525.Az

Bu il qarşıda duran bütün vəzifələr uğurla və vaxtlı-vaxtında icra edilir


 

AZƏRBAYCAN NÖVBƏTİ İLƏ ÖTƏN 9 AYDAN DAHA YÜKSƏK NƏTİCƏLƏRLƏ QƏDƏM QOYACAQ

Bu il qarşıda duran bütün vəzifələr uğurla və vaxtlı-vaxtında icra edilir<b style="color:red"></b>

Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatlar, genişmiqyaslı tədbirlər öz müsbət nəticəsini verməkdədir. 2018-ci ilin doqquz ayının yekunları da bunu deməyə əsas verir.

İlin başa çatmasına hələ üç ay var və qarşıdakı müddət ərzində əldə ediləcək nəticələr əlbəttə ki, daha yüksək olacaq. Cari ilin göstəricilərini təhlil edərkən məlum olur ki, bu il ölkəmiz üçün uğurlu olub.

Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı vurğulayıb ki, ilin əvvəlindən qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla və vaxtında icra edilir. Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin edib, ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayıb. Dövlət başçısı iclasda özünün həm giriş, həm də yekun nitqində ölkənin bütün sahələrində, həm iqtisadi, həm siyasi, həm də sosial sahələri əhatə edən məsələlərə toxunub, görülmüş işləri xüsusi qeyd edib, yeni tövsiyələrini və tapşırıqlarını verib. 2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi istiqamətində çox önəmli addımlar atılıb. Dövlət başçısı iclasda bildirib ki, bu ilin doqquz ayının göstəriciləri deməyə əsas verir ki, istədiyimizə nail oluruq. İqtisadi göstəricilərə gəldikdə isə göstərilən müddət ərzində ümumi daxili məhsul 0,8 faiz artıb. Qeyri-neft sektorunda artım 1 faiz, sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artıb ki, bu göstərici də Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir.

Azərbaycanda 2014-cü ildə postneft dövrünün elan edilməsi ilə iqtisadiyyatın qeyri-neft sahəsində əsaslı islahatlar başlandı. Postneft dövrünün çağırışlarına uyğun olaraq, Azərbaycan iqtisadiyyatı ötən müddət ərzində əhəmiyyətli transformasiya mərhələsinə qədəm qoyub.

Bu gün iqtisadiyyatın əsas sahələrindən biri olan kənd təsərrüfatının, sənayenin, turizm sahəsinin inkişafında dinamik artım özünü göstərir. Bu ilin doqquz ayında kənd təsərrüfatı 4,3 faiz artıb ki, bu da kifayət qədər yaxşı göstərici hesab olunur. İnflyasiya cəmi 2,6 faiz, əhalinin gəlirləri isə 9,5 faiz təşkil edib. Başqa sözlə, gəlirlər inflyasiyanı üstələyir. Qeyd edilən müddət ərzində ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub ki, bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu isə Azərbaycan iqtisadiyyatının bundan sonra da şaxələndirilməsinə xidmət göstərəcəkdir.

Valyuta ehtiyatları ilin əvvəlindən bəri 3 milyard dollar artıb. Hazırda Azərbaycanın valyuta ehtiyatları 45 milyard dollara çatıb. Prezident deyib ki, bu, bir daha onu göstərir ki, biz öz vəsaitimizə böyük qənaətlə yanaşırıq: "Həm ölkə qarşısında duran vacib məsələləri həll edirik, investisiya layihələrini, infrastruktur layihələrini icra edirik, sosial məsələlərin həllini təmin edirik, eyni zamanda, ehtiyatlarımızı da artırırıq və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Bu, bizim bundan sonra da uğurlu inkişafımız üçün çox önəmli amildir".

Doqquz ayda xarici ticarət dövriyyəsi 37 faiz artıb, ixrac da təxminən bir o qədər artıb. Qeyri-neft ixracı isə təxminən 14 faiz artıb. Bu ilin doqquz ayında 85 min daimi iş yeri açılıb.

Prezident kənd təsərrüfatının inkişafının daim diqqət mərkəzində olduğunu deyib. İri fermer təsərrüfatlarında, taxılçılıqda nəticələrin çox yaxşı olduğunu əlavə edib, pambıqçılığı daha səmərəli şəkildə inkişaf etdirməli olduğumuzu vurğulayıb.

Ölkə başçısı deyib ki,  Azərbaycan iqtisadiyyatının qarşısında gələcəkdə heç bir ciddi problem yoxdur.

İclasda səslənən fikirlərə, açıqlanan göstəricilərə münasibət bildirən millət vəkili Musa Quliyev "525"ə deyib ki, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çox geniş bir nitq söylədi, görülən işləri qiymətləndirdi, yekun vurdu və gələcək perspektivlər barədə də öz tövsiyələrini, tapşırıqlarını verdi.

O deyib ki, dövlət başçısının da söylədiyi kimi, bu il Azərbaycan üçün uğurlu il sayıla bilər: "İlk növbədə dünyada gedən, uzun illərdir davam edən maliyyə, iqtisadi, hərbi, siyasi böhran dövründə Azərbaycan sabitlik və inkişaf adası kimi qalıb, öz inkişafını davam etdirir. Azərbaycanda bu il həm də yubileylər ili oldu. Belə ki, Şərqdə ilk müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin, parlamentimizin 100 illik yubileyləri qeyd edildi, iki hərbi parad keçirildi. Kosmosa üçüncü peykimizin çıxarılması həm də intellektual, iqtisadi inkişafımızın gücünün göstəricisi kimi dünyaya bəyan edildi. Hərbi parad Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordu sırasında olduğunu bir daha nümayiş etdirdi. Eyni zamanda, Azərbaycanda qeyri-neft sektorunun inkişafı öz müsbət nəticələrini verməkdədir. Bu gün bizim ÜDM-nin 70 faizdən çoxu qeyri-neft sektorunda istehsal olunur. Bu da cənab prezidentin bir neçə il əvvəl strateji düşüncəsinin və uzaqgörən siyasətinin nəticəsidir ki, Azərbaycan iqtisadiyyatının neftlə bağlılığı tamamilə aradan qaldırılır. Neft bizim milli sərvətimizdir, nefti Allah bizə bir sərvət kimi bəxş edib. Amma biz digər potensiallarımızdan da istifadə etməklə həm regionların harmonik inkişafını təmin etdik, həm də Azərbaycanı təkcə neft ixracatçısı dövləti kimi deyil, eyni zamanda, müxtəlif sahələrdə inkişaf etmiş dövlət kimi dünyaya təqdim edə bildik".

Millət vəkili deyib ki, təkcə kənd təsərrüfatına son illərdə həm qoyulan investisyalar, ayrılan diqqət, ölkə rəhbərliyinin qayğısı artıq kənd yerlərində yaşayan insanların məskunlaşmasını da genişləndirib: "Bilirsiniz ki, urbanizasiya prosesi 90-cı illərin əvvəllərindən surətlə getməyə başlamışdır. Kənd yerlərindən şəhərə axın var idi, indi nəinki o proses dayanıb, əksinə, şəhərdən kəndə insanların qayıdışı və kənddə öz işlərini qurmaları, həyatlarına davam etmələri çox ciddi bir demoqrafik prosesdir. Son illərdə Azərbaycanda pambıqçılığın, baramaçılıq, ipəkçilik, bağçılıq, tütünçülüyün inkişafı ilə kəndlərdə, rayonlarda yaşayan insanların,  xüsusilə qadınların məşğulluğunun təminatı sahəsində böyük uğurlara imza atmış olduq. Xalçaçılığın inkişafı ilə bağlı dövlət başçısının fərman və sərəncamları var, görülən tədbirlər nəticəsində ölkə rəhbərinin də qeyd etdiyi kimi, 10 minlərlə insan, xüsusilə, qızlarımız və qadınlarımız işlə təmin olunublar. Bu, onların həm də sosial rifah halının yaxşılaşması, həmçinin, Azərbaycanın tarixi bir ənənəsinin yaşadılması, gələcək nəsillərə ötürülməsi və dünyaya Azərbaycan mədəniyyəti kimi təqdim edilməsidir.

Prezident şərabçılığın inkişafı ilə bağlı çox ciddi fikirlər səsləndirdi, iradlarını bildirdi, eyini zamanda, bu sahəyə diqqətin artırılmasını və artıq nəticənin əldə olunmasını uğur kimi də qeyd etdi. Azərbaycan markalı şərabların dünya bazarlarına çıxarılması, şərab evlərinin yaradılması, müxtəlif ölkələrdə ticarət evlərinin açılması Azərbaycanı təkcə xammal deyil, eyni zamanda, mədəni, ixracatçı bir ölkə kimi dünyaya tanıdır".

M.Quliyev nəqliyyat kommunikasiya sahəsində də Azərbaycanın uğurlarının  xüsusi qeyd edilməli olduğunu deyib. Bildirib ki, Şərqlə Qərb istiqamətində qədim İpək Yolunun Azərbaycan üzərindən uğurla bərpa olunması mühüm addımdır: "Bakı-Tbilisi-Qars" dəmiryolu Azərbaycanın layihəsidir və onun böyük vəsaitləri, kreditləri hesabına tikilib. Bu, bütün dünyaya öz töhfəsini verə biləcək bir strukturdur. Bir çox ölkələr, Qazaxıstan, Qırğızıstan, Pakistan, Əfqanıstan, Tacikistan, o bölgələrdəki digər ölkələr də bu nəqliyyat layihəsinə qoşulmaqla, həm öz yüklərini daşıyırlar, həm də Azərbaycana da böyük dividentlər gəlir. Uzun illər idi ki, böyük dövlətlər Fars körfəzindən Fin körfəzinə getməyə çalışırdılar, amma bunu bacarmırdılar. Bunu Azərbaycan bacardı. Şimal-Cənub dəhlizi Astarada böyük dəmiryol qovşağı da tikiləndən sonra işə düşəcəkdir və bütün Hind okeanından bu yana cənubdan gələn malların hamısı Azərbaycan üzərindən Fin körfəzinə qədər gedib çatacaqdır. Bu da Azərbaycanın çox böyük uğurlarıdır".

Millət vəkili əlavə edib ki, qeyri-neft sektorunda əldə edilmiş uğurlardan danışarkən heç şübhəsiz ki, turizm sahəsindəki nailiyyətləri də qeyd etmək lazımdır: "İstər qış turizmi, istər yay turizmi Azərbaycanda inkişaf etməkdədir. Prezidentin bu sahəyə böyük diqqət və qayğısı var.  Bütövlükdə, dünənki müşavirədə cənab prezidentin həm giriş, həm yekun nitqi bir daha onu göstərdi ki, Azərbaycan uğurla inkişaf edir".

İqtisadçı ekspert Pərviz Heydərov isə "525"ə deyib ki, keçən il əldə olunan stabillik bu il iqtisadiyyatda bir az da möhkəmlənib və artım meylləri, eyni zamanda, müsbət tendensiyalar inkişaf edib. Bunu ötən 9 ayda sosial-iqtisadi inkişafın yekun göstəriciləri də sübut edir: "Ötən 9 ayda ümumi daxili məhsul 0,8 faiz artıb, qeyri-neft sektorunda artım, sənaye istehsalı 2, qeyri-neft sənayesi isə 10,8 faiz yüksəlib. Kənd təsərrüfatında irəliləyiş isə daha diqqətə layiqdir. Belə ki, 9 ayda 4,3 faiz artım böyük nəticədir. İnflyasiyanın həddi aşağıdır - cəmi 2,6 faiz. Ümumiyyətlə, xatırladım ki, 2017-ci ili bütövlükdə 0,1 faiz  göstəriciylə başa vurmuşduq. Keçən il əvvəlcədən iqtisadiyyatda bərpa ili olaraq proqnoz edilmişdi. Ardıcıl olaraq 2 ildir davam edən geriləmə prosesinin dayanacağı və stabilləşmə müşahidə olunmağa başlayacağı qeyd edilmişdi ki, bu da hökumətin 2016-cı ilin əvvəlindən həyata keçirməyə başladığı tədbirlər, yəni iqtisadiyyatı idarəetmə sistemini təkmilləşdirməsi ilə yanaşı, bütün istiqamətlər üzrə qənaətə keçməklə mövcud büdcə-vergi siyasətini dəyişdirməsi, o cümlədən, pul-kredit siyasətini daha da sərtləşdirməsi, həmçinin, xarici iqtisadi faktorların təsirlərinin də həmin ilin ikinci yarısından yumşalmağa başlaması, xüsusən də neftin qiymətinin hasilatçı ölkələr tərəfdən istehsalın azaldılacağıyla bağlı söhbətlər ortaya çıxan gündən sabitləşməsi ilə əlaqəli idi".

Ekspert deyib ki, 2016-cı ildə 3,1 faiz azalmadan sonra 2017-ci ildə 0,1 faiz artımın qeydə alınması, bu il üçün ən azı neftin dünya bazar qiymətlərinin sabit qalacağıyla əlaqədar daha yüksək nəticə əldə olunacağını vəd edirdi: "Bundan əlavə, ölkənin qeyri-neft sektorunda inkişafın davam etməsi də çox şey iddia edir. Hökumətin qeyri-neft məhsullarının ixracının getdikcə genişləndirilməsi istiqamətindəki tədbirləri dayandırılmayıb. 2018-ci ildə qeyri-neft sektorunda 2,9 faiz, növbəti illərdə isə orta hesabla 3 faizdən yuxarı artım proqnozlaşdırılıb ki, hökumət qarşıdakı illərə də inamla baxır. Hesab edirəm ki, ilin sonunadək də müsbət göstəricilər inkişaf etməkdə davam edəcək və növbəti ilə ötən 9 aydan da daha yüksək nəticələr ilə qədəm qoyacağıq".

PƏRVANƏ

 





11.10.2018    çap et  çap et