525.Az

“Azərbaycan hakimiyyəti və cəmiyyətinin Nazarbayevə simpatiyası var”


 

“İRƏVANDA YAXŞI ANLAYIRLAR Kİ, QARABAĞDA MÜHARİBƏ BAŞLASA, KTMT-də ERMƏNİSTANIN SÖZDƏ MÜTTƏFİQİ SAYILAN ASTANA HEÇ BİR HALDA BAKIYA QARŞI SİYASƏT YÜRÜTMƏYƏCƏK”

“Azərbaycan hakimiyyəti və cəmiyyətinin Nazarbayevə simpatiyası var”<b style="color:red"></b>

“Nursultan Nazarbayev SSRİ illərindən Qazaxıstanın rəhbəridir. Onun siyasəti balanslıdır. Qazaxıstan prezidentinin siyasəti həm ölkə daxilində, həm də ölkə xaricində müsbət qarşılanır. Nursultan Nazarbayev həm Rusiyanın strateji müttəfiqidir, həm də Qərblə yaxşı münasibətləri var. Qazaxıstan Rusiya ilə strateji münasibətləri davam etdirmək məcburiyyətindədir. Çünki Qazaxıstanda rusların sayı çoxdur. Ona görə də Astana Moskva ilə dostluq münasibətlərinə üstünlük verir. Ancaq bu o demək deyil ki, Nazarbayev Mosvanın bütün istək və tələblərini yerinə yetirir”.

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, N.Nazarbayev son illər milli maraqlara uyğun siyasətini gücləndirib: “Qazaxıstanda latın əlifbası tətbiq edilib, kitablar və bədii əsərlər qazax dilinə tərcümə edilir. Qazax dilinin inkişafı üçün yeni layihələr reallaşdırılır. Bundan başqa, əvvəllər rusların çox yaşadığı şəhərlərdə qazaxların sayı artırılır. Bu da Qazaxıstanın təbii haqqıdır”.

ABŞ-ın da Qazaxıstanla əlaqələrə əhəmiyyət verdiyini deyən E.Şahinoğlu xatırladıb ki, Birləşmiş Ştatların prezidenti Donald Tramp ilin əvvəlində Nursultan Nazarbayevi Ağ Evə dəvət edib: “Vaşinqtonda iki ölkə arasındakı münasibətləri inkişaf etdirmək üçün sazişlər imzalanıb. Nazarbayevin müxtəlif dövlətlərlə qurduğu sıx münasibətlər üçüncü dövlətlərə qarşı yönəlməyib. Bu faktor həm Rusiyanı, həm ABŞ-ı, həm Avropanı, həm də ərəb dünyasını razı salır. Ancaq Nazarbayev yaşlaşıb və o, varisi haqqında düşünmək məcburiyyətindədir”.

Mərkəz sədri qeyd edib ki, N.Nazarbayevin gələcək varisin kimliyi Qazaxıstanla sıx münasibətləri olan bütün dövlətləri maraqlandırır: “Nazarbayev elə bir varis seçməlidir ki, yeni prezident onun siyasətini davam etdirsin. Bu məqsədlə Nazarbayev son illər hakimiyyətdə xeyli yerdəyişmələr edib, gəncləri irəli çəkib. Qazaxıstanda müxalifət zəifdir. Ona görə də Qazaxıstanda gələcək prezident Nazarbayevin müəyyənləşdirəcəyi siyasətçi olacaq”.

Politoloq bildirib ki, Qazaxıstanda prezidentliyə bir neçə namizəd var: “Bunlardan biri Parlament Senatının sədri Kasım Jomart Tokayev və prezidentin qızı Dariqa Nazarbayevadır. Nazarbayev kimə üstünlük verdiyini büruzə vermir. Bunun səbəbi var. Nazarbayev öz namizədini vaxtından əvvəl bildirsə, bu, hakimiyyət daxilində gərəksiz mübarizənin və qruplaşmaların yaranmasına səbəb olacaq. Bu isə daxildə və xaricdə son dərəcə ehtiyatlı siyasət yürüdən Qazaxıstan hakimiyyəti üçün ciddi problemlər yarada bilər”.

Qazaxıstanda prezident seçkisinin 2020-ci ildə keçiriləcəyini deyən E.Şahinoğlunun sözlərinə görə, ona görə Nursultan Nazarbayevə düşünmək üçün hələ 2 il vaxt var.

Politoloq bildirib ki, Qazaxıstanda kimin prezident olması Azərbaycan üçün də vacibdir: “Azərbaycan hakimiyyətinin və cəmiyyətinin Nursultan Nazarbayevə simpatiyası var. Çünki Nazarbayev Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyir. Təsadüfi deyil ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına qoşularkən Nazarbayev demişdi ki, Qarabağ mallarının ümumi bazara buraxılmasının əleyhinədir. İrəvanda yaxşı anlayırlar ki, Qarabağda müharibə başlasa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın sözdə müttəfiqi sayılan Astana heç bir halda Azərbaycana qarşı siyasət yürütməyəcək, Ermənistana hərbi dəstək verməyəcək. Nazarbayev Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığını da genişləndirir. Ona görə də Azərbaycan Qazaxıstanın gələcək prezidentinin Nazarbayevin siyasi kursunu davam etdirməsini istəyir”.

Ceyhun ABASOV

 





06.10.2018    çap et  çap et