrincə, bu, K.Zatulinin ermənilərə bağlılığını sübut edən tutarlı faktdır: “MDB ilə iş komitəsinin rəhbərliyində olan şəxsin belə bir mövqeyi qəbulolunmazdır. Təbii ki, biz onun fikirlərini Rusiyanın mövqeyi kimi qəbul edə bilmərik. Zatulin iddia edib ki, əgər Dağlıq Qarabağda müharibə başlasa, bu, Azərbaycanın dağılması ilə nəticələnə bilər. Daha sonra iddia edir ki, Azərbaycanın siyasəti sənədlərdən fərqli olaraq başqa cürdür. O, bir həmkarımızın özünəməxsus fikirlərini əsas götürüb bunu Azərbaycan dövlətinin siyasəti kimi təqdim etməyə çalışıb. Təbii ki, biz bunu qətiyyətlə pisləyirik”.

Məsələylə bağlı deputat Aydın Mirzəzadə isə “525”ə bildirib ki, Zatulinin bəyanatı siyasi provokasiyadır: “Bu təxribatın arxasında mütləq şəkildə Ermənistan dayanır. Çünki bu gün Ermənistan işğalçı dövlət olması faktını bütün dünya ictimaiyyətinin diqqətindən gizlətməyə çalışır. Zatulin guya Ermənistanda yenilənmələrin olması, onların sülh istəməsi, Azərbaycanın isə müharibəyə hazırlaşması barəsində fikir formalaşdırmaq istəyir. Həmçinin, o, Azərbaycanın gözünü qorxutmağa çalışır. Bu baxımdan Zatulinin fikirləri bir tərəfdən siyasi provokasiyadır, digər tərəfdən Ermənistanın Azərbaycanın hərbi potensialından qorxduğunu göstərir”.

A.Mirzəzadə vurğulayıb ki, Ermənistan Zatulin kimiləri qabağa verməklə beynəlxalq ictimaiyyətdə, o cümlədən, Rusiya cəmiyyətində müəyyən bir rəy formalaşdırmağa çalışır: “Ancaq real vəziyyəti Zatulinlər müəyyənləşdirə bilməz”.

K.Zatulin səsləndirdiyi qərəzli bəyanatda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin də adını çəkib, onun parlamentdə keçirilən iclasların birində Rusiyaya qarşı səsləndirdiyi fikirləri rəsmi Bakının mövqeyi kimi qələmə verib. Halbuki iqtidar nümayəndəsi olmayan Q.Həsənquliyev daha öncə çıxışın təhrif olunduğunu, fərqli şəkildə təqdim edildiyini bildirmişdi.

Məsələ ilə bağlı deputat “BayMedia”ya açıqlamasında bildirib ki, bəziləri Zatulinə Azərbaycana qarşı hücum etmək imkanı yaradıb, o da digər ermənipərəstlər kimi bundan faydalanıb: “Çox böyük ehtimalla, mənim parlamentdəki çıxışım məqsədyönlü təhrif olunmuşdu ki, Rusiyadakı müəyyən qüvvələrə ötürülsün. Əvvəla Zatulindən fərqli olaraq, mən Azərbaycanın Rusiya ilə yaxınlaşmasını istəyirəm. Hətta Qarabağın azadlığı qarşılığında Azərbaycanın Rusiyanın liderliyi ilə yaradılan regional ittifaqlara qoşulmasının mümkünlüyünü də dəfələrlə vurğulamışam. Bir şərtlə ki, Rusiya Qarabağ probleminin həllində ədalətli mövqe tutsun və imkan versin ki, biz öz torpaqlarımızı işğaldan azad edək. Mənim müdaxiləmdən sonra təhrif aradan qaldırıldı. Zatulin bunu bilməmiş deyildi. Mən Zatulindən fərqli olaraq iqtidarı təmsil etmirəm, Azərbaycan hökuməti də heç vaxt Rusiya müxalifətinin təmsilçilərinin çıxışlarına rəsmi reaksiya verməyib. Bu da onu göstərir ki, ona sadəcə bəhanə lazım imiş. Zatulin əslində, həm də Bakıda mənə qarşı təxribat edən əlaltılarına dəstək vermək üçün Azərbaycana hücum edib. Milli Məclisdə mən deməmişdim ki, Rusiya bizim torpaqları işğal edib, demişdim ki, işğalçının arxasında Rusiya dayanır. Bu isə sübuta ehtiyacı olmayan aksiomadır. Onu da vurğulamışdım ki, bəzi adamlar məqsədyönlü gərginlik yaradıb bizi müharibəyə sürükləyir, lakin bu zaman biz Ermənistan-Rusiya cütlüyü ilə üz-üzə qala bilərik. Qoy Zatulin desin ki, mən səhv edirəm və Rusiya Çeçenistanda öz ərazi bütövlüyünü bərpa etdiyi kimi, Azərbaycan da güc tətbiq etməklə ərazi bütövlüyünü bərpa edə bilər”.

Ceyhun ABASOV

 





06.10.2018    çap et  çap et