525.Az

"Ürəyim əkilir hər gün şum kimi..." - Musa Ələkbərlinin şeirləri


 

"Ürəyim əkilir hər gün şum kimi..." - <b style="color:red">Musa Ələkbərlinin şeirləri </b>

İBN SƏLAMA

Öz zövcən olsa da çəkmədi səni,
Leylinin sevgisiz, ruhsuz bədəni.
Yazıq İbn Səlam, taleyin sənin
Məcnun taleyindən betər yandırır.

Salam, İbn Səlam, zavallı aşiq,
Yuxuma girmişdin, yuxuqarışıq
Bir ağrı, bir acı yaşadım bu gün,
Adına bir şeir başladım bu gün.

Yoxdu, zərrə qədər yoxdu günahın,
Sevginlə, qəlbinlə, eşqinlə haqdın.
Leylinin göz yaşı, Məcnunun ahı
Səni pərvanətək yandırıb yaxdı.

Sən də qurban oldun - sevgi qurbanı,
Öz evin, öz qəlbin zindana döndü.
Məcnunun göynəkli səhra tufanı,
Sənin də başında tufana döndü.

Ay günahsız adam, zavallı aşiq,
Oduna tutuşan ürəkdi, dildi.
Gözündən, könlündən daşlanan işıq
Leyliyə çatası halda deyildi.

Bir kimsə yetmədi sənin dadına,
Haqq özü bu yerdə haqqı danırdı.
Sən Leyli eşqinə, Məcnun oduna
Leylidən, Məcnundan betər yanırdın.

Günahın nə idi, ay İbn Səlam,
Evləndin qəbilə adəti ilə?!
Sevdin, sevilmədin çat verdi qalan,
Öldün bu sevginin xiffəti ilə.

Leyli zövcən idi, o, sənin idi,
Əslində Məcnun da düşmənin idi.
Dözmədin Leylinin göz yaşlarına,
Dözmədin o sonsuz təlaşlarına.
Könülsüz köləyə yaxın durmadın,
Sevgisiz ürəyə yaxın durmadın.

Açılmır başımın dumanı, çəni,
Pak ruhun bu eşqi işıqlandırır.
Bəlkə buna görə taleyin məni
Məcnun taleyindən artıq yandırır.

Sən Leyli eşqini ilahi saydın,
Çat verən qəlbinlə böyütdün dərdi.
Bax bu ucalığı yaşamasaydın
Məcnun obrazına kölgə düşərdi!

OLDUM

Bu il Ataxalda - ata evində
Mən on dörd yaşımın qonağı oldum.
Yuyundum xatirə yağışlarında,
Dünyanın pak, təmiz uşağı oldum.

Necə açıqlayım mən bu uyğunu,
Özümə sirr olan həzin duyğunu?!
Elə sehirlədi yerin ilğımı,
Göylərin al-əlvan qurşağı oldum.

Qəlbimdə ilk sevgi yenə cücərdi,
Gördüm bu duyğular təzədi, tərdi.
Gizlətdim könlümdə boy verən dərdi,
Yaxın bildiyimin uzağı oldum.

Yağmurla yetişdim yayın üstünə,
Yatıb sübhə qalan ayın üstünə.
Şırıltıyla axan çayın üstünə,
Əyilən bir söyüd budağı oldum.

Boylandım Göyyurda - anamsız dağa,
Meşəsi talanmış inamsız dağa.
İllərlə dağ çəkdi çox qansız dağa,
Susduqca özümə mən yağı oldum.

Yüyürdüm birbaşa Zərvin qaşına,
Döndüm əliyinə, uçan quşuna.
Axır qocalığın çıxdım tuşuna,
Boş keçən illərin qınağı oldum.

Yağışa, çiskinə, küləyə döndüm,
Bərədən yan ötüb, sürəyə döndüm.
Burda özüm boyda ürəyə döndüm,
Titrəyən bir nanə yarpağı oldum.

İndi önüm qışdı, önüm ayazdı,
Ay Musa, bu yolda nə çəksəm azdı...
Vətəndən, torpaqdan, sevgidən yazdım,
İlahi bir eşqin sınağı oldum!

GEDƏCƏM

Bu ömürdən-gündən yarımadımsa,
Karsız həyatımdan doyub gedəcəm.
Nişanə qalacaq bir adımdısa,
Onu bir sal daşda oyub gedəcəm.

Yox, bu nə yolluqdu, nə yolçuluqdu,
Zəmanə acgözdü, dövran şuluqdu.
Baxıram hər yanda soyğunçuluqdu,
Mən də öz ruhumu soyub gedəcəm.

Dünyada hər kəsin bir dünyası var,
Ya gerçək həyatı, ya röyası var...
Sevgisiz bir ömrün nə mənası var,
Getmək məqamını duyub gedəcəm.

Ürəyim əkilir hər gün şum kimi,
Udduğum hava da qurğuşun kimi.
Dərd gəlir üstümə bir qoşun kimi,
Onu bircə-bircə sayıb gedəcəm.

Canımda qorxunu öldürəcəyəm,
Bir gün kimliyimi bildirəcəyəm.
Aləmi üstümə güldürəcəyəm,
Ən mübhəm sirrimi yayıb gedəcəm.

Məni eşitsə də, allahım mənim,
Ona yetişmədi çox ahım mənim.
Dünyaya gəlməkmiş günahım mənim,
Bax bu günahımı yuyub gedəcəm.

Ürəyim bağlıdır elə, ulusa,
Torpaq altında da o çətin susa.
Ona yanıram ki, Musa, ay Musa,
Bu gözəl dünyanı qoyub gedəcəm.
 
QOYMA MƏNİ QOCALMAĞA

Ay tanrımın söz sovqatı,
Göy uzaqdı, yer də qatı.
Kökdə saxla bu ovqatı,
Qoyma məni qocalmağa.

Kürsülərdə gur səsim ol,
Birincilik həvəsim ol.
Təngiyəndə nəfəsim ol,
Qoyma məni qocalmağa.

Üzüyümün qaşındasan,
Ürəyimin başındasan.
Sən gözəllik yaşındasan,
Qoyma məni qocalmağa.

Od sozalır ocağımda,
Dərd boy verir qucağımda.
Çox kövrəyəm, bu çağımda
Qoyma məni qocalmağa.

Kamanında telə döndər,
Köksünə tax, gülə döndər,
Ya da yandır külə döndər,
Qoyma məni qocalmağa.

Yoxuşlarda inadım ol,
Səmalarda qanadım ol.
Sevgi dolu həyatım ol,
Qoyma məni qocalmağa.

Ömür şirin bir röyadı,
Məhəbbətdi duzu-dadı.
Dünya sevgili dünyadı,
Qoyma məni qocalmağa.
Qoyma məni qocalmağa!

ŞAİRLİK, AŞİQLİK...

Tanrı bəxş eləyib bu gözəlimi,
Onsuz bircə gün də dözən deyiləm.
Səbrimi üzsə də, ondan əlimi
Ömrün sonunacan üzən deyiləm.

Yanıma yollanıb şükür bu günə,
Daha dərd-qəm nədi bilməyəcəyəm.
Ölsəm də, qalsam da mətləb üstünə
Tələsik, birbaşa gəlməyəcəyəm.

Mənə buta gəlib qadir ozandan,
Nakam aşiqlərin başı olmuşam.
Qələm götürəndən, şeir yazandan
Sevda yollarında naşı olmuşam.

Sevgim haqdan gəlib bir töhfə kimi
Fəqət bu sevgimə cavab olmayıb.
Açılıb ürəyim bir süfrə kimi
Şeirim istəyimi aləmə yayıb.

Yaşın yaş hökmünə boyun əyib də
Ağır oturacam, batman gələcəm.
Elə üzəvari gülümsəyib də
Yanına ürəyi çatnan gələcəm.

Ayların, illərin oduna yanıb,
Bu dəfə mən ayrı yolu gedəcəm.
Yazacağım şeiri sənə qısqanıb,
Gedəcəm, sinəsi dolu gedəcəm.

Bu dəfə qələmi dəyişəcəm ki,
Qəlbinə sancılsın qələmə kimi.
Həsrətlə, hicranla döyüşəcəm ki
Vüsalın uyuşsun dələmə kimi.

Şairlik, aşiqlik sığmır bir yerə,
Sadəcə özümü məhv eləyirəm.
Aşiqtək ilk anda sığınıb şeirə,
Şairtək son anda səhv eləyirəm.

Günlərdən, aylardan macal gözləyib,
Bu dəfə mən ayrı yolu gedəcəm.
Sənə olan şeiri səndən gizləyib
Dünyadan ürəyidolu gedəcəm!

DAĞLARDA YAY ETÜDÜ

Gecə... narın-narın yağış çisəyir,
Buluddan çıxan ay işıq çiləyir.
Dağlar dağ çayını susub dinləyir
Tanrının ilahi nəğməsi kimi.

Arabir üfüqdə şimşəklər çaxır,
Şimşək işığında göy yerə baxır.
Dərələr boyunca bulaqlar axır
Dağların ən təmiz bəhrəsi kimi.

Yar deyən kimsənin yarı yarmı heç,
Yurddan ayrı düşən yarıyarmı heç?!
Dünyada yararlı dərman varmı heç
Bu yaşıl ormanın nəfəsi kimi!

Hər yolum düşəndə bu doğma kəndə
Bir bulaq başında düşürəm bəndə.
Haçansa, nə vaxtsa ölüm gələndə
Hopaydı canıma su səsi kimi.

Varmı, kimsə varmı ölümdən qaça?
Bir də bu dünyaya gələrəm haçan?!
Yolum uzanaydı düz tanrıyacan
Tükənməz yaşamaq həvəsi kimi!

Sən axtar Musanı kövrək çağında
Məcnun səhrasında, Sənan dağında.
Hər gün nəğmələşsin gül sorağında
Dünya bir bülbülün qəfəsi kimi!

VALLAHİ

Bulanıq bulağam, durulmalıyam,
Yatmış bir saatam qurulmalıyam,
Mən sənə təzədən vurulmalıyam,
Sənə vurulmamaq olmur Vallahi.

Sevgi bir bəladır qarşımdan çıxır,
Ötən yaş gözümün yaşından çıxır
Yenə tüstü mənim başımdan çıxır,
Sənə vurulmamaq olmur Vallahi.

Axı çəkdiyin qəm doğma qəmimdi,
Onu necə qıyım sənə kəm indi?!
Zaman dəyişsə də, könlüm həmindi,
Sənə vurulmamaq olmur Vallahi.

Möcüzə budur ki, gözüm nuru, sən,
Yenə əvvəlkitək safsan, durusan.
Könlümdə təptəzə evcik qurursan
Sənə vurulmamaq olmur Vallahi.

Yaralı qəlbimin davası gəlib,
Çəkdiyim cəfanın səfası gəlib.
Başıma Məcnunluq havası gəlib,
Sənə vurulmamaq olmur Vallahi.

Sanmıram sözünə "bəli" desinlər,
"Üzülüb hər yandan əli", - desinlər.
Qoy elə Musaya dəli desinlər,
Sənə vurulmamaq olmur Vallahi!..

MƏNİM XƏYAL SEVGİM

Daşlaşmış ruhumda çiçək bitirdin,
Keyləşmiş əlimi haqqa yetirdin.
Ömrümə ayrı bir ömür gətirdin,
Mənim xəyal sevgim, xəyali sevgim,
Abırlı, ismətli, həyalı sevgim.

Bu da bir taledi, qismətdi, baxtdı,
Canımın göylərlə əlləşən vaxtı
İndi ürəyimdə qurmusan taxtı
Mənim xəyal sevgim, xəyali sevgim,
Abırlı, ismətli, həyalı sevgim.

Baxıb sinəmdəki dağıma gəldin,
Qar almış düzümə, dağıma gəldin,
Sən niyə bu kövrək çağıma gəldin
Mənim xəyal sevgim, xəyali sevgim,
Abırlı, ismətli, həyalı sevgim.

Çıxsaq axırına olar-olmazın,
Köksünü cırsaq biz kədərin, yasın .
Əynində od tutar o tül libasın
Mənim xəyal sevgim, xəyali sevgim,
Abırlı, ismətli, həyalı sevgim.
 
SƏN QEYRİ-ADİSƏN...

Sən qeyri-adisən, qeyri-adisən
Payızda gül açan yaşıl vadisən.
Retro bir nəğmənin əski adısan,
Ürəyimdə bəslən, qurbanın olum,
Qulağımda səslən, qurbanın olum!

Sən adi olsaydın mən bu dərdimi
Açardım... Dizlərim heç əsərdimi?!
Ürəksiz yazılan heç əsərdimi?
Ürəyimdə bəslən, qurbanın olum,
Qulağımda səslən, qurbanın olum!

Payızda kövrəyəm buluddan betər,
Dünya sıxır məni sükutdan betər,
Cansızam gəzəri tabutdan betər,
Ürəyimdə bəslən, qurbanın olum,
Qulağımda səslən, qurbanın olum!

Duyğu dənizisən, dərd adasısan,
Könül nəğməsisən, qəlb odasısan.
Bax indi hayıma sən çatasısan,
Ürəyimdə bəslən, qurbanın olum,
Qulağımda səslən, qurbanın olum!

Kimdi bu töhməti götürən indi,
Məni o ağ yola ötürən indi?
Adını duatək ötürəm indi,
Ürəyimdə bəslən, qurbanın olum,
Qulağımda səslən, qurbanın olum!

Gözəllik deyilən gözün yağıdır,
Ya da ki, eləcə bir gözdağıdır,
Yaşımın ağrılı, kövrək çağıdır,
Ürəyimdə bəslən, qurbanın olum,
Qulağımda səslən, qurbanın olum!

Bir vaxt uzaqlaşan taleyin əli
Səni bu günümə gətirib gəlib.
Mən elə dəliyəm, indi də dəli,
Ürəyimdə bəslən, qurbanın olum,
Qulağımda səslən, qurbanın olum!

Yəqin bu görüşü Tanrı görk edir,
Nadinc taleyimiz bizə ərk edir.
Sevdikcə dünyanı Musa dərk edir
Ayrı bir həvəsnən qurbanın olum,
Ürəyimdə bəslən, qurbanın olum,
Dodağımda səslən, qurbanın olum!

ÜZÜYÜMÜN QAŞI FİRUZƏSİZDİ...

Nə zaman ki ona yetişdi əlim,
Qaşına baxmadım onda mən dəli.
Barmağım üzüyə əsir düşəli
Üzüyümün qaşı firuzəsizdi.

Seçmədim əməlli-başlı üzüyü,
İndi ürəyimdə daşdı üzüyüm.
Ömürtək itirdim qaşlı üzüyü,
Üzüyümün qaşı firuzəsizdi.

Tanrı zülm edəli, bəndə düşəli,
Taleyim kələyə, fəndə düşəli.
Barmağım qızılı bəndə düşəli
Üzüyümün qaşı firuzəsizdi.

Könlümdə boy verir incə bir duyum,
Bəlkə günahımı onunla yuyum?!
Mən də bu mahnını belə oxuyum:
"Üzüyümün qaşı firuzəsizdi..."

 





11.10.2018    çap et  çap et