525.Az

Siyasi meydanda təklənən Paşinyanın küçə təhdidi


 

Siyasi meydanda təklənən Paşinyanın küçə təhdidi <b style="color:red"></b>

Ermənistanda qeyri-stabil siyasi vəziyyət davam edir. Ölkə sözün əsl mənasında dərin böhran keçirir. Şübhəsiz ki, mövcud siyasi durum digər sahələrə, xüsusilə, iqtisadi sferaya da təsirsiz ötüşmür.

Ermənistanın iqtisadiyyatı onsuz da çökmüşdü, ölkədə ağır sosial vəziyyət hökm sürürdü. Hazırda isə iqtisadiyyat demək olar ki, məhv olmuş durumdadır, əhalinin sosial vəziyyəti isə pisləşməkdə davam edir. Heç bir resursa malik olmayan ölkənin vəziyyətini qonşu dövlətlərə, o cümlədən, Azərbaycana, Türkiyəyə qarşı apardığı düşmənçilik siyasəti, ərazi iddiaları daha da ağırlaşdırıb. Bununla da, Ermənistan iqtisadi blokada şəraitində yaşamağa məhkum olub, regiondakı bütün mühüm beynəlxalq layihələrdən kənarda qalıb. Görünən odur ki, işğalçı ölkənin durumu yaxın aylarda daha da ağırlaşacaq. Buna əsas verən səbəblər çoxdur. Birincisi, baş nazir Nikol Paşinyan hakimiyyətdə olduğu beş ay ərzində daxili və xarici siyasət məsələlərində müsbətə doğru heç bir addım ata bilməyib, ölkədə iqtisadi inkişaf, əhalinin sosial rifah halının yaxşılaşmasına yönəlik hər hansı islahatı olmayıb. Sadəcə korrupsiya ilə mübarizə görüntüsü yaradıb ki, bunun də hələ heç bir nəticəsi yoxdur. İkincisi, Paşinyan Dağlıq Qarabağ münaqişəsinə dair verdiyi ziddiyyətli açıqlamaları ilə mövqelərini saxlamağa çalışıb ki, bu məsələdə də çox uzağa gedə bilməyəcəyinin fərqindədir.

Ermənistanda yeni siyasi böhran dalğası Paşinyanın dekabr ayında erkən seçki keçirmək təklifi ilə başlayıb. Hətta vəziyyət o yerə çatıb ki, Paşinyan son hadisələrə əksinqilabın hücumu kimi qiymət verib. Onun sözlərinə görə, əks inqilaba hücuma keçilirsə, deməli, bu, xalqa olan hücumdur. Və fürsəti əldən verməyərək ötən həftə xalqı yenidən küçələrə çağırdı. Bununla da sanki bir təhdid mexanizmini işə saldı. Yəni hələ ki, xalq onun sözü ilə küçələrə axın edir və əgər siyasi qüvvələrdən təzyq görəcəksə, parlamentdə onun maraqlarına uyğun olmayan hər hansı qərar layihəsi qəbul ediləcəksə, küçə vasitəsindən istifadə imkanları tükənməyib.

Məlumat üçün bildirək ki, Ermənistan parlamentinin reqlament haqqında qanunun 50-ci maddəsinə etdiyi düzəlişə görə, baş nazir istefa verdikdən sonra onun yerinə qısa müddət ərzində yeni namizəd irəli sürülə bilər. Maraqlısı budur ki, qeyd edilən dəyişikliklər müxalifətdə olan Respublika partiyası ilə yanaşı, Paşinyanla bir koalisiyada olan  "Çiçəklənən Ermənistan" və Daşnakstyun partiyaları tərəfindən də dəstəkləndi. Bu isə Paşinyana zərbə oldu. O anladı ki, parlamentdə tezliklə çoxluğu ələ almalıdır. Əks halda postu ilə vidalaşmalı olacaq. Parlamentdəki siyasi güclər isə erkən seçkilərin gələn ilin may ayında keçirilməsini istəyirlər. Hələ ki, Yerevanda qarışıq durum hökm sürür və proseslər istənilən an məcrasını dəyişə bilər.

Bu arada Ermənistan parlamentinin respublikaçı vitse-spikeri Eduard Şarmazanov Paşinyan hakimiyyətini tənqid edib. Onun sözlərinə görə, hazırkı hakimiyyət təmtəraqlı şüarlar və selfilərdən başqa heç nə etməyib: "Ermənistanın baş naziri Nikol Paşinyanın əməkhaqqı və pensiyaların artırılmasının zəruriliyi barədə bəyanatı - bu bəyanatla müxalif olarkən də çıxış edirdi - populizmdən başqa bir şey deyil".

Xatırladaq ki, Ermənistanın 2019-cu il dövlət büdcəsi layihəsində iqtisadi artım 4,9 faiz səviyyəsində planlaşdırılır, halbuki 2017-ci ildə bu göstərici 7 faizi ötürdü. Həmçinin, əməkhaqqı və pensiyaların artırılması gözlənilmir.

Ermənistandakı vəziyyətin ağırlığı Rusiyada da etiraf edilir. Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib ki, siyasi vəziyyətin qeyri-stabil olaraq qalır, vəziyyət izlənilir, bununla belə, Rusiya ilə Ermənistan arasında əməkdaşlıq davam edir.

Erməni hüquq müdafiəçisi Seyran Martirosyan hesab edir ki, inqilabın və siyasi proseslərin məntiqi erkən seçkilərin Ermənistanda keçirilməsini nəzərdə tutur. Ən doğru variant bu təklifin Ermənistan parlamenti tərəfindən gəlməsi olardı.  Onun sözlərinə görə, əgər Respublika Partiyası vəziyyəti düzgün təhlil etmək iqtidarındadırsa, vəziyyətə nəzarət edirsə, növbəti parlamentə düşəcəklərinə dair zəmanət ala bilərlər: "Amma düşünürəm ki, baş verən cəhdlər kliniki ölümü gecikdirir, hardan diqtə edildiyi məlumdur, diqtə edənlər arasında kimlərin olduğu da məlumdur".

Digər hüquq müdafiəçisi Artur Sakunts isə düşünür ki, erkən parlament seçkilərinin dekabr ayında keçirilməsinin bir sıra səbəbləri var: "Bunun üçün bəzi mühüm amili sadalamaq olar. Bir çox korrupsiya xarakterli cinayətlərin açılmasına istiqamətlənmiş cinayət işlərinin aparılması olduqca ciddi maneələrlə üzləşməli olur".  Hüquq müdafiəçisinin sözlərinə görə, parlamentdə əksəriyyət tərəfindən qanunvericilikdə dəyişikliklərin edilməsinin dəstəklənməsində məqsəd erkən seçkilərin təxirə salınmasıdır: "Çünki onlar il ərzində baş nazirə etimadsızlıq ifadə etmək hüququna malik deyillər. Onlar baş nazirə bir il tamamında, gələn ilin may ayında etimadsızlıq göstərə bilərlər, bu proses başlamaq üçün də həmçinin. Çox da təəccüblü deyil ki, bu, "gecikmədən" ifadəsi konstitusiyaya Serj Sarkisyanın himayəsi altında təqdim olunub ki, hər hansı bir vəziyyətdə dərhal fəaliyyətə keçilsin. Demokratik dövlətdə əslində, buna ehtiyac yoxdur. Ancaq müharibə şəraitində, xarici təhdidlər zamanı dərhal hərəkətə keçilir. Ölkə daxilində baş verən hadisələr zamanı bu, fövqəladə bir vəziyyət hesab edilir".

PƏRVANƏ

 





09.10.2018    çap et  çap et