525.Az

Almaniya hökuməti Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət ifadə etdi


 

"BU, ERMƏNİSTANIN ÖLKƏMİZƏ QARŞI TƏCAVÜZKARLIQ SİYASƏTİ APARDIĞINI BİRMƏNALI ŞƏKİLDƏ TƏSDİQ EDİR"

Almaniya hökuməti Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət ifadə etdi<b style="color:red"></b>

Almaniya Bundestaqının sağçı, radikal AfD fraksiyası hökumətə "Almaniya-Ermənistan münasibətləri" mövzusunda kiçik sorğu göndərib. Sorğuda, həmçinin, Dağlıq Qarabağla bağlı bəzi suallar yer alıb.

Almaniya mediasının məlumatına görə, hökumətin sorğuya cavabında Azərbaycanın ərazi bütövlüyünə hörmət və dəstək ifadə olunub.

Almaniya hökuməti xüsusi olaraq vurğulayıb ki, "Almaniya-Ermənistan münasibətləri" anlayışı ilə Almaniya Federativ Respublikası və Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir: "Almaniya hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və 7 ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. Almaniya hökuməti qondarma "Dağlıq Qarabağ Respublikasını" tanımır".

Hökumət sorğunun müvafiq bəndlərinə (Dağlıq Qarabağda insan hüquqlarının, mətbuat azadlığının, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və s.) dair cavabında bu qeydinə istinad etməklə kifayətlənib.

Bundan başqa, sorğudakı "Alamaniya hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir?" sualına hökumət "Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir" cavabını verib.

Mövzu ilə bağlı "525"ə fikirlərini bildirən Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki,  Azərbaycan prezidenti İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu Ümumilli lider Heydər Əliyevin formalaşdırdığı xarici siyasətin davamıdır: "Dövlət başçısı bu siyasətə çeviklik, innovativlik və hücum taktikası əlavə edib. İlk növbədə, bu siyasət müstəqilliyi ilə seçilir. Heç şübhəsiz, bunun sayəsində Azərbaycanın beynəlxalq mövqeləri daha da güclənib".

Dövlətimizin çox fəal xarici siyasət kursu həyata keçirdiyini deyən E.Nəsirov bildirib ki, Azərbaycan dünyanın güc mərkəzlərinə bərabər məsafədə dayanmağı bacarır: "Çünki rəsmi Bakı müstəqil siyasət həyata keçirir və öz tərəfdaşlarının mənafeyini hər zaman nəzərə alır. Bizim hansısa dövlətlə münasibətlərimiz heç bir halda üçüncü dövləti hədəfə almır.

Bunu bütün dünya, o cümlədən, Avropa İttifaqı və onun əsas lokomotivlərindən biri Almaniya Federativ Resbuplikası çox yaxşı bilir. Eyni zamanda, Almaniya federal kansleri Angela Merkelin avqustun 24-də Azərbaycana səfəri çərçivəsində söylədiyi fikirlər də bu qənaətə gəlməyə əsas verir. Merkel bu səfəri zamanı bir daha vurğulayıb ki, ölkəsi ATƏT-in Minsk qruunun üzvü olaraq, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində daha fəal iştirak etmək və problemin həllini töhfə vermək niyyətindədir".

Deputatın sözlərinə görə, bütün bu reallıqlar kontekstində Almaniya Bundestaqında sağçı, radikal bir fraksiyanın Almaniya-Ermənistan münasibətləriylə bağlı hökumətə ünvanladığı sorğu diqqətdən yayınmır: "Bu sorğuda ilk növbədə Almaniya-Ermənistan münasibətlərinin səviyyəsi əsas hədəf seçilsə də, sorğunun içərisində bir çox suallar Dağlıq Qarabağla bağlı məsələləri özündə ehtiva edib. Burada Almaniya-Ermənistan münasibətləri kontekstində Dağlıq Qarabağ elə təqdim edilir ki, guya bu bölgə də düşmən ölkə ərazisinə daxildir. Məhz bu sorğuya Almaniya hökumətinin cavabı birmənalıdır, prinsipialdır və qətiyyətlidir".

E.Nəsirov hesab edir ki, bunu Angela Merkelin regiona səfəri və Azərbaycanda keçirdiyi görüşlərdə səsləndirdiyi fikirlərin təsdiqi kimi qiymətləndirmək olar: "Almaniya hökuməti həmin sorğuya cavabında birmənalı olaraq bildirir ki, Azərbaycanın Dağlıq Qarbağ bölgəsi və ətraf 7 rayonu işğal altındadır. Yəni açıq şəkildə göstərilir ki, bu ərazilərin Ermənistana heç bir aidiyyatı yoxdur. Eyni zamanda, sorğuda Dağlıq Qarabağda əhalinin tərkibi, demokratiya, insan hüquqlarının vəziyyəti və başqa məsələlərlə bağlı suallarda Almaniyanın mövqeyi araşdırılır. Axı söhbət Ermənistan-Almaniya münasibətlərindən gedir. Burada Dağlıq Qarabağla bağlı məsələlərin bu kontekstdə verilməsi məqsədyönlü şəkildə atılan addımdır. Buna da Almaniya hökuməti aydınlıq gətirir və bildirir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Yəni Dağlıq Qarabağı sorğuda suni şəkildə ortaya atsalar belə, Almaniya hökuməti prinsipial və dəyişməz mövqeyini ortaya qoyub".

Deputatın fikrincə, bu bir daha sübut edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi, Avropa İttifaqı ilə bizim əməkdaşlığımızın dərinləşməsi, NATO ilə tərəfdaşlıq münasibətlərimizin genişlənməsi, eyni zamanda, paralel şəkildə İslam dünyası, qonşu ölkələrlə strateji tərəfdaşlıq münasibətlərimizin genişlənməsi nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərini gücləndirir: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil, lakin bizim sözümün çəkisi və mənası böyükdür. Qazandığımız bütün nailiyyətlərin kökündə də məhz bu amil həlledici rol oynayır".

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə qeyd edib ki, Almaniyada Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycan diplomatiyasının göstərdiyi fəaliyyət tarixi üçün bu, qiymətli sənədin meydana çıxması rəsmi Bakının Avropa İttifaqı, onun ayrı-ayrı üzv dövlətləri, o cümlədən, rəsmi Berlinlə apardığı siyasətin mühüm nəticələrindən biri kimi dəyərləndirilməlidir: "Bu sənəd Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə birbaşa dəstəkdir və Ermənistanın ölkəmizə qarşı təcavüzkarlıq siyasəti apardığını birmənalı şəkildə təsdiq edir".

Baş redaktor bildirib ki, Almaniya hökumətinin sorğuya cavabı bu ölkənin hakimiyyətinin içərsində Ermənistana müəyyən dətəkçi qruplar - lobbiçilər yaratmaq cəhtlərinin tamamilə iflasa uğradığını göstərir: "Hiss olunur ki, Almaniya hökumətinin içərsində hansısa radikal qruplar Ermənistanın mənafeləri naminə ya lobbiçilik etmək, ya da Bakı ilə Berlin arasında, xüsusilə son aylarda meydana çıxan və daha da genişlənən münasibətlərə kölgə salmağa cəhd edirlər. Bu mənada, Almaniya hökumətinin təqdim etdiyi sənəd həmin qruplara vurulan tutarlı bir zərbədir".

A.Quliyev hesab edir ki, bu sənəd Azərbaycanın dünyada Dağlıq Qarabağ probleminin həlli istiqamətində hüquqi və siyasi mövqelərinin daha da möhkəmləndirməsində çox böyük rol oyanacaq: "Ona görə də bunu Azərbaycan diplomatiyasının apardığı məqsədyönlü fəaliyyətdə əldə olunan uğurlu nəticələrdən biri kimi qiymətləndirmək lazımdır".

Ceyhun ABASOV

 





11.10.2018    çap et  çap et