525.Az

Əziz müəllimimiz...


 

Əziz müəllimimiz...<b style="color:red"></b>

Düz bir il öncə - 2017-ci il oktyabrın 9-da Pərvin xanımın doğum günündə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında onun "Səhnə" adlı kitabının təqdimatına yığışmışdıq.

Öz doğum günündə də yaradıcılq fəaliyyəti ilə məşğul olan bu xanımın uğurları sadəcə bununla bitmir. O, Gənclər və İdman Nazirliyinin "İlin gənci", Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə", Ədəbiyyat fondunun Rəsul Rza adına Beynəlxalq mükafatlarının laureatıdir. 2014-cü ildə Azərbaycan Prezidentin sərəncamı ilə Gənclər üçün Prezident mükafatına layiq görülüb. Filiologiya üzrə fəlsəfə doktorudur. Azərbaycanda və Türkiyədə nəşr olunmuş "Qar yağacaq", "Balerin", Xalq yazıçısı Anarın yaradıcılığından bəhs edən "Anar dünyası", "Qadın olmaq", "Sevdim səni" adlı kitabların müəllifidir. Azərbaycan və türk dillərində nəşr olunmuş "Sevdim səni" adlı kitabında müəllifin ən müxtəlif sevgi şeirləri haqqında yazdığı esse-təəssüratlar yer alır. O, həm də bir sıra uşaq pyeslərinin müəllifidir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında onun "Qoğalın sərgüzəştləri", "Dəcəl keçi", "Mauqli" pyeslərinə quruluş verilib. Bunlar mənim Pərvin xanımın yaradıcılığı ilə bağlı xatırladığım bilgilərin yalnız bir hissəsidir.

Pərvin xanımla ilk tanışlığım isə 2013-cü ilin sentyabr ayında Azərbaycan Dövlət Pedaqoji Universitetində baş verib. Auditoriyaya daxil olanda hər kəsin diqqəti ona yönəlmişdi. Xarici görünüşü, səs tonu, danışıq tərzi başqalarından seçilirdi. Bu savadlı, dünyagörüşlü müəllimi daha da yaxından tanımaq istəyirdik. Bu günə qədər gördüyümüz, tanıdığımız başqa müəllimlərin çoxundan fərqli idi. Dərs bitdikdən sonra biz tələbələr onunla bağlı öz düşüncələrimizi bölüşürdük. Bir dərs müddətində hamımızda dərin təəssürat yarada bilmişdi. Beləcə, biz onun dərslərini səbirsizliklə gözləyir, hər dediyinə əməl etməyə çalışırdıq. Bütün tələbələrə diqqət və qayğı ilə yanaşması qısa zaman ərzində onu bizə sevdirmişdi. Ədəbiyyatı bütün ruhumuzla hiss etdirirdi bizə. Kitab oxumağa həvəsi olmayan, öz şəxsi fikrini deməyə utanan, çəkinən hər bir tələbə onun sayəsində ədəbiyyatı sevən, özünü inkişaf etdirən gənclərə çevrilirdi. O, bizə klassik dərs metodunu unutdurmuşdu. Onun dərsləri müzakirə və mübahisələr formasında keçirdi. Hər dərs mütləq bir əsər, kitab müzakirə olurdu. Onun timsalında bizim üçün əsl müəllim, psixoloq, ədəbiyyatçı obrazı yaranmışdı. Bir baxışdan, sözün deyiliş tərzindən, tələbənin duruşundan, üz ifadəsindən əslində, onun nə demək istədiyini, nə düşündüyünü anlayırdı. Səbrli idi. Bəzən hansısa gözəl bir əsər haqqında səslənən qeyri-dəqiq, yarımçıq, şablon fikirləri belə sona qədər dinləyirdi. Hamı özünü ona bənzətməyə - onun kimi danışmağa, onun kimi özünə inamlı olmağa çalışırdı. Qızlar arasında xarici görünüşcə ona bənzəməyə çalışanlar da vardı.

Bizim sevimli müəllimizlə ünsiyyətimiz təkcə dərs saatları çərçivəsində məhdudlaşmırdı. Az qala, biz tələbələr hamılıqla Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən "Ədəbiyyatın dostları" klubunun könüllü üzvləri idik. "Ədəbiyyatın dostları" klubunun üzvləri kimi biz tələbələr Pərvin xanımın təşəbbüsü ilə Yazıçılar Birliyinin "Natəvan" klubunda keçirilən bir çox təqdimatlarda, şair və yazıçılarla görüşlərdə iştirak etmək imkanı qazanır, eyni zamanda müxtəlif muzeylərə, tamaşalara, ev muzeylərinə gedirdik. Bütün bunlar biz tələbələrin dünyagörüşünə ciddi mənada müsbət təsir göstərirdi. Azərbaycan Milli Dram, Gənc Tamaşaçılar və "Yuğ" teatrlarında səhnələşdirilmiş müxtəlif tamaşalarda iştirak isə teatrı biz tələbələrə daha çox sevdirdi. Xalq yazıçısı Anar, Xalq şairi Fikrət Qoca, şair Fikrət Sadıq ilə keçirilən tədbirlər unudulmaz idi. Bu tədbirlərin əsas aparıcı kütləsi tələbələr idi. Burada müxtəlif əsərlərin müzakirəsi, yazıçı və şairlərə ünvanlanan suallar və sualların ətraflı şəkildə cavablandırılması böyük maraqla qarşılanırdı. Bu tədbirlərlə bağlı təəssüratları biz tələbələr heç vaxt unutmayacağıq. "Ədəbiyyatın dostları" klubu ədəbiyyata elə bir sevgi, maraq yaratmışdı ki, dərslərin çoxluğu, imtahanlar, havanın soyuq, yağışlı olması bizim bu klubun bir parçasına çevrilməmizə mane ola bilmirdi. 

Bəli, o, özünü hər kəsə sevdirməyi bacarırdı. Bu tədbirlər haqqında eşidib ora qatılmaq üçün müraciət edən başqa insanlara da sevgi və qayğı ilə yanaşırdı. Pərvin müəllim hər bir tələbənin yaddaşında öz maraqlı, xoş, qeyri-adi aurası ilə qalmışdı. Bunu isə ancaq o, bacarırdı - qəlb qırmadan, heç kəsi incitmədən, işini sevərək, doğru bildiyinə əmin olaraq...

Düşünürəm ki, biz - onun tələbələri olduqca şanslıyıq. Çünki qarşımızda bizə örnək olan, həmişə yol gostərən, dəstək verən bir MÜƏLLİM tanıyırıq. Biz onu çox sevirik.

Doğum gününüz mübarək, əziz müəllimimız! 

NİGAR



 





08.10.2018    çap et  çap et