“Prezidentliyə namizədliklə bağlı addımım müstəqil qərarımdır”. Bunu 525.az-a açıqlamasında prezidentliyə namizədliyini irəli sürən Ana Vətən Partiyasından (AVP) olan millət vəkili Zahid Oruc dilə gətirib. Onun dediyinə görə, bu məsələdə mənsub olduğu partiya-AVP ilə də hansısa bir razılaşmadan söhbət gedə bilməz.
Z. Oruc eyni zamanda deyib ki, əgər bir siyasi partiya başqa bir şəxsin-ölkə Prezidentinin namizədliyini irəli sürübsə və bu baxımdan, digər bir üzvünün bu yöndə fərqli qərarını məqbul saymayacaqsa, o zaman onu da anlayışla qarşılayacaq: “ Hesab edirəm ki, siyasətə bir qədər geniş anlamda baxılsa, o zaman qarşıma qoyduğum hədəflərin nədən ibarət olduğunu də görmək çətin olmayacaq”.
Millət vəkilinin dediyinə görə, o, ulu öndər Heydər Əliyev və onun davamçısı dövlət başçısı İlham Əliyevin siyasətini dəstəkləməklə yanaşı, eyni zamanda, sosial həyatda ciddi dəyişikliklərin olmasının, büdcədə bu məqamların daha çox ağırlıq təşkil etməsinin, eləcə də, normal məmur-vətəndaş münasibətlərinin qurulmasının tərəfdarı kimi, bunları seçki marafonuna daşımaq fikrindədir.
Bununla yanaşı, Z. Oruc siyasətin daim ağ və ya qara rəngdə göstərilməsinin tərəfdarı olmadığını da vurğulayıb.
“Azərbaycan seçicisi deyişib. Ona görə siyasətçilərin də, prezidentlik iddiasında olanların da ritorikası, leksikonu və dili dəyişməlidir”-deyə, o, sözlərinə əlavə edib.
Kamil Həmzəoğlu
çap et