525.Az

Ermənipərəst Zatulin iş başında: hədəf Azərbaycan-Rusiya münasibətləri


 

DUMA ÜZVÜNÜN AZƏRBAYCAN ƏLEYHİNƏ SƏSLƏNDİRDİYİ FİKİRLƏR ONUN İŞĞALÇI ÖLKƏ TƏBLİĞATINA XİDMƏT ETDİYİNİ BİR DAHA TƏSDİQLƏYİR

Ermənipərəst Zatulin iş başında: <b style="color:red">hədəf Azərbaycan-Rusiya münasibətləri</b>

Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər onun işğalçı ölkə təbliğatına xidmət etdiyini bir daha sübut edir.

Ermənipərəst Zatulinin antiazərbaycan xarakterli, aqressiv bəyanatları erməni lobbisinin sifarişinə uyğun olaraq, Bakı ilə Moskva arasında mövcud olan sıx əlaqələrə, strateji tərəfdaşlıq münasibətlərinə xələl yetirmək, tarixən qorunub-saxlanılan və genişləndirilən münasibətlərin inkişafına zərbə vurmaq məqsədi daşıyır. Təsadüfi deyil ki, Milli Məclisin iclasında bu məsələ deputatlar tərəfindən ciddi müzakirəyə çıxarılıb, parlament üzvləri Zatulinə qarşı sərt şəkildə öz mövqelərini ortaya qoyub, ermənipərəst Duma üzvünə qarşı iradlarını bildirib, onun səsləndirdiyi fikirlərə, ittihamlarına cavab veriblər.

Dağlıq Qarabağdakı erməni separatçılarının keçirdiyi qondarma "parlament seçkiləri" zamanı işğal olunmuş ərazilərə qeyri-qanuni səfər edən və buna görə Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısına daxil edilən K.Zatulin bu və digər şəkildə ermənipərəst mövqeyini dəfələrlə nümayiş etdirib.

Erməni lobbisi ilə yaxınlığı ilə seçilən bu şəxs guya Dağlıq Qarabağda müharibənin başlamasının Azərbaycanın dağılması ilə nəticələnə biləcəyini deməklə 2016-cı ilin Aprel döyüşləri, daha sonra bu il may ayında əldə olunan Günnüt zəfərindən sonra Ermənistan ictimaiyyətində yaranan ruh düşkünlüyünü mümkün qədər aradan qaldırmağa, ermənilərdə orduya inam hissini qaytarmağa çalışır. Həmçinin, Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin birinci müavini verdiyi məlum bəyanatla Ermənistanın illərdir Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə bəraət qazandırır, təcavüzkarlığı dəstəklədiyini nümayiş etdirir.

Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, Azərbaycanla Rusiya arasında yüksək səviyyədə inkişaf edən münasibətlərə Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini K.Zatulin kimi ermənipərəst qüvvələr təsir edə bilməz. O, "Trend"ə bildirib ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər ermənipərəst qüvvələri qıcıqlandırır: "Azərbaycanla Rusiya arasında həm xalqlarımız, həm də dövlət rəhbərləri arasında çox böyük səmimi münasibət var. Bu reallığı görən ermənipərəst qüvvələr əl-ayağa düşüblər. Onlardan biri də Zatulindir. Zatulinin ermənipərəst qüvvələrin əlində bir alət olduğu bizə çoxdan məlumdur. O, hər zaman Azərbaycanla Rusiya arasında strateji münasibətlərə xələl gətirməyə cəhd edir. Bu şəxs yenə öz ampluasındadır və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməyə çalışır. Azərbaycanı sülh prosesini pozmaqda, hərbi ritorikada ittiham edir".

E.Nəsirov deyib ki, Azərbaycanın sülhpərvər olması hamıya məlumdur və Azərbaycanın işğal altındakı torpaqlarını hərb yolu ilə azad etməməsinin səbəbi də problemin sülh yolu ilə həllinə çalışmasıdır: "Zatulin isə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "şərəf ordeni" ilə təltif edilən şəxsdir. Bu cür məsuliyyətsiz şəxslər belə bəyanatlar verməklə həm Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə zərbə vurur, həm də Azərbaycanla Rusiya arasındakı strateji münasibətlərə xələl gətirmək istəyir. Zatulinin də bu cür cəfəng mövqeyi Rusiyanın mövqeyi deyil. Bu, Zatulin kimi erməni maraqlarına xidmət edən şəxslərin fikirləridir. Buna baxmayaraq, Rusiya Dövlət Duması rəhbərliyi də belə məsuliyyətsiz deputatların davranışı ilə bağlı ölçü götürməlidir. Çünki bu cür ittihamlar Rusiya-Azərbaycan münasibətlərinə zidd məsələdir".

Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə bildirib ki, Zatulin hər zaman antiazərbaycan mövqeyi ilə seçilib: "Bu mövqeyə daha çox erməni lobbiçiliyi də demək mümkündür. O, yenə də öz ampluasındadır və sərsəmləmələrini davam etdirməkdədir".

Ə.Amaşov qeyd edib ki, K.Zatulinin "Dağlıq Qarabağda hərbi əməliyyatlar başlasa, guya bu, Azərbaycanın dağılmasına səbəb olar" kimi fikirləri siyasi avantürizmin cəfəng məhsuludur: "Məlumdur ki, Zatulinin açıqlamalarının Azərbaycanın ictimai rəyinə heç bir təsiri yoxdur. Onun özü də bunu gözəl bilir. Üstəlik, bu açıqlamalar Rusiyanın dövlət siyasətinə ziddir. Əsas məqam isə bundadır ki, Zatulin hər zaman Ermənistan üçün gərgin siyasi durumlarda meydana çıxır. İndi də öz aləmində işğalçı ölkənin ictimai rəyinə hesablanmış şəkildə danışır. Bir növ, erməni cəmiyyətində müharibə qorxusunun yaratdığı psixozu aradan qaldırmaq istəyir. O da məlumdur ki, bu psixoz 2016-cı ilin aprel müharibəsi ilə daha da dərinləşib. Aprel müharibəsi bir sıra erməni və ermənipərəst ideoloqların Qarabağ münaqişəsi ilə bağlı gözləntilərini, senarilərini heçə endirdi. Müharibədə Azərbaycanın əsasən o nəsil övladları döyüşdülər ki, onlar Qarabağı görməyiblər. Ancaq məlum oldu ki, yeni nəsil Qarabağı unutmur. Bu cəhət erməniləri ayıltdı. Ona görə də Zatulin və onun kimilər hər üsulla çalışırlar ki, Ermənistan cəmiyyətindəki qorxu ab-havasını aradan qaldırsınlar. Sərsəmləmələri də bununla bağlıdır".

Deputat əlavə edib ki, Azərbaycan sülh danışıqlarına sadiqliyini daim nümayiş etdirməkdədir: "Əgər yenidən müharibə başlasa, bu, heç bir halda ölkəmizin danışıqlar prosesini pozması kontekstində dəyərləndiriləcək hadisə olmayacaq. Zatulin də bunu və müharibənin hansı ölkə üçün fəlakət ola biləcəyini çox gözəl anlayır".

K.Zatulinin Azərbaycanın siyasətinin heç də sənədlərdə əksini tapdığı kimi olmaması ilə bağlı fikirlərinə gəlincə isə Ə.Amaşov vurğulayıb ki, Azərbaycanın gücü və qüdrəti Zatulin kimi erməni havadarlarının əllərindəki sənədlərdə əks olunduğundan qat-qat artıqdır: "Bu mənada, ölkəmizin yeritdiyi siyasətdən də baş çıxara bilməzlər. Buna görə də danışıqlar prosesi barədə qeyri-müəyyənlik yaratmaq yolu tuturlar. Əlbəttə, heç bir halda reallıq Zatulinin və ya qeyri-ermənipərəstin ictimai rəyi yoxlamaq üçün ortaya atdığı avantürist baxışlarla səsləşmir".

Deputat Tahir Kərimli isə qeyd edib ki, Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini K.Zatulin erməni lobbisinin sifarişi əsasında Rusiya ilə Azərbaycan arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərini pozmağa cəhd göstərir. Onun sözlərinə görə, Rusiya Dövlət Duması deputatının bu cür fəaliyyəti qəbulolunmazdır və ciddi şəkildə müzakirə olunmalıdır: "Yeri gəlsə, bu məsələ Dövlət Dumasında da müzakirə edilməlidir. Çünki Zatulinin vəzifəsi MDB ölkələri ilə münasibətləri tənzimləməkdir. Bu şəxs həmin ölkələrlə Rusiyanın münasibətlərini yaxşılaşdırmağa çalışmalıdır, nəinki iftiralar atmalıdır".

Deputat bildirib ki, K.Zatulinin mövqeyi Rusiyanın Azərbaycanla bağlı mövqeyini əks etdirə bilməz: "Aydındır ki, bu məsələ Rusiyanın mövqeyi deyil. Amma bu, müəyyən rəy yarada bilər. Məlumdur ki, Zatulinin ermənilərlə yaxınlığı var, bu şəxs hər zaman erməni lobbisindən asılı vəziyyətdədir. Buna görə də hər dəfə Azərbaycana böhtan atır. Onun Azərbaycanla Rusiya arasında münasibətləri pozmaq cəhdi, Azərbaycana qarşı bu cür davranışları heç cür qəbuledilən deyil. Ümumiyyətlə, bu məsələyə ciddi yanaşılmalıdır, çünki Zatulin vəzifəli şəxsdir".

T.Kərimli əlavə edib ki, bununla yanaşı, Azərbaycanın Rusiyadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyi və Dövlət Duması qarşısında bu məsələni qaldırmalıdır: "Çünki Zatulin Azərbaycanı aşağılamağa cəhd edir. İki ölkə arasında əlaqələrin inkişaf etdiyi bir vaxtda erməni lobbisinin nökəri olan Zatulinin işi-gücü Azərbaycan və Türkiyə ilə Rusiyanın münasibətlərini əngəlləməyə çalışmaqdır".

Ceyhun ABASOV

 





10.10.2018    çap et  çap et