525.Az

İspaniyanın məşhur opera müğənnisi Monserrat Kabalye vəfat etdi


 

İspaniyanın məşhur opera müğənnisi Monserrat Kabalye vəfat etdi<b style="color:red"></b>

İspaniyanın məşhur opera müğənnisi Monserrat Kabalye şənbə günü səhər saatlarında Barselona xəstəxanasında vəfat edib.

AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müğənninin dəfn mərasimi oktyabrın 8-nə təyin olunub. Kabalye sentyabr ayında sidik yolunda yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilmişdi.

Monserrat Kabalye 1933-cü il aprelin 12-də Barselonada anadan olub. Yerli Liseo teatrının nəzdində fəaliyyət göstərən konservatoriyada təhsil alıb.1956-cı ildə Bazel operasında çıxış edib. 1965-ci ildə Amerika müğənnisi Merlin Hornun xəstələnməsi səbəbindən Qaetano Donisettinin Lukresiya Borcia partiyasında onu əvəzləməklə dünyada məşhurluq qazanıb. Kabalyenin triumfu o qədər möhtəşəm alınıb ki, tamaşaçılar onu 20 dəqiqə alqışlayıblar.

1965-ci ildə Nyu-Yorkun “Metropoliten-opera” truppasında, 1970-ci ildə Milanın “La Skala” və 1972-ci ildə Londonun “Kovent-Qarden” teatrlarında debüt edib. Müğənninin repertuarında ümumilikdə 125-dən çox opera partiyaları var idi. O, bir neçə Grammy mükafatına layiq görülmüşdü.

2015-ci ilin dekabrında Barselona şəhər məhkəməsinin qərarı ilə vergidən yayınmaqda ittiham olunan Monserrat Kabalye 6 ay həbs cəzasına və 254 min avro cəriməyə məhkum edilmişdi.

 





06.10.2018    çap et  çap et