525.Az

"İkimiz də pencək havasında doğulmuşuq..." - Xuraman Hüseynzadənin şeirləri


 

"İkimiz də pencək havasında doğulmuşuq..." - <b style="color:red">Xuraman Hüseynzadənin şeirləri</b>

Sarışın payız

qara buludlarla yaşmaqlandı günəş
yorğun göylərin
təri səpələndi yerə...

etibarsız quşlar
günəşi axtarmağa getdi

qayğısız sərçələrin
səsi qarışdı
yağışın səsinə...

sarışın payız
yenə küçədə dilənən uşağı
yırtıq ayaqqabılarından tanıdı...

Pencək havası

ağır aysan, - deyirlər,
may ayı!
Düşər, düşməzin olar...
Günəş elə gözəl gülümsəyər səndə
elə gözəl çiçəklər açar...
təbiət səsləyər adamı
qərar tutmarıq evdə
amma
ağır aysan, - deyirlər,
düşər, düşməzin olar...

Adamlar sevinmək istəmir
ağlamağı sevir adamlar
bir də kədəri
göz yaşını
qışın şaxtasını
yayın qızmarını
rənglərin qarasını...

Sevgilim səndə doğulub
özüm oktyabrda
o, üzü yaya gedərək böyüyüb
mən qışa...
Ortaq sevgimiz var onunla
bir də ilıq
günəşimiz

ikimiz də pencək havasında doğulmuşuq...

“Kağız kəpənəklər”

həmin gün
qara-qara buludlarla naxışlanırdı
göy üzünün yaxası

külək
yağan qarı
duz kimi çevirirdi Bakının başına...
Metro qarşısında limon satan qadının
yırtıq ayaqqabılarından ayağına dolurdu qar
açıq qapıdan evə girən oğru kimi...
Üzünün, əllərinin qırışlarına toxunurdu əvvəlcə,
sonra ürəyinin sarı siminə.
Ayaqları donan qadının
ürəyi yanğın yeriydi.

Qar yağırdı həmin gün...
İşıqpulu, qazpulu borclarımızın yazıldığı kağızları
külək
qapıya sancıldığı yerdən çıxarıb
uçurdurdu havada
kəpənək kimi...
“Kağız kəpənəklər”
qar dənələrinə qarışırdı...
Qəzada yaralanıb sarğı otağından çıxmış
adamlara bənzəyirdi
gövdəsi, budaqları qarla sarılmış çılpaq ağaclar...
Təkcə uşaqlar sevinirdi qışa
soyuğu almadan veclərinə
çıxardırdılar qarın dadını
şaxtayla əlbəyaxa olmuş qadına heyrətlə baxaraq...

İsti evlərinə tələsən adamların
xəbəri yox idi ancaq
soyuqdan betər
limonların işığı üşüdür
metro qarşısında
müştəri səsləyən qadını...

Təkliyin qonağı

qaçıb bu boz şəhərdən
atıb soyuq küçəni
yazırsan yenə təklik
qonaq çağırıb səni

görən olmayıb yenə
hansı yolla getmisən
hansı ürəkdən keçib
hansı gözdən itmisən

orda yola verirsən
zamanı - ayı, ili
yenə də tənha qa lıb
gözlərinin sahili

yediyin öz içindi
içdiyin də göz yaşın
yazırsan ki göyərir
öz içində başdaşın

bir də içki, siqaret -
təkliyin süfrəsi bol
təklik udacaq səni
deyəmmirəm: yaxşı yol

oralar elə uzaq -
yazanda yaz bunu da
kaş nə vaxtsa təkliyin
özü səni unuda...

Ağ sap

İlk dəfə
qara köynəyinin düyməsinin
ağ sapla tikilməyindən bildim
evinin
qadın əllərindən ötrü darıxdığını...
sonra mənə hədiyyə etdiyin kitabların tozu

saralmış vərəqlərdəki tənhalıq qoxusu
anlatdı həyatını...

ürəyim sənindi
bilirəm
saçlarım
gözlərim
ruhum...
amma daha çox əllərim sənin olsun istəyirəm...

saçını tumarlayar
üstünü örtər yatarkən
xörək hazırlayar
süfrə bəzəyər sənə
əllərim...
bir də
qara köynəyinə
qara,
ağ köynəyinə ağ sapla tikər düymələri...

Ehtiras

pəncərəm günah iş görür
külək gəlir otağıma
tumarlayır jalüzləri

heç belə görməmişdim mən
ehtiraslı gecələri
üzüyola gündüzləri

sevgi yatır pəncərəmdə -
gecə düşəndə yumulur
güllərin ləçək gözləri

açır günəş düyməsini -
göyün yaxasında qalır
buludların əl izləri...
Hərdən xətrimə dəy...

əllərimi sevirsən
incəliyi xoşuna gəlir
bu dəqiqə baxışların
oğrun-oğrun üstünü örtmür deyə
elə soyuqdur əllərim
bir bilsən...

gözlərimi sevirsən
isti sözlərinin içərisində
ürəyimi əridən
bir də
“ceyran gözlüm” deməyindi
ceyranın gözlərini
bir az da yaxından görməni istərdim
kədərli olanda da
bənzəyərmi gözlərimə

saçlarıma
zakiranə
təriflər deyirsən
bəlkə qısaldam
ahım yerdə qalsın qoy...

hərdən xətrimə dəy
küsməyi öyrənim
ara ver təriflərə
özümdən
bezməyi öyrənim
bunun yaşlaşmağı
qocalmağı var
təriflərin təsəlliyə dönməsin
sonra...

Bəs sən necə sevirsən?

sən məni
mən səni sevən kimi yox
başqa cür sevdin...
Amma sevdin, bilirəm...

Elə ki yadıma düşürsən
dərdlərimi unuduram
harasa tələsəndə
açarı, telefonu evdə unutduğum kimi...

Adamlar gəzir şəhərdə
tək-tək, iki-iki, üç-üç, bir az da çox...
Təklər bu zaman tənha olur
sanki kimsəsiz olur...
Çoxlar dərya olur, dəniz olur.
İkilərin, üçlərin
və daha çoxların arasında
gözlərim gəzir səni
Yerə dağılan
mirvari boyunbağının dənələrini
gəzən kimi...
Mən səni belə sevirəm,
bəs sən necə sevirsən?

Qağayılar gölə gəlməz
dənizə gəlməz ördəklər...
Hərənin öz vətəni var
mənim vətənim sənin gözlərindi
özümü axtardığım,
özümü gəzdiyim gözlərin
baxıb, baxıb
özümdən bezdiyim gözlərin
hər yerdə səni görmək istəyirəm
qoy qərib desinlər,
didərgin desinlər, eybi yox...
Mən səni belə sevirəm
bəs sən necə sevirsən?

Əllərin

hər dəfə
əllərin toxunduqca yanaqlarıma
sildikcə göz yaşımı
utandım onlara əzab verməkdən

təbəssümün düşməni kədər imiş -
gündüzdən qorxan
yarasa kimi gizlənər o
gülümsəsən
günəş doğsa qəlbində...

gülə bilsən
silahın qəhqəhələr olsa
əliyalın düşmən kimi geri çəkilər
kədər

gülüşüm gözlərimə qayıtdı
qaranquş öz yuvasına qayıdan kimi
əllərin unutsun göz yaşımı
sərçələr
qaranquş yuvasını unudan kimi...

 





08.10.2018    çap et  çap et