525.Az

“Bu gün gərək hər anımız Vətən! – desin!”


 

III “Məmməd Araz Poeziya günü”nün Neftçalada düzənlənən növbəti tədbirinin devizi belə idi

“Bu gün gərək hər anımız Vətən! – desin!”<b style="color:red"></b>

Neftçala rayon mərkəzi kitabxanasının həyətində məktəblilər qonaqları gül-çiçəklə qarşıladılar.

Şairin qızı, tanınmış yazarlar onlarla görüşə gəlmişdi. Hədsiz maraq məktəblilərin gözlərindən açıq-aşkar oxunurdu. Ruhən ərş-əlada idilər. Rayonda yaşayan şair Zabil Pərviz isə tədbir zamanı öz çıxışında “Məmməd Araz şeirlərini göyün yeddinci qatında yazan az-az şairlərdəndir” fikrini səsləndirəcəkdi.

4 oktyabrda– şairin doğum gününə on gün qalmış Neftçala rayon Mərkəzi kitabxanasında III “Məmməd Araz Poeziya günü” və şairin 85-illik yubileyi münasibətilə keçirilən “Azərbaycan–dünyam mənim” adlı ədəbi gecə ənənəvi olaraq unudulmaz ustad sənətkarın lentə alınmış öz ifasında səslənən şeiri ilə başladı.

Foyedə şairin kitablarından, hikmətli söz, aforizm səciyyəli misralarından ibarət sərgi təşkil olunmuşdu.

Bu dəfə təklif yerdən gəlmişdi, – “Məmməd Araz Poeziya günü”nün Neftçala rayonunda da keçirilməsi təşəbbüsünü mərkəzi kitabxana irəli sürmüşdü və qonaqları – millət vəkili, yazıçı Aqil Abbası, “Ədalət” qəzetinin baş redaktoru, Əməkdar jurnalist İradə Tuncayı, “Ədəbiyyat qəzeti”nin Baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turanı, ADPU-nun elmi işçisi Mehriban Sərdarovanı, “Məmməd Araz Poeziya günü” layihəsinin rəhbəri Qardaşxan Əzizxanlını salamlayan mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Gülnarə Qasımovanın, “Metodika və biblioqrafiya” şöbəsinin müdiri Bədirə Niftaliyevanın, tədbirin aparıcısı MKS Dördlər kənd kitabxanasının müdiri Mehriban Əbilovanın bu mənada həyəcanlı olması başa düşülən idi.

Tədbirdə rayonun bir çox məktəbi təmsil olunurdu; Muğan liseyi, Surra kənd məktəbi, şəhər 1, 4... saylı orta məktəblər, Bankə qəsəbəsi 1 saylı orta məktəbi. Çıxış edən məktəblilər– Şahnaz Əskərzadə, Sonaxanım Nağızadə, Çinarə Nağıyeva, Miranə Babayeva, Elvin Gözəlov, Jalə Bayramova, Nərgiz Əliyeva, Əlimirismayıl Hüseynzadə, Fatimə Kərimova, həmçinin Neftçala səhər Bələdiyyəsinın əməkdaşı Jalə Sərdarzadə Məmməd Arazın məşhur şeirlərindən “Bu da belə bir ömürdü yaşadım”, “Ata millət, ana  millət,  ağlama”, “Qaytar  məni”, “Dünya sənin, dünya mənim, dünya heç kimin”, “Göy göl”, “Dünya gözəl dünyadı”, “Ayağa  dur , Azərbaycan”, “Azərbaycan-dünyam mənim”, “Vəsiyyət” şeirlərini ifa etdilər.

Yaşlı nəsildən AYB üzvləri “Xəzər nəğmələri” ədəbi birliyinin rəhbəri Soltan Abbas,  20 Yanvar əlili İmamverdi Zeynalov, həmçinin Əməkdar müəllim, rayon “Təhsil” muzeyinin yaradıcısı Tədbir Mahmudov M.Arazla bağlı xatirələrini söylədilər. Gənc şair Elnur Uğur, dil-ədəbiyyat müəllimi Etibar Əbilov M.Araz poeziyasına heyranlığını bildirdilər.

A.Abbas, A.Turan, İ.Tuncay, M.Sərdarova və Q.Əzizxanlının çıxışlarının məzmununu isə bütövlükdə unudulmaz şairin bu misraları çox yaxşı ümumiləşdirdi:

Bu gün gərək
Hər anımız Vətən! – desin!
Qılıncımız, qalxanımız
Vətən! – desin
Ölənlərin əvəzinə
Qalanımız Vətən! – desin.
Vətən! – desin
Qəlbimizin hər duyğusu,
hər vurğusu
Vətən! – desin.
Fərqi yoxdur, harda olaq,
Zamanımız, məkanımız
Vətən! – desin...

Tədbirin sonunda məktəblilər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsəkkürnamələri ilə təltif olundular.

 





06.10.2018    çap et  çap et