525.Az

Ən yaxşı startap komandası olan ali məktəblər müəyyənləşdi


 

Ən yaxşı startap komandası olan ali məktəblər müəyyənləşdi<b style="color:red"></b>

"İdeyadan Biznesə" layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələrindən ibarət komandaların startap layihələri yarışıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, yarışda Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Mühəndislik İnstitutu, Azərbaycan Diplomatiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri iştirak ediblər.

Tələbələrdən ibarət 15 komandanın hər biri 3 dəqiqə ərzində öz layihəsini münsiflər heyəti qarşısında təqdim edib. Münsiflər layihələri "İdeya", "İnnovasiyalar", "Texnologiyalar" və "Mümkünlük" kriteriyaları üzrə qiymətləndiriblər.

Layihələrin təqdimatından sonra ən yaxşı startap komandası olan ali təhsil müəssisələrinin adları bəlli olub. Azərbaycan Mühəndislik Universiteti I yer, Azərbaycan Diplomatiya Akademiyası II yer, Azərbaycan Texniki Universiteti isə III yeri tutub.

Ümumilikdə ali məktəblər üzrə 8 startapçı - "Gonex" layihəsi ilə Adil Qafarlı, "Guide to" layihəsi ilə İlkin Quluzadə, "Just" layihəsi ilə Əli Babayev, "Yoldaş" layihəsi ilə Rüstəm Həsənli, "Xilaskar Braslet" layihəsi ilə Nərgiz Əliyeva, "Smart home" layihəsi ilə İsmayıl Həsənov, "Eagle 2.0" layihəsi ilə Ayxan Qurbanov, "Mayak" layihəsi ilə Aytac Əsgərova startap turlarının qaliblərinin yarışacağı Milli Finala dəvət olunublar.

Qeyd edək ki, Milli Final 26-30 oktyabr tarixlərində ilk dəfə olaraq Bakıda təşkil olunan "İnnovasiyalar həftəsi" çərçivəsində keçiriləcək.

Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, "Microsoft" və "Azercell" şirkəti ilə birgə həyata keçirdiyi "İdeyadan Biznesə" layihəsi çərçivəsində Bakı Dövlət, Azərbaycan Texniki, Azərbaycan Mühəndislik və Azərbaycan Dövlət Neft və Sənaye universitetlərində startap turları təşkil edilərək, hər bir təhsil müəssisəsi üzrə qaliblər müəyyən olunub.

CEYHUN

 





10.10.2018    çap et  çap et