525.Az

Zatulin işğal siyasətini müdafiə etdiyi üçün sərt tənqid olundu


 

"ERMƏNİSTAN BU CÜR ADAMLARDAN DƏSTƏK ALMAQLA TƏCAVÜZKARLIQ SİYASƏTİNƏ BƏRAƏT QAZANDIRMAĞA ÇALIŞIR"

Zatulin işğal siyasətini müdafiə etdiyi üçün sərt tənqid olundu<b style="color:red"></b>

Xəbər verdiymiz kimi, Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər ictimai-siyasi dairələrdə kəskin qınaq və etirazla qarşılanıb.

Azərbaycan Duma üzvünün atdığı bu tip addımların onun vəzifə səlahiyyətləri ilə ziddiyyət təşkil etdiyi qənaətindədir. Hesab olunur ki, sözügedən şəxs tərəfindən səsləndirilən antiazərbaycan xarakterli, aqressiv bəyanatlar Bakı ilə Moskva arasında mövcud olan sıx əlaqələrə, strateji tərəfdaşlıq münasibətlərinə xələl yetirmək, tarixən qorunub-saxlanılan və genişləndirilən münasibətlərin inkişafına zərbə vurmaq məqsədi daşıyır.

Təsadüfi deyil ki, Milli Məclisin iclasında bu məsələ deputatlar tərəfindən ciddi müzakirəyə çıxarılıb, parlament üzvləri Zatulinə qarşı sərt şəkildə öz mövqelərini ortaya qoyub, ermənipərəst Duma üzvünə qarşı iradlarını bildirib, onun səsləndirdiyi fikirlərə, ittihamlarına cavab veriblər.

Dağlıq Qarabağdakı erməni separatçılarının keçirdiyi qondarma "parlament seçkiləri" zamanı qanunsuz olaraq Dağlıq Qarabağa səfər edən və buna görə Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısına daxil edilən K.Zatulin bu və digər şəkildə ermənipərəst mövqeyini dəfələrlə nümayiş etdirib.

Erməni lobbisi ilə yaxınlığı ilə seçilən bu şəxs guya Dağlıq Qarabağda müharibənin başlamasının Azərbaycanın dağılması ilə nəticələnə biləcəyini deməklə 2016-cı ilin Aprel döyüşləri, daha sonra bu il may ayında əldə olunan Günnüt zəfərindən sonra Ermənistan ictimaiyyətində yaranan ruh düşkünlüyünü mümkün qədər aradan qaldırmağa, ermənilərdə orduya inam hissini qaytarmağa çalışır. Həmçinin, Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin birinci müavini verdiyi məlum bəyanatla Ermənistanın illərdir Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə bəraət qazandırır, təcavüzkarlığı dəstəklədiyini nümayiş etdirir.

Bildirilib ki, Azərbaycanın apardığı siyasətin sənədlərdən fərqli olduğunu iddia edən, dövlətimizə qarşı böhtan yağdıran K.Zatulin və onun kimilər bu, çirkin fəaliyyətlərini erməni lobbisinin sifarişi və təlimatı əsasında həyata keçirirlər. Bu xüsusda rusiyalı parlamentarinin Gürcüstanın Acarıstan Muxtar Xilayətinin mərkəzi şəhəri Batumidə anadan olması, orada ermənilərin kompakt yaşadığı ərazidə böyüməsi, onlarla uşaqlıq illərindən yaxınlıq əlaqələri qurması ermənipərəst olmasında əsas təsiredici amillərdən biridir.

Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, K.Zatulinin Azərbaycanla bağlı qərəzli fikirləri onun Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etməsindən narahat olduğunu göstərir. O, "Trend"ə bildirib ki, K.Zatulinin Ermənistan və erməni lobbi dairələrinin əlində bir alət olduğu hər kəsə məlumdur: "Görünür, Azərbaycanla Rusiya arasında son dövrlərdə əlaqələrin inkişafı, dövlət başçılarının qarşılıqlı səfərləri və bu səfərlər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair imzalanan sənədlər həm erməniləri, həm də Zatulini ciddi narahat edib və o, yenə də ermənilərin sifarişini yerinə yetirir".

A.Hüseynov qeyd edib ki, K.Zatulin bir siyasətçi, dövlət adamı kimi anlamır ki, onun bu cür qərəzli fikirləri Rusiyanın dövlət siyasətinə tamamilə ziddir: "Zatulin həmişə separatçılığa, işğalçılığa dəstək verən mövqeyi ilə tanınıb. 2010-cu ildə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin seçki şousuna qatıldığı üçün Azərbaycan tərəfindən "arzuolunmaz şəxs" elan edilib. Təsadüfi deyil ki, bundan əvvəl də o, millətlərarası münasibətləri qızışdırdığına görə 2006-cı ildə Ukrayna tərəfindən də "arzuolunmaz şəxs" elan edilib".

Deputat vurğulayıb ki, K.Zatulin kimilərinin fikirləri Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafına heç bir təsir göstərmək gücündə deyil: "İndiyə qədər Zatulinin ermənipərəst mövqeyi heç bir təsirə malik olmayıb. Düşünürəm ki, bundan sonra da Zatulin və onun arxasında dayanan ermənilər heç nəyə nail ola bilməyəcəklər, Azərbaycan və Rusiya arasında əməkdaşlığın hərtərəfli inkişafından narahatlıq və məyusluqları daha da artacaq".

Deputat Elman Məmmədov isə bildirib ki, Zatulin kimi şəxslər erməni lobbisinin köləsinə çevrilməklə Azərbaycana qarşı kampaniya aparmağa davam edir.

O bildirib ki, Rusiya böyük dövlətdir və bu ölkədə siyasi baxışlarına, əqidələrinə görə çox partiyalar var: "Onların hər birinin mövqeyi isə Rusiyanın dövlət başçısının mövqeyi ola bilməz. Moskva ilə Bakı arasında olan qarşılıqlı münasibəti Rusiya prezidenti Vladimir Putin görüşlərində ifadə edir və bildirir. Rusiyanın Azərbaycana münasibəti iki ölkə arasında əməkdaşlıqla bəllidir. Erməni lobbisi Rusiyanın dövlət orqanlarında yerləşə biliblər və kimlərsə də erməni diasporlarının əsarəti altına düşərək onların sifarişi ilə danışır".

E.Məmmədov əlavə edib ki, K.Zatulin də erməni lobbisinin, erməni pulunun girovuna çevrilmiş biridir və həmişə ermənipərəst mövqeyi ilə fərqlənib: "Təəssüf ki, Zatulinlər Rusiyada çoxdur. Hətta, bu şəxs Dağlıq Qarabağa qanunsuz səfər etmişdi. O vaxt Azərbaycan bununla bağlı Rusiyaya rəsmi etirazını da bildirmişdi. Yəni Zatulin və onun kimilərin sərsəm bəyanatlarına görə biz Rusiya ilə münasibətlərimizi pozmalı deyilik. Rusiya və Azərbaycan arasında əməkdaşlıq bu gün yüksək səviyyədədir və bu münasibətlərə bu cür qüvvələr heç cür təsir edə bilməz. Düşünürəm ki, Zatulin barəsində Azərbaycanın aidiyyəti qurumları Rusiyaya müraciət edəcək".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu isə qeyd edib ki, hər şeydən öncə belə mövqe Zatulinin təmsil olunduğu siyasi fraksiyanın və Rusiyanın rəsmi siyasi mövqeyinə ziddir. O bildirib ki, Azərbaycan və Rusiya qədim tarixi kökə malik tərəfdaşlardır: "Hazırda iki ölkə arasındakı münasibətlər strateji müttəfiq səviyyəsindədir. Əgər regionda Azərbaycan və Rusiyanın qarşılıqlı əlaqələri və təhlükəsizliklə bağlı ortaq tədbirləri olmasa, regional təhlükəsizlikdən və hər iki ölkənin birgə təhlükəsizliyindən söhbət belə gedə bilməz. Elə bu yaxınlarda MDB Dövlət Başçıları Şurasının Düşənbə şəhərində keçirilən iclasında bir daha MDB ölkələrinin təhlükəsizliyinin təmin olunması, iqtisadi əlaqələrin dərinləşdirilməsi, humanitar mədəni və hərbi sahədə əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu".

Deputat vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinin bu kimi məsələləri dəstəklədiyi bir vaxtda Zatulinin belə məsiliyyətsiz açıqlamaları həm də Rusiyanın rəsmi siyasətinin əleyhinə olan açıqlama kimi dəyərləndirilməlidir: "Çünki Rusiya Federasiyası Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemlərinin həll olunması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi fəaliyyət göstərir. Çox təəssüf ki, Zatulin bunları nəzərə almadan sadəcə erməni lobbisinin təsiri altında separatçıları dəstəkləməkdə davam edir. Biz bilirik ki, bu, birinci hadisə deyil. Vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşkil etdiyi siyasi şouda da siyasi müşahidəçi kimi iştirak etmişdi və yenə işğalçıları dəstəkləyən bəyanatlar vermişdi. Yaxşı olardı ki, Zatulin Ermənistanda və Dağlıq Qarabağda olarkən orada soydaşlarının olub-olmaması ilə də maraqlanaydı. Onlar necə yaşayırlar və rus dili və mədəniyyətinə münasibət necədir? Axı Zatulinin Dövlət Dumasında tutduğu vəzifələrdən biri də Rusiyadan kənarda yaşayan soydaşlarla əlaqələr üzrə komitə sədrinin müavini olmaqdır. Əminəm ki, axtarsa belə, nə Qarabağda, nə də Ermənistanın əksər ərazilərində bir dənə də olsun rus millətinin nümayəndəsini tapa bilərdi. Rus mədəniyyətinə və rus dilinə münasibətə gəldikdə isə, ermənilərin bu mədəniyyətə və dilə qarşı necə aqressiv yanaşdıqlarını müşahidə etmiş olardı. Çünki Qaregin Njde kimi bir faşistə heykəl ucaldan ölkədə rus tapmaq olduqca çətindir".

H.Babaoğlu əlavə edib ki, hazırda Ermənistan öz işğalçılıq siyasətinə Rusiyadakı K.Zatulin kimi adamlardan dəstək almaqla bəraət qazandırmağa çalışır.

"Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev isə bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinin sürətlə dərinləşdiyi və iki ölkənin prezidentləri arasında görüşlərin daha da intensivləşdiyi bir dövrdə Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini K.Zatulinin bəyanatı Rusiya dövləti və onun ali rəhbərliyinin siyasi iradəsini qətiyyən əks etdirə bilməz. Onun sözlərinə görə, K.Zatulinin indiki geosiyasi və dövlətlərarası munasibətlərə uyğun gəlməyən fikirləri Rusiyanın siyasi elitasındakı ermənipərəst lobbiçilərin maraqlarına və sifarişlərinə xidmət edir: "Əslində, MDB-nin himayəsi altında Düşənbədə Qarabağ problemi üzrə nisbətən detallı razılaşmanın ardınca Zatulin kimi ermənipərəst siyasət icraçılarının fəal pozuculuq əməllərinə başlaması təbii və gözləniləndir. Paşinyanın son vaxtlarda nisbətən konstruktiv anlaşmaya meyllənməsi Rusiyanın Qarabağ probleminin həllinə daha praktik təsir göstərmə cəhdləri ilə sıx bağlıdır. Zatulinin məhz belə bir şəraitdə pozitiv Qarabağ proseslərinə qarşı pozuculuğu əslində Rusiyanın başlatdığı regional sabitliyi möhkəmləndirmək kursuna qarşı çevrilib".

Ekspert qeyd edib ki, Azərbaycanın bu gün apardığı Qarabağ və regional siyasətin mahiyyətini Zatulin və ona sifariş verənlər çox gözəl anlasalar da, bu siyasətin mahiyyətini təhrif etmək onlara daha sərfəlidir: "Zatulinin ört-basdır etmək istədiyi bir məqam da odur ki, regionumuzda müharibə təhlükəsinin mənbəyi Azərbaycanın silahlanması və hərb bəyanatları yox, yalnız və yalnız Ermənistanın işğalçı ordusunun hələ də Azərbaycan torpaqlarında qalmasıdır. Bütün Rusiya ali hakimiyyətinin bunu çox yaxşı bildiyi şəraitdə Zatulinlərin qərəz və sifarişli bəyanatları Rusiyanın rəsmi dövlət siyasətinə heç bir yönəldici təsir göstərə bilməz. Onun fikirləri sifariş aldığı ermənipərəst dairələrin yanğısına müvəqqəti su çiləməkdən başqa heç bir effekt verə bilməz".

A.Quliyev qeyd edib ki, belə pozucu siyasət aparan bir şəxsin Rusiya Dövlət Dumasının komitə rəhbərliyində bundan sonra da saxlanması çox ziyanlı rol oynaya bilər: "Bu şəxs postsovet məkanında MDB-nin rolunu artırmaq strategiyasının tələblərinə qətiyyən cavab vermir".

Ceyhun ABASOV

 





09.10.2018    çap et  çap et