525.Az

Dövlət Miqrasiya Xidməti "ASAN Radio" ilə yeni layihəyə start verir


 

Dövlət Miqrasiya Xidməti "ASAN Radio" ilə yeni layihəyə start verir<b style="color:red"></b>

Dövlət Miqrasiya Xidməti (DMX) və dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radio - "ASAN Radio" birgə yeni layihəyə start verir.

DMX-dən verilən məlumata görə, "Miqrasiya xidməti" adlanan verilişdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq miqrasiya qaydaları, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətlərinin uzadılması, icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, qanunsuz miqrasiyaya qarşı mübarizə və sair məsələlərlə bağlı faydalı məlumatlar çatdırılacaq.

DMX əməkdaşları ilə yanaşı, ölkədə yaşayan əcnəbilər, əmək fəaliyyəti göstərən əməkçi miqrantlar da verilişdə qonaq olacaqlar.

Yeni layihə ilə bağlı Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "ASAN Radio"nun "QəbuldASAN" verilişində qonaq olarkən bildirib ki, rəhbərlik etdiyi qurum miqrasiya xidmətlərindən istifadə edən əcnəbi, eyni zamanda, vətəndaşlarımız qanunvericilik, tətbiq olunan prosedurlar barədə məlumatlı olmasında maraqlıdır: "Çünki bizim təhlillər də göstərir ki, əksər hallarda əcnəbilər sırf məlumatsızlıq səbəbindən miqrasiya qanunvericiliyinin tələblərini pozurlar. Bu səbəbdən müəyyən məsuliyyətə cəlb olunurlar. Bunu aradan qaldırmaq, onların özlərini daha əmin, məlumatlı hiss etmələri üçün belə bir layihəyə ehtiyac var. Hesab edirəm ki, bu veriliş miqrasiya xidmətinin fəaliyyəti ilə bağlı çox böyük dəyər yaradacaq".

Qeyd edək ki, "Miqrasiya xidməti" verilişini hər həftənin çərşənbə günü, saat 11.05-də radio vasitəsilə yayımlanacaq.

C.ABASOV

 





09.10.2018    çap et  çap et