525.Az

Hamsunun sonu - Tomas Bernhardın 6 essesi Seyfəddin Hüseynlinin tərcüməsində


 

Hamsunun sonu - <b style="color:red">Tomas Bernhardın 6 essesi Seyfəddin Hüseynlinin tərcüməsində</b>

Böyük Avstriya yazıçısı, görkəmli nasir və dramaturq Tomas Bernhard (1931-1989) XX yüzilin ən böyük ədəbi simalarından biri hesab edilir.

Romanları, pyesləri, esseləri yazıçıya böyük şöhrət qazandırıb.

Bir çox nüfuzlu ədəbi mükafata layiq görülmüş T.Bernhardın yaradıcılığı Azərbaycan dilinə az çevrilib.    

(miniatür-esselər) 

Seyfəddin Hüseynlinin tərcüməsində

HAMSUNUN SONU 

Oslo ətrafında hardasa 60 yaşlarında bir kişi ilə tanış olduq; o, bizə Hamsunun vaxtilə qaldığı, ömrünün son ili barədəki yazılarından tanıdığımız Qocalar evi haqqında da bəzi şeylər danışdı; böyük Norveç yazıçısının Qocalar evində keçirdiyi aylar məhz bu adamın orada çalışdığı müddətə düşübmüş.

Oslo ətrafındakı, bir neçə dəfə gecələdiyimiz otelin restoranında, hər cümə olduğu kimi, o axşam yenə hədsiz səs-küy vardı deyə, bu adam öz susqunluğu ilə çox tez diqqətimizi çəkdi. Onun yığcam masasına yanaşıb oturduq, tanışlıq verəndə dedi ki, bir vaxtlar fəlsəfə üzrə təhsil alıb, başqa yerlərdən əlavə, dörd il də Göttingendə oxuyub. Biz isə, onu norveçli gəmi kapitanı zənn etdiyimiz üçün, dəniz gəmiçiliyi haqqında nələrsə eşitmək niyyətilə gəlib yanında oturmuşduq; fəlsəfəçilikdən bezdiyimizə görə Mərkəzi Avropadan qaçıb özümüzü şimala vermişdik.

Ancaq bu adam fəlsəfə bazarı açmadı, təhsilini birdən-birə yarımçıq qoymağından, ömrünün 27 ilini Qocalar evində xidmətə həsr etməyindən danışdı. Qərarından peşman görünmürdü. Elə ilk xidmət günündəcə qocalardan birini üsulluca çarpayıdan qaldırmış, altını sahmanladıqdan sonra yenidən yatağına uzandırmışdı. Həmin qoca... Hamsun imiş.

Bizim bu yeni tanışımız neçə ay boyunca gah Hamsunu Qocalar evinin arxasındakı geniş bağçada gəzintiyə çıxarıb, gah da gedib kənddən ona karandaşlar alıb; Hamsun özünün son əsərini elə həmin karandaşlarla yazıbmış.

Hamsunun meyitini ilk görən də məhz bu adam olub. Təbii ki, meyitin üzünü mələfə ilə örtəndə də o, Hamsunun əslində, kim olduğundan xəbərsizmiş. 

QAYIDIŞ 

Əgər yerli mətbuat əslən elə oralardan olan, dünya şöhrəti, hətta ümumbəşəri ehtiram qazanmış  görkəmli bir sənətkardan yazırsa, onun “bəlli bir təmayülə mənsub” olması mütləq vurğulanır; bununla da ona öz doğma yurdunda çox böyük zərbə vurulmuş olur; əgər həmin sənətkar haqqında gerçək düşüncələrini, yəni məlum məmləkətdə doğulduğu,xüsusən də özləri mühüm bir iş görə bilməyən bu adamlarla eyni nəslə mənsub olduğu üçün ona nifrət etdiklərini, ömrünün axırına qədər - həm də öz həyatlarının sonunadək də nifrət duyacaqlarını açıq yazsaydılar, yəqin, bir elə ağır gəlməzdi.

O, sənət, elm naminə günlərin bir günü buralardan gedib, həmin vaxtdan da hər zaman yorulmaz yaradıcı fəaliyyətilə özünün böyüklüyünü, yerlilərinin isə cılızlığını ortaya qoyub; məhz bunu ona bağışlamırlar. Yerlilərinin nəzərində o, rəzilin, nankorun biridir və buradakı mətbuatın ondan söz açmasının yalnız bu səbəbi var: artıq başqa cür mümkün deyil, indi bütün dünyada ondan yazırlar... Ancaq öz məmləkətində onunla bağlı nə yazsalar da, ömürlük çıxdaş saydıqları üçün mütləq çirkaba bulaşdırırlar. Heç fərqinə də varmırlar ki, bununla özləri daha artıq çirkaba bələnirlər.

Bir dostum belələrinin həsədindən, nifrətindən Avstraliyaya, Nyukasla pənah aparmış, orada bütün varlığını elmə həsr etmişdi. Uzun illərdən sonra bir gün mənə xəbər elədi ki, bəs yurd həsrətinə tabı qalmayıb artıq, Nyukasldan vətənə dönmək fikrindədir. Qayıdış fikrindən daşındırmaq üçün yubanmadan ona teleqram vurdum, doğma yurdunun əslində, cəhənnəmin dibi kimi bir yer olduğunu, orada insan ruhunun aramsız iftiralar atəşinə məruz qaldığını, sənətin, elmin məhvə məhkum edildiyini, geri dönməklə öz ölümünə qol çəkmiş olacağını bildirdim.

O, mənim məsləhətimə baxmadı. İndi isə ölümcül xəstədir: “Ştaynhof” dəlixanası, artıq neçə ildir ki, onun dəhşətli mövcudluq məkanına çevrilib.  

SƏS TƏQLİDÇİSİ    

Dünən axşam Cərrahlar Cəmiyyətinin dəvətilə Pallaviçini Sarayındakı çıxışından sonra Səs Təqlidçisi bizə qonaq gəlməyə, qapısı hər zaman sənət adamlarının üzünə açıq olan Kalenberqdəki evimizdə öz ustalığını bir daha sərgiləməyə razılıq verdi. Əlbəttə ki, xüsusi qonorar müqabilində.

Biz ondan - İngiltərədə, Oksfordda doğulmuş, ancaq Landshutda oxumuş, əvvəllər Berxtesqadendə silah sənayesində çalışmış Səs Təqlidçisindən rica etdik ki, Cərrahlar Cəmiyyətindəki proqramını Kalenberqdə təkrarlamasın, bizim üçün nəsə tam fərqli bir çıxış hazırlasın; yəni əslində, Pallaviçini Sarayındakı proqramına da heyran olmuşuq, amma mümkünsə bu dəfə tamam başqa səsləri yamsılasın. Söz verdi ki, belə də olacaq. 

Doğrudan da, o, Kalenberqdə bizim üçün yaxından-uzaqdan eşidib-bildiyimiz xeyli fərqli səsləri təqlid elədi. Hətta bir neçə sifarişimiz oldu, onları da həvəslə səsləndirdi. Lap axırda ondan öz səsini də yamsılamasını istədik, amma təqlidçi cavab verdi ki, mümkün deyil: heç cür alınmır.   

ŞÜBHƏ 

Məşhur Kizbühel şəhərciyində bir fransızı polis saxlamışdı; “İkibaşlı qartal” otelinin xidmətçisi olan cavan qadın həmin fransızın onu zorlamaq istədiyini, hadisənin “gecənin yarısı nömrəyə sifariş olunan “üçqat konyak”ı ünvana çatdıranda baş verdiyini” bildiribmiş. Fransız isə, qəzetlərin yazdığına görə, polisə verdiyi ifadədə bu ittihamı qətiyyətlə rədd edib, “alçaq və səviyyəsiz alplı iftirası” adlandırmışdı.

Məlum olur ki, fransız Parisdəki nüfuzlu Sorbonna Universitetində germanistika üzrə professordur, Kizbühelə güc-qüvvət yığmağa gəlib; son iki ildən artıq müddətdə Nitsşenin “Zərdüşt belə deyirdi...” əsərini çevirdiyi üçün çox zəifləyibmiş. Paris iqlimini qəfil əvəzləyən Kizbühel havası fransıza heç düşməmişdi - təbii haldır; Fransadan Tirola tezbazar səyahətdən dərhal sonra, elə Kizbühelə gələn kimi tutulduğu kəskin qrip isə onu büsbütün taqətdən salıb çarpayıya yıxmışdı, həm də uzun müddətə.

Polis fransızın həmin gecə xidmətçini tovlayacaq, hələ üstəlik, zorlayacaq halda olmadığını şəksiz inandırıcı sayıb, cəmi bir neçə saatdan sonra onu sərbəst buraxmış, professor otelə qayıtmışdı.

“Rüsvayçı əmələ görə” xidmətçini dərhal “İkibaşlı qartal”dan qovmuşdular; şəklini qəzetdə, “Kizbühelli iftiraçı” sərlövhəsi altında görəndə isə qadın özünü İnn çayına atmışdı.

Cəsədi hələ də tapılmayıb...  

PİZA VƏ VENESİYA

Pizanın meri ilə onun venesiyalı həmkarı sözü bir yerə qoyurlar ki, uzun illərdən bəri bu iki şəhərə eyni dərəcədə heyranlıq duyan qonaqları indi nəsə lap gözlənilməz hadisə ilə çaşdırsınlar; odur ki, Piza Qülləsini Venesiyaya, Kampanilanı (Müqəddəs Mark Kilsəsi - tərc.) da Venesiyadan Pizaya gizlincə köçürməyə qərar verirlər.

Amma planı gizli saxlamaq cəhdləri alınmır, elə Piza Qülləsini Venesiyaya, oradakı Kampanilanı da Pizaya köçürmək istədikləri gecə onların ikisini də tutub dəlixanaya göndərirlər; təbii ki, Piza merini Piza dəlixanasına, həmkarını isə Venesiyadakı dəlixanaya.

İnsafən, İtaliya hakimiyyəti bu işi son dərəcə məxfi şəraitdə yoluna qoymuşdu.  

ƏKS ƏLAQƏ

Heyvanat parklarından zəhləm gedir, o cür yerlərə gedənlərə də həmişə şübhəli şəxslər kimi baxmışam. Ancaq bir dəfə teologiya professoru olan dostumla “Şönbrunn parkı”nı gəzməyə razılıq verdim; yenə də onun israrından sonra, meymunlar saxlanan qəfəsin yanında dayanıb onları seyr etməli oldum; professor oradakı meymunlara yemək verirdi, bundan ötrü xüsusi tədarük görmüşdü. Az sonra teologiya professorunun, yəni keçmiş tələbə yoldaşımın, məni “Şönbrunn”a gəlməyə razı salan dostumun əlində meymunlara veriləsi bir şey qalmadı. Bu zaman meymunlar qəfəsə səpələnmiş yeməkləri götürüb, barmaqlıqlar arasından bizə uzatmağa başladılar. Meymunların bu gözlənilməz davranışı məni də, teologiya professorunu da elə qorxutdu ki, yaxındakı qapıya tərəf götürülüb “Şönbrunn”dan çıxdıq.

Tomas BERNHARD
Tərcümə: Seyfəddin HÜSEYNLİ

 





08.10.2018    çap et  çap et