525.Az

"Lotereyalar haqqında" qanun ikinci oxunuşda müzakirə olundu


 

"Lotereyalar haqqında" qanun ikinci oxunuşda müzakirə olundu<b style="color:red"></b>

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında "Lotereyalar haqqında" qanunun ikinci oxunuşda müzakirəsi ciddi mübahisələrə səbəb olub.

Komitənin sədri Ziyad Səmədzadə qeyd edib ki, lotereyaların qiymətinin həddən artıq şişirdilməsinin tərəfdarı deyil: "Çünki bu lotereyaları insanlar alır. Bu da bir növ pullu xidmətlərin xüsusi çəkisinin artmasına gətirib çıxarır. Ona görə də Tiraj Komissiyasının üzvlərinin sayının 5-dən 3-ə endirilməsini fikirləşmək lazımdır.  Biz dünya praktikasına baxırıq, dərdləşirik. Dəyişikliklərin müzakirəsini 3-cü oxunuşa ona görə salırıq ki, bu kimi məsələləri daha ətraflı müzakirə edək".

Deputat İlham Əliyev iclasda iştirak edən "Azərlotereya"nın nümayəndəsinə ironiyalı şəkildə sual edib.  Qeyd edib ki, onun məsələləri qavramağa  kifayət qədər məntiqi çatır: "Ona görə siz "Azərlotereya"nın  nümayəndəsi olaraq bizi bir daha başa salın. Biz Tiraj Komisasiyasının üzvlərinə maaş versək, nə qədər şəffaflıq olacaq? Bu məsələni yenidən aydınladın".

"Azərlotereya"nın nümayəndəsi cavabında qeyd edib ki, Tiraj Komissiyası oyunun qaydalara uyğun keçirilməsinə nəzarət edir: "Nəzarətedici orqanın alacağı maaş onun nəzarət etdiyi yerdən olmamalıdır. Bu  dünyada qəbul olunmuş qaydadır. Vergi orqanında çalışan birinin  maaşını dövlət verir. Bunu dükan və maqazinlər  ödəsəydi, nə olacaqdı?"

Deputat yenidən məsələyə müdaxilə edib: "Xahiş edirəm, siz bizi yanlış istiqamətə yönəltməyin. Biz hamımız burda maaş alan insanlarıq. Görürsünüz ki, iclasımız necə şəffaf keçirilir. Qanunun vergülünə kimi müzakirə edirik. Əgər maaşsız yığılsaydıq, o zaman qanunlara bu dərəcədə ciddiliklə yanaşardıqmı? Əksinə, Tiraj Komissiyasının üzvləri ictimai əsaslarla gəldiyinə görə laqeydlik nümayiş etdirəcəklər".

Deputat Rüfət Quliyev də öz növbəsində sual edib: "Bilmək istəyirəm ki,  adamlar ömürlük Tiraj Komissiyasında oturacaqlar? Elədirsə, onda Allah xeyir versin".

"Azərlotereya" nümayəndəsi cavab olaraq qeyd edib ki, könüllülük əsasında tələbələri də dəvət ediblər, ancaq onlar gəlmirlər.

Millət vəkili isə ona  cavab verib ki, "siz dəvət edin, onlara maaş verin, onda gələcəklər".

Son olaraq deputat İ.Əliyev yenidən məsələyə qarışıb: "Mən sizə yaxşı bir məsləhət verim. Biz parlamentdə 125 deputatıq. Onlardan 7-8-ni çıxın. Qalanları dəvət edin, gələk Tiraj Komissiyasına, ictimai əsaslarla iştirak edək, məsələyə ciddi yanaşaq,  siz də o zaman şəffaflığı görərsiniz".

Kamil HƏMZƏOĞLU

 





09.10.2018    çap et  çap et