525.Az

Ermənilərin pulu ilə bəslənən Zatulindən Azərbaycana qarşı növbəti qərəz


 

Ermənilərin pulu ilə bəslənən Zatulindən Azərbaycana qarşı növbəti qərəz<b style="color:red"></b>

Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş və soydaşlarla əlaqə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin növbəti dəfə Azərbaycana qarşı təxribat xarakterli açıqlama ilə çıxış edib.

Ölkəmizə qarşı hər zaman qərəzli olan, ermənipərəst mövqe sərgiləyən Zatulin bu dəfə də öz "ənənəsinə" sadiq qalıb. Belə ki, o, guya Dağlıq Qarabağda müharibənin başlamasının Azərbaycanın dağılması ilə nəticələnə biləcəyi kimi sərsəm açıqlama verib. 2016-cı ilin aprel döyüşləri Azərbaycanın, onun ordusunun gücünü təkcə Ermənistana deyil, bütün dünyaya göstərdi. Hələ Azərbaycan öz hərbi gücünün çox az bir hissəsindən istifadə etdi. Bunu təbii ki, Zatulin və onun kimi Azərbaycanı sevməyən digərləri də gördü və dərin məyusluq yaşadılar. Bununla belə, sərsəm bəyanatlar verməklə özlərinə də təsəlli vermək istəyirlər.

Baxmayaraq ki, bu insanın özü qaranlıq keçmişə malikdir, Rusiya parlamentinə seçilənə qədər fırıldaq işlərlə məşğul olub, amma Azərbaycana qarşı şər, böhtan atmaqdan, qərəzli fikirlər səsləndirməkdən çəkinmir. Bu insanı daha yaxşı tanımaq üçün onun keçmişinə nəzər salmaq lazımdır. Məsələn, LDPR lideri Vladimir Jirinovski onu "heyvan", "alçaq" adlandırıb, bundan da ağır ifadələrlə təhqir edib.

Zatulin həm də separatizmə dəstəyi ilə tanınır. Təkcə Dağlıq Qarabağ məsələsində deyil, postsovet məkanındakı digər münaqişələrdə, həmçinin, Gürcüstan məsələsində separatçıların tərəfdarı və müdafiəçisi kimi çıxış edib.  Məhz Krımda separatçılığı dəstəklədiyinə və millətlərarası münasibətləri qızışdırdığına görə 2006-cı ildə Ukrayna tərəfindən persona non-qrata elan edilib, 2008-ci ildə Simferopol aeroportunda saxlanılaraq bu ölkəyə girişi birdəfəlik qadağan edildi. Elə həmin vaxt Ukrayna əleyhinə radikal fikirlər səsləndirdiyinə görə xəbərdarlıq aldı, 2017-ci ildən isə dövlət axtarışındadır. 2010-cu ildə K.Zatulin separatçı Dağlıq Qarabağ rejiminin seçki şousuna qatıldığı üçün Azərbaycan tərəfindən "arzuedilməz şəxs" elan edildi. 2014-cü ildə isə Abxaziyada keçirilən seçki şousunda yenə eyni rolu oynadı.

Onun erməni separatizminə olan ehtirası ermənilərin daha çox olduğu Soçidə yaşadığı müddətdə inkişaf edib. Zatulin buradan da deputat seçilib. Ermənilər qarşısında maddi və mənəvi öhdəlikləri olması səbəbindən də Zatulin ermənipərəst mövqe tutur, bununla da  tək seçildiyi ərazinin deyil,  bütün Rusiya ermənilərin "etimadını" doğrultmağa çalışır.

Azərbaycanda siyasətçilər, millət vəkilləri də Zatulinin hər zaman ermənipərəst, qərəz dolu mövqe sərgildiyini bildirirlər. Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov  Zatulinin bəyanatlarından təəccüblənmədiyini deyib. Onun sözlərinə görə, rusiyalı deputatın ermənipərəst mövqeyi var: "Bu adam özünün ermənipərəst  mövqeyi ilə çox "məşhurdur".  Buna görə də söylədikləri heç bir təəccüb doğurmur".

R.Musabəyov deyib ki, Zatulin birtərəfli qaydada ermənilərin Dağlıq Qarabağa dair iddialarını dəstəkləyir. Belə məsələlərdə Zatulin tək deyil.  Erməni lobbisi özünün erməni auditoriyasından istifadə üçün nəsə söyləyəndə, başa düşməlidir ki, bunun adekvat qəbul ediləcəyini anlamalıdır".

Qeyd edək ki, Zatulin tək Azərbaycana qarşı deyil, digər dövlətlərə qarşı da belə təxribat xarakterli fikirlər səsləndirir. Ötən il o, qırğızların ünvanına təhqiramiz sözlər deyib. Onun şovinist fikirlərinə cavab olaraq prezident Almazbek Atambayev bildirimişdir ki, Rusiya mətbuatı və bir neçə siyasətçi, ictimai xadim Sankt-Peterburqda metrodakı terror hücumun ardından Qırğızıstandan olan miqrantlara qarşı bir isteriya başlatdı. Atambayev Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulini və rus yazıçısı Mixail Velleri nümunə göstərdi. Onun sözlərinə görə, Zatulin "Rusiya-1" kanalının efirindən Qırğızıstandan olan miqrantları kənar şəxslər adlandırıb və onlara qarşı sərt tədbirlər görməyə çağırıb. Veller isə "Rosbalt"a müsahibəsində skinhedləri dəstəkləyib və onların Rusiyanın maraqlarını müdafiə etdiklərini vurğulayıb.

Zatulinin ermənipərəst mövqeyi açıq-aydındır və qarşı tərəfin sifarişlərini yerinə yetirməklə məşğuldur. Yuxarıda qeyd etdiyimiz kimi, aydındır ki, Zatulinin ermənilərlə çox yaxın və münasibətləri var. Ona görə də bu insandan başqa bir addım gözləmək mümkün deyil. O, heç vaxt obyektiv olmayıb və bundan sonra da olmayacaq. Zatulinin siyasi mövqeyi göz önündədir, o, təhrifçiliklə,  təxribatla məşğuldur. Lakin layiqli cavabını almağın da vaxtı çoxdan çatıb. Zatulin o qədər erməni dairələri ilə sıx bağlıdır ki, ondan obyektiv bir bəyanat gözləmək doğru olmaz. Çünki onun mövqeyi artıq hamıya bəllidir. Aydındır ki, o, bundan sonra da "ənənəsinə" sadiq qalaraq oxşar bəyanatlar verəcək. Zatulinə məsləhət etmək lazımdır ki, gedib daşnak partiyasının proqramlarına baxsın. Onların proqramlarında "Böyük Ermənistan"ın yaranması ilə bağlı maddələr var. Orada Azərbaycan, Türkiyə, Gürcüstan torpaqları əsasında "Böyük Ermənistan" dövləti yaratmaq istəyirlər. Bəlkə həmin proqramları oxuyandan sonra Zatulin özünə gələr. Ancaq bu da inandırıcı deyil. Ona görə ki, o, birmənalı olaraq, ermənipərəstdir və eyni zamanda qərəzlidir.

Bu gün bəllidir ki, Azərbaycan Rusiya münasibətləri yüksək səviyyədədir, Zatulin kimilərin belə açıqlamları bu münasibətləri poza bilməz. Ancaq Azərbaycanda hesab edilir ki, Rusiya parlamentinin rəhbərliyi bu cür açıqlamalarla münasibətlərə kölgə salmağa çalışan Zatulin kimilərə müəyyən xəbərdarlıq etməlidirlər.

PƏRVANƏ

 





11.10.2018    çap et  çap et