525.Az

Müsavat firqəsi və bolşeviklər


 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ - AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN ETMİŞDİR

Müsavat firqəsi və bolşeviklər<b style="color:red"></b>

Müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsinin 100 ilinin 23 ayı müstəqillik, 71 ili istila-fasilə dövrüdür. Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir. Nəzərdən keçirək. 

(Əvvəli ötən şənbə saylarımızda) 

MÜSAVAT FİRQƏSİ VƏ BOLŞEVİKLƏR 

Azərbaycana ilk qədəm basdıqları gündən etibarən rus bolşevikləri bütün büğz və ədavətlərini Türk Xalq Firqəsi Müsavata tövcih etdilər. İstila qüvvətinin nəzərində “Müsavat”dan daha böyük bir düşmən, bu qüvvətə yardaqçılıq zillətiylə gün qazanan satılıq bolşevik ajanlarının mənfur ağızlarında Müsavatçılıqdan daha ziyankar bir məslək yoxmuş!

Müsavatçılıq töhməti ilə yüzlərcə münəvər adam, onlarca gənc qəhrəman Sibiryanın uzaq köşələrində nəfy (sürgün) və hadsız (günahsız) şəxslər həbs və işgəncələrə məruz qaldı. Moskvadan surəti-məxsusədə ezam olunan “Çeka” heyətləri Azərbaycan milliyyətçiliginin ələmdarı bulunan bu firqə ilə amansız bir surətdə mücadilə etdi. Azərbaycan, Müsavat sirayətindən (nüfuzundan) dəfələrlə “təmizləndi”. Komisarların ağzı ilə bu firqənin “tamamilə iflas etdigi” dəfələrlə elan edildi.

Böylə ikən Sovet mətbuatı, bir dəqiqə olsa da Müsavat firqəsi ilə məşğul olmağı unutmıyordu. Daha dün qoca Çiçerin bu “müflis” firqənin propağandasına qarşı fəryad ediyordu. Bu gün də bolşevik mətbuatının yeni bir manevrasına şahid oluyoruz!

Qarşımızda 28 Nisan tarixi ilə və məşum Nisan istilasını təsid məqsədilə nəşr edilmiş bir bolşevik qəzetəsi duruyor (Bakıda müntəşir “Komunist” qəzetəsi). Bu qəzetə mütəəddid (çoxlu, geniş) məqalələrində Müsavat firqəsi ilə möhtərəm lideri Məhəmməd Əmin haqqında söyləmədiyi lətayifat (lətifələr) buraxmamışdır. Kəndi-lərinə xas həyasız bir üslub və namussuz böhtanlarla mali olan bu məqalələrdə bolşevik mühərrirlərinin bilxassə bir firqə üzərində israr etmələri şayani-diqqətdir. “Komunist” qəzetəçiləri bütün məharətlərini Müsavat firqəsinin Azərbaycan istiqlalı elanındaki əhəmiyyətli rolunu inkara həsr etmişlərdir. Onlar min türlü saçma-larla Müsavat firqəsinin heç bir zaman istiqlalçı olmadığını isbat etmək istərlər. Bu, bir türlü isbat olunmayan iddiayə, şimdi, rusların sadiq uşağı Davud Hüseynov yeni bir iddia dəxi əlavə ediyor. Məgərsə (sən demə) Müsavat firqəsi rus çarlarının da ajanı imiş. Çar Nikolay idarəsi ilə mücadilə etmək istəməzmiş! Bu gülünc iddianın isbatı üçün ortaya nə kibi dəlil çıxarılırsa bəgənirsiniz?! Müsavat firqəsinin Bakı komitəsi dəxi Çarizm zamanında şöbələrinə göndərdigi təlimatda firqə əzasına kəndilərini jandarmalardan qorumaq üçün ehtiyatlı davranmaq, beistilah bəqləyi (səbzəni) ağızdan çıxartmamaq tövsiyə olunuyormuş. İştə bu tövsiyə Müsavat firqəsini Çar tərəfdarı olmaqla ittihama tamamilə kafi gəliyor.

Məzkur nüsxədə Müsavata aid olmaq üzrə, düşməncə bir karikatur dəxi nəşr edilmişdir. Bu karikatura görə Müsavat ölmüş, çürümüş, yalnız quru kəmikləri qalmışdır.

Vücudundan yalnız quru kəmikləri qalan bir qüvvətlə bolşeviklər əcəba, nədən bu qədər məşğul oluyorlar. Müsavat firqəsinin istiqlalçı və Azərbaycançı olmadığını isbata nədən lüzum görülüyor? Rəsulzadənin “Rusiya vətənpərvəri” olduğunu kəşfə nədən ehtiyac hiss edildi? İştə anlaşılacaq əsl məsələ.

Bu məqalələrin 27 Nisan günündə nəşr edilməsi irad olunan sualları tamamilə izah edər. Azərbaycanı hürriyyət və istiqlalından isqat (məhrum etmək) ilə Rusiyaya ilhaq edən bu məşum günü hürriyyət və istiqlal günü deyə təsid edən bu satılıq həriflər xalqın kəndilərinə zərrə qədər etibarı olmadığını pək əla biliyorlar və çox iyi təqdir ediyorlar ki, əfkari-ümumiyyə istiqlaliyyət tərəfdarı və istila müxalifidir. Bu şüarların mürəvvici, bu fikirlərin mübarizi isə Müsavatdır. Bu səbəblə Müsavat firqəsini ləkələmək, onu xalq nəzərindən düşürmək üçün nə lazımsa yapılıyor. Mətbuat inhisarına malik olan bu həriflər “zənn etməyiniz ki, Müsavat firqəsi istiqlalçıdır və rus imperyalizminə düşməndir” deməklə Türk əfkari-ümumiyyəsini şübhəyə düşürmək istərlər.

Fəqət bihudə milliyyət və istiqlal şüarına ələm olan müsavatçılığın pək zində bir fikir olduğu kibi, Müsavat firqəsinin ölmüş, çürümüş bir cəsəd degil, gündən-günə qüvvət və miknət kəsb edən canlı bir təşəkkül olduğu bizzat komunist nəşriyyatı ilə sabitdir. Bu firqənin Azərbaycan təşəkkülündəki rolunu və bugünki əhəmiyyətini öyrənmək istəyənlər başqa şey degil, yalnız bolşevik nəşriyyatını təqib və tədqiq edərlərsə kifayət edər.

Azərbaycan xalqı nəzərində Sovet idarəsi qəsb, zalım və müstövlidir. Sovet nəşriyyatına baxılarsa, bolşevikləri çəkməyən, onlara qarşı mücadil vəziyyətdə bulunan yeganə qüvvət Müsavatdır. Demək ki, qasiblər, zalımlar və müstövlilər əleyhinə çalışan qüvvət də budur.

Öylə ya! “Yürafül-eşyau bi-ziddiha” (Hər şey ziddiylə bilinir)

Azəri (M.Ə.Rəsulzadə)
“Yeni Qafqasiya”, 28 Mayıs 1924, №17 

YENİ TÜRKİSTAN CÜMHURİYYƏTLƏRİ HAQQINDA

(Komunizm siyasətinin yeni bir cilvəsi) 

Buxara və Xiyvə (Xarəzm) hökumətlərinin inhilalı (ayrılması) ilə Türkistanda yeni türk cümhuriyyərlərinin təşəkkül elədiyi haqqında gündəliklərdə Avropa ajanlarından nəqlən, müxtəsər bir həvadis dərc edilmişdi. Son posta ilə gələn Sovet mətbuatı məzkur məsələnin Sovetlər İttihadı (İttifaqı) konqresində mövzui-bəhs edilməsi münasibətilə təfsilat veriyorlar. Bu təfsilata nəzərən, əvvələn Buxara ilə Xarəzm Xalq Sovet Cümhuriyyətləri kəndilərinin artıq Sosialist Sovet Cümhuriyyətləri halına gəlmək zamanının verdiyinə, sonra da Mərkəzi-Türkistan heyəti-icraiyyəsi ilə bərabər müxtəlif milliyyətlərdən təşəkkül edən və bu günə qədər Sovet İttihadına daxil olmayan Buxara ilə Xarəzm hökumətlərinin inhilali luzumuna qane olmuşlardır. Bu “qənaətin nəticəsində” Buxara hökumətinin ünsiri-əslisini təşkil edən özbəklər, Xarəzm ilə Türkistanın digər yerlərində məskun olan millətdaşları ilə birləşərək, Özbək Sosialist Sovet Cümhuriyyəti təşkil edəcəklər. Buxara ilə Xivə və Türkistan Cümhuriyyəti daxilindəki türkmənlər dəxi eyni surətlə vəhdətlərini təmin edərək bir Türkmən Sosialist Sovyet Cümhuriyyətini vücuda gətirəcəklərdir. Buradakı Qırğızlar Rusiya Federasyonuna daxil və əvvəlcə mövcud Qırğız Cümhuriyyətinə və Qara Qırğızlar dəxi muxtar bir Cümhuriyyət şəklində Rusiya Federasyonuna iltihaq edəcəklərdir. Bütün bunlar bittəbii “kəndi arzu və istidaları” ilə Ümumsosyalist Sovet Cümhuriyyətləri ittihadına daxil olub onunla sıxı bir vəhdət təşkil edəcəklərdir.

Bu vaxta qədər Türkistan muxtariyyət və Buxara ilə Xarəzm müstəqil birər cümhuriyyət şəklində, yenə Sovet Rusiyasının idarə və istismarı təhtində yaşayan bu türk əqvamı bundan sonra, aralarındakı qövmi fərq üzərinə idarə olunub əsaslı üç (Özbəkistan, Türkmənistan və Qırğızıstan) məmləkət şəklində (həm felən, həm də hüquqən) Rusiya vəhdəti daxilində yaşayacaqlardır. Bu üç “milliyyət”dən maəda (başqa) Türküstanda Özbək Cümhuriyyəti daxilində muxtariyyəti-məxsusəyi haizi olmaq üzrə bir də Tacik muxtariyyəti təsis olunacaqdır.

Bizim siğayi-müzariylə (keçmiş düşüncə ilə) nəql etdigimiz bu təsəvvürlər artıq bir əmri-vaqe kibi tələqqi olunmaq icab edər, çünki bu, Buxara, Xarəzm və Türkistan konqrelərinin müttəhid və müvafiq bir qərarı şəklində Sovetlər Konqresinə ərz ilə təsdiq və qəbulu (Buxara naminə Feyzulah Xoca, Türkmənlərin də naminə Axtabəyovlar tərəfindən) müstəməndanə bir surətdə rica olunmuş və konqre dəxi bu ricayı məmnunən və təbəkkürən qəbul eyləmişdir.

Bu surətlə təşəkkül eyləyən Özbək Cümhuriyyətinin məsafeyi-səthiyyəsi ilə hüdud və nüfusu bər-vəchi atidir: Özbək Cümhuriyyəti 350.000 mürəbbe verst saheyi-səthiyyə ilə 6 milyona qərib nüfuzu ehtiva edər.Əhalisinin yüzdə 60-65-ini özbək, 15-ni tacik, 8-ni qırğızlarla qara qırğızlar, 10-nu da ruslarla sair millətlər təşkil edər.

Özbək əhalisi əksəriyyət etibarilə oturaqdır (köçəbə müqabili). Özbəkistan ziraət və heyvan bəsləməklə keçinir və məhsulati-ziraiyyəsi cümhuriyyət varidati-ümmumiyəsinin sülsünü (üçdə birini) təşkil edər. Feyzullah Xocanın məruzəsinə görə halı-hazırda Sovet Asiyası Vustasından (Sovet Orta Asiyasından) çıxan pambıq məhsulunun100-də 90-nını Özbəkistan veriyormuş. Türuq (yollar) məabir (keçidlər) cəhətincədə Özbəkistan Asiyayi-Vüsta (Orta Asiya) Cümhuriyyətlərinin ən zənginidir. Türkistan dəmir yollarından 1850 versti bu cümhuriyyət hissəsinə gəliyor.

Türkmən Cümhuriyyəti isə Türkistan, Buxara və Xarəzm ərazisindən və buradakı türkmənlərdən təşəkkül edər. Türkmən Cümhuriyyəti İran, Özbəkistan və Qırğızıstan ilə məhduddur. Nüfusi-ümumiyyəsinin bir milyon 100 min olduğunu söyləyən Axtabəyov, bir o qədər türkmənin İran ilə Əfqanıstanda yaşamaqda olduqlarını əlavə eyləmiş, demişdir ki, “Bunun üçün Türkmən Cümhuriyyətinin şəklini təyin edərkən coğrafi vəziyyətini, qövmi irtibatını və proletariat ixtilalının mənafeyini nəzəri-diqqətə almalıdır”. Bu dəlil ilə də natiqə “Türkmən Sosialist Sovet Cümhuriyyətinin Sosialist Sovet Cümhuriyyətləri İttihadına qəbulu” zəruri görünüyor. Sonra xatib Sovetlər İttihadının böyük bir məmləkəti qəbulda faydamənd olacağını isbat ilə demişdir ki, “Pək sıcaq istəyən pamuq ziraətinə sənədə 150 hərarətli gün lazım ikən burada bu hal 230 gün davam edir. Pamuğun yetişməsi üçün ən azı 3200 dərcə hərarət lazım ikən burada 5000 dərəcəyi bulur. Fəzlə hərarət qiymətdar ziraət istehsalı ilə birinci növdən pamuq yetişdirməsini dəxi təmin edər. Amu Dərya nəhri vasitəsilə suvarılan bu torpaqlar desyatin başına 1400 put məhsul veriyor. Halbuki tarixi şöhrətilə məruf olan Nil vadisinin hasil-hızlığı desyatin başına 600 putu keçməz. “Bundan başqa natiq Moskvaya götürdüyü hədiyyənin qara kürü, Bəhri-Xəzər sahilindəki saydi-mahi (qızıl balıq) və sairə kibi cahana məruf digər qiymətdar məhsulati dəxi mövcud olduğunu saya-saya bitirəməmişdir.

Təbiidir ki, Sovetlər Konqresi bu qədər yağlı bir loxmayı kəmali-məmnuniyyətlə qəbul eyləmiş və onu kapitalist cahangirlərin “əsarətindən” və “avropalıların istismarından” qurtarmışdır. Şübhəsizdir ki, şimdi Buxara ilə Tükistandan gəlir kibi göstərilən bu istida (ərizə) əvvəlcə Moskvadan Komunist Firqəsinin bir təqrir və əmri şəklində Buxara, Xiyvə və Daşkəndə getmiş, məhəllində bir çox təyziqat və “müzakirat”dan sonra xalqın istidası şəklində təkrar Moskvaya dönmüşdür.  Daha doğrusu xalqın xəbəri olmadan oradan Kommunist ajanlarının tasarladığı məhəlli konqrelər namina göndərilmişdir. Yoxsa daha dün əlində silah olaraq Moskvadan ayrılmaq istəyən və bu yoldakı mücadilatını hala davam etdirən bir xalqın bu gün Moskvaya iltihaq arzusunda olduğunu qəbul etmək qədər budalalıq olmaz.

III İnternasional  bir daşla iki quş vuruyor. Həm Buxara ilə Xiyvə hökumətlərinin hökmən olsa da, əskidən bəri mövcud olan istiqlallarını məhv ediyor, həm də Türkistanı daha qolay bir surətdə istismar etmək yollarını təmin ediyor. Bu yol Sovet Konqresində söylənən rəsmi mülahizələrdən maəda bir də Türkistan əqvamının harsı və mədəni inkişafına ayrı-ayrı vəchələr verməklə təmin olunuyor. Türk millətinin müxtəlif qövmlərini təşkil edən türkistanlılar mədəniyyətcə mübtədi bir haldadırlar. Onların bu hallarından bil istifadə kəndilərini lisanlarındakı şiyvə fərqlərinə nəzərən kömələyən komunizm imperylizmi, harsı inkişaflarında, onlara ayrı-ayrı istiqamət vermək istiyor ki, bu surətlə şimdi artıq komunizm mədəniyyəti hökmünə girən Rus harsın “müqəddəs Oktyabr lisanına” daha çabuq təməssül edəcəkləri təmin edilmiş olsun.

Kəndilərini harsən yüksəltmək bəhanəsilə Türkistandakı Türk milli vəhdətinə əsl hars cəbhəsində şiddətli bir iftiraq zərbəsi endiriliyor. Məlum a, Qızıl imperyalizm pamuq məmləkətini idarə etmək istiyor.

Qəribədir ki, Mavərayi-Qafqasiyada ayrı-ayrı milliyyət, din, mədəniyyət və hars zümrəsinə malik olduqları halda Azərbaycan ilə Gürcüstan və Ermənistan cümhuriyyətlərini Rusiya İttihadına müstəqil birər cümhuriyyət şəklində degil, müttəhid bir federasyon şəklində qəbul üçün israr edən Moskva, eyni irq, eyni din, eyni hars və mədəniyyət zümrəsinə mənsub olan Türkistanlıları 3 yerə bölmüş və kəndilərini müstəqil birər mövcudiyyət halında Sovet İttihadı daxilinə almışdır.

Buradakı hikməti idarə kəndiligindən aşikardır. O qədər aşikardır ki, artıq təfsir və izaha belə möhtac degildir.

Azəri (M.Ə.Rəsulzadə)
“Yeni Qafqasiya” noyabr 1924, №4 

DÖRDÜNCÜ İL

“Yeni Qafqasiya” dördüncü yaşına giriyor. Əsir Türk ellərinin böyük ələmlərinə tərcüman olan; Azərbaycan istiqlalı uğrundakı şanlı cihadın böyük məqsədlərini tərvic və müdafiə edən; Qafqasiyalıların rus istilasına, qızıl vəhşətə qarşı müttəhid bir cəbhə təşkil etmələrini istəyən; başda qəhrəman Türkiyə olduğu halda, Şərq millətlərindəki böyük inqilab hərəkatını alqışlayan; İslam və Türk dünyasında qızıl Rusiya istila və məzaliminə qarşı bayraq açmış ilk və yeganə qəzetə olmaq şərəfilə müftəxir bulunan məcmuəmizin proğramını burada təfsil edəcək degiliz. Bu proğramın nədən ibarət olduğunu və nə surətlə tətbiq edildigini 3 sənədən bəri müntəzəmən davam edən nəşriyyatımızla aşina olan qarelərimiz bilirlər.

Məcmuəmizin bundan sonra da eyni istiqamət üzərində yürüyəcəgi təbiidir. Yalnız şu  qədərini qarelərimizə (oxucularımıza) söyləmək istəriz ki, mümkün olduğu qədər, “Yeni Qafqasiya” mündərəcatının tənvvönə (müxtəlifliginə) çalışacaq, Rusiya istilasından canı yanan bütün Türk ellərinin istiqlal uğrundakı mücadilələrinə daha ziyadə yer verəcək, bu xüsusda məzkur ellərin ən səlahiyyətdar müməssilləri tərəfindən yazılacaq məqalələrin müttərid (müntəzəm) surətdə nəşrini, vüsat və imkanı daxilində təmin edəcəkdir.

Nəşriyyatımızı diqqətlə təqib edənlər, şübhəsiz, görmüşlərdir ki, biz nə ilk sırada tutduğumuz Azərbaycan, nə də ünvanımızla məşrut Qafqasya çərçivəsində qalmamış, səhiyfələrimizdə bütün Türk ellərinin halından bəhs eyləmiş və yalnız Türk elləri ilə də iktifa etməmiş, Şərq məmləkətlərindəki bəlli başlı məsələləri dəxi ehmal (əhəmiyyət verməmə) etməmişizdir.

Məəmafih bu xüsuslarda vəzifəmizin kamilən ifa edildigini iddia edəcək qədər də əsəri-qəflət göstərmək istəməyiz. Heç şübhəsiz ki bu xüsusda qüsurumuz vardır; fəqət bu qüsur istəgimizin yoxluğundan degil, imkanımızın azlığından iləri gəlmişdir. Bütün səmimiyyətimizlə ikmalını istədigimiz bu nöqsanın izaləsi üçün biz əlimizdə mövcud bütün imkanı sərf edəcəgiz. Fəqət siz də təqdir edərsiniz ki, yalnız bu qədəri, işin gönül istədigi dərəcədə təkəmmülü üçün kafi və vafi (kifayət edən) degildir.  Lazımdır ki başda Rusiya istilası altında inləyən Türk elləri ilə qafqasyalı qonşu cümhuriyyətlərin müməssilləri olduğu halda, rus imperyalizminin çökməsində həyati surətdə əlaqədar olanlar yardımlarını əsirgəməsinlər, bizi meydanda yalnız buraxmasınlar.

Keçən 3 sənə əsnasında gördügümüz ümumi təvəccöh bizi ümid etdigimiz bu müavinət və əlaqəyi bulacağımızdan ümidvar edəcək bir mahiyyətdədir.

Əminiz ki mənhus qızıl qüvvətin keçirdigi böhran anları sıxlaşdıqca “Yeni Qafqasiya” nəşriyyatının lüzumu daha ziyadə hiss ediləcək və bu hissin vücudu ilə yardımına müraciət etdigimiz mühitin daha hərarətli əlaqəsinə məzhər olacağız, başladığımız işi müvəffəqiyyətlə nəticələndirəcəgiz!

Xatimə olaraq, burada bir xüsusu izah etmək zərurətini hiss ediyoruz. Görüyorsunuz ki, 3-cü kolleksiyonumuz 24 nüsxəyə müqabil, 21 nüsxə ilə qapanıyor. Bu, nəşriyyatımızda vüqu bulan zəruri bir təvəqqüfün (dayanmanın) nəticəsidir. Oxucular bizə aid olmayan texniki bir səbəblə nəşriyyatımızın bir buçuq ay qədər təvəqqüfə uğradığını əlbəttə bilirlər. Bu ələladə hadisə, fövqəladə mühüm bir hadisəyi doğurmasaydı, biz burada ondan qətiyyən bəhs etməzdik. Fəqət düşmənlərin nəşriyyatımızdakı bu müvəqqəti seqtəyə verdigi mənayı xatırlatmaq üçün bu vaqeənin təzəkkürünü müfid görüyoruz.

Əvət, düşmənlər, “Yeni Qafqasiya” qapandı deyə sevinmiş və yalanla idarə olunan yardaqçılarını sevindirmişlərdi. Biz də ey dostlar Türklügün rusluğa, Azərbaycanın Moskvaya, Qafqasyanın Rusiyaya, milliyyətin komunizmə, hürriyyətin əsarətə, demokratizmin diktatorluğa və istiqlalın istilaya qarşı açdığı böyük cidalın müqəddəs ümdələrini tərviç və müdafiə edən bu səyfələri yaşadalım!

- Yaşasın şanlı cidal, yaşasın istiqlal!!

“Yeni Qafqasiya”, 1 təşrini əvvəl (oktyabr) 1926, №1 

AZƏRBAYCAN MƏKTUBLARI

I

Latın hərfləri - Çarşab məsələsi - Sovet seçkiləri

Türkiyədə latın hərflərinin qəbul olunması burada 2 cür təsir icra etdi. Sovet və bolşevik məhafilinin Türkiyədəki bu inqilabdan nə qədər mütəəssir olduqlarını “Bakinski raboçi” ilə “Komunist” və digər qəzetələrdə oxuyacaqsınız. Xalq və türk münəvvərləri isə bu inqilabdan son dərəcə sevinmişlərdir. Azərbaycanda Türkiyə əlifbasını qəbul lehində bir cərəyan başlamışdır. Eşitdigimizə görə “Müsavat” firqəsi Heyəti Mərkəziyyəsi” bütün üzvlərinə Türkiyədə qəbul olunmuş əlifbayı öyrənməyi əmr etmişdir. Ona görədir ki, bən də bu məktubumu yeni türk hərfləri ilə yazıram. Fəqət əlimdə əlifbadan başqa bir qramer və lüğət olmadığından İstanbul şiyvəsində yaza bilmirəm. Ona görə öz dilimizdə və Azəri qrameri ilə yazdığım məktublarımın eynən dərcini rica edirəm.

lll

Azərbaycan Mərkəzi İcra Komitəsi və Xalq Komisarlar Şurası, Azərbaycanda latın əlifbasının 6 illiyi münasibətilə 21 temmuz (iyul) 1928-də bir dekret nəşr etmişdi. Bu dekret mövcibincə 1929 sənəsi kanuni-sani (yanvar) ibtidasında deyilirdi ki:

“Xalqın mədəni səviyyəsini yüksəltmək yolunda görülən sayir tədbirlər cümləsindən olaraq, işçi-kəndli hökuməti 1922-ci ildən yavaş-yavaş köhnə əlifbadan latın sistemi üzərinə qurulmuş asan və geniş xalqa əlverişli olan yeni əlifbaya keçməyi lazım gördü.

O zamandan bəri yeni əlifbanın həyatə keçirilməsi mümkün olduğu görüldü. Yeni əlifba Azərbaycanda geniş surətdə intişar tapdı”.

Sovet hökuməti 6 il içərisində görülən müvəffəqiyyəti (daha doğrusu Türkiyədəki inqilabı) nəzəri-etibarə alaraq: kənd, şəhər, qəza və dairə sovetlərini, icra heyətlərini, məhkəmələri, elmi təşkilatları, iqtisadi müəssisələri, məktəbləri, mətbuat və nəşriyat idarələrini 1929 kanuni-sani (yanvar) ayının 1-nə qədər yeni əlifbaya keçməyə məcbur etmişdir. 5 ay müddətində Azərbaycanda bütün münəv-vərlər, müəllimlər, firqə üzvləri, maarif, kooperativ sovet əzası səfərbər hala alınaraq çalışdırıldı. Kurslar, məktəblər açıldı. Müəssisələrdə işlərin yeni əlifbaya keçirilməsi təcrübə edildi. Və nəhayət yanvarın 1-dən Azərbaycanda ərəb hərfləri meydandan qaldırıldı.

Hürufatdan sonra bu gün Azərbaycan sovet mətbuatilə sovet və bolşevik məhavilini məşğul edən çarşaf məsələsidir.

Ümumi Azərbaycan Sovet qurultayına qədər, qanun flan vermədən xalqın öz təşəbbüsü ilə bu məsələni həll etmək, Azəri qadınlarını çarşabdan çıxarmaq istəyən bolşeviklər bu gün bilxassə bu məsələlərlə, hürufat və çarşab məsələlərilə ehtikar etməkdədirlər.

3-cü məsələ Azərbaycan Sovet qurultayına hazırlıq hərəkatıdır. Bu hazırlıq 2 sənədən ziyadədir ki, davam edir. Daha keçən sənə çağrılması icab edən bu qurultay bir türlü çağrılmırdı. Nədən əcaba?

Azərbaycanın Komisarlar Şurasını seçən mərkəzi icra heyətini bu qurultay təyin edər və Komunist firqəsi bütün siyasətini bu müəssisə vasitəsilə həyata keçirər. Ona görə mərkəzi icra komitəsini intixab edən qurultayın kimlər tərəfindən seçiləcəgi və kimlər əlində olacağı çox mühümdür. Trotskiçilərin aktiv fəaliyyət və mübarizələri, onların stalinçilər tərəfindən tənqid edilməsi, Stalinin “Nep” dövrünün yetişdirdigi və köylərə hakim olan ziraət burjuazisinə qarşı hücumu, köylülərin müqaviməti, Rıkov başda olmaq üzrə sağ mülkiyyətçi bir cərəyanın meydana gəlməsi, Azərbaycan şəraitində bu cərəyanlara intisab edənlərin Komunist firqəsi içərisində Stalin diktatorluğu əleyhinə qüvvətli bir müxalifətə başlamaları, bu müxalifətin bütün Azərbaycana sirayət etməsi, ufaq mülk sahibi olan “Nep” zamanının köy burjuazisinin qəza və köy sovetlərində pozğunçuluğa başlayaraq sovetləri işğala çalışması, maarif, məhkəmə v.s. idarələri istila edərək “kolxoz” və “sovxoz”lara qarşı və köy komunistləri əleyhinə hərəkətə keçmələri, bolşeviklərin təyinincə müsavatçıların bu yeni köy və şəhər ufaq burjuazisindən istifadə edərək komunizm və sosyalizm əleyhinə mülkiyyət və milliyyət şüarlarını meydana atmaları, müəllim, tələbə, münəvvər siniflərin komunistlər də daxil olmaq üzrə rus mühacirətinə, rus istila və istismarına qarşı çıxışları, Komunist firqəsinin sovetlərdəki vəziyyətini heçə endirmişdi. Keçən il mərkəzi icra komitəsi xüsusi bir heyət seçərək qəzalara göndərmişdi. Məzkur heyət qəza sovetlərini tədqiq edərək sovetlərdə oturanların bolşevik firqəsi düşmənlərindən ibarət olduqlarını meydana çıxarmış və həpsini qapıdışarı etmişdi. Fəqət bununla məsələ həll olunmayırdı. Komunist firqəsi keçən il sovetlərə intixabat yapacaq olsaydı Sovet müəssisələrini bütün bütünə komunizmə zidd zümrələrə tərk etmiş olacaqdı. Onunçün Komunist firqəsi aşağıdakı tədbirləri görməyə qədər Sovet seçkilərini bir il təxir etmişdi.

1 - Trotskiçilərin və trotskiçi ünvanı altında Stalin diktatorluğuna müxalifət edənlərin məmləkətdən sürülməsi.

2 - “Nep” dövrünün mülkiyyətçi ufaq burjua sinfini meydandan çıxarmaq və tərəfdarlarını məmləkətdən sürmək.

3 - Komunist firqəsini milliyyətçi və yeni iqtisadi şəraitin yetişdirdigi ufaq burjua ruhlu ünsürlərdən təmizləmək.

4 - Məktəbləri, müəssisələri, sovetləri milliyyətçi elementlərdən təmizləmək.

5 - Müsavatçıların gözə görünən adamlarını məmləkətdən çıxarmaq.

6 - “Müsavat” firqəsinin nüfuzunu əmələ, köylü və xalq içərisində qırmaq üçün geniş surətdə propağanda yapmaq.

7 - Sabiq aristokrasi, burjuazi, ruhani və siyasi firqələr əzalarını Azərbaycandan çıxarmaq v.s. Bütün bunları yapdıqdan sonra Azərbaycan komunistləri yenə böyük bir təhlükə qarşısında bulunduqlarını etiraf etməkdədirlər. Bu təhlükə köylü təhlükəsidir.

Məlum olduğu kibi seçki haqqına malik 3 cür köylü vardır.

1 - Qolçomaq adlanan və 6 desyatinə qədər toprağı olan köylülər.

2 - Ortabab adlanan 1-3 desyatin topraqlı köylülər.

3 - Yoxsullar...

Sovet hökumətinin istinad etdigi iştə miqdarı 300 min olan bu topraqsız yoxsullardır ki, 1-ci və 2-ci dərəcəli mülkiyyətçi və ufaq burjuaya qarşı kollektiv və komunizm ziraəti ətrafında birləşdirilməkdədirlər. Qolçomaqlar kollektiv ziraətə əleyhdardırlar. Ortabablar zəngin olmaq istəyən komunistlərin sosyalizm ziraətindən ürkən bir zümrədir.

Şəhərlərin sərbəst məslək ərbabı münəvvərlərilə ufaq burjuazisini də nəzərdən uzaq tutmamalıdır.

Bu intixabat mücadiləsində sağ bolşeviklər mülkiyyətçi burjua köylüləri, stalinçilər ortabablarla yoxsulları, trotskiçilər isə yalnız yoxsulları. Müsavatçılar yoxsullara topraq şüarı ilə hər 3 zümrənin vəhdət və hakimiyyətini müdafiə edirlər.

3 köylü zümrəsinin aktif fəaliyyəti və komunist listəsinə qarşı mübarizəsi getdikcə qüvvətlənməkdədir. Vəziyyətə hakim olan bolşeviklər bir çox yerlərdə terror metoduna belə keçməyə məcbur olmuşlardır.

Daş-Dəmir
Bakı, 1928 birinci qanun (dekabr) 29
“Odlu-Yurd”, 1 mart 1929, №1

(Ardı var)

 





15.10.2018    çap et  çap et