Adətimdir, boş vaxtlarımda qəzet “arxivimi” tökür, onları dönə-dönə səhifələməkdən yorulmuram. Belə bir vaxtda əlimə çox saralmış “Sürət” qəzeti keçdi. Gözümə bir imza sataşdı: Arzu Feyzullayev, Ağcabədi rayonunda çıxan “Sürət” qəzetinin Sarıcalı kəndindəki müxbir postunun rəhbəri. Bu imza məni çəkib uşaqlıq illərinə apardı.
Bəli, uşaqlıq yaddaşımızda bir Arzu var idi. Biz yetmişinci illərdə birinci sinifdə oxuyanda özümüzdən böyüklərə baxır, düşünürdük ki, bizlər nə vaxt onlar kimi sərbəst olacağıq? Bu böyük uşaqların içərisində isə bir oğlan mehribanlığı ilə hamının diqqətini cəlb edirdi. Digər yaşıdlarından fərqli olaraq bu oğlanın əlində həmişə qəzet olardı. Müəllimimiz bizə deyərdi ki, baxın, uşaqlar, oxuyun, hamınız Arzu kimi olun. O, təkcə əlaçı deyil, həm də ictimaiyyətçidir. Rayon qəzetində ştatdankənar müxbirdir. O vaxt bu peşənin adını tam qavramasaq da, sonralar öyrəndik ki, Arzu indi “Aran” qəzeti olan “Sürət”in fəal ictimai müxbirlərindən olub.
Orta məktəbin altıncı sinfində oxuyanda mən də bu qəzetə məqalələr göndərməyə başladım. Məni bu addımı atmağa Arzu, onun yazıları həvəsləndirmişdi.
Bax, mənim yaddaşımda belə bir Arzu qalıb. Bu yaddaşı təzələmək üçün onun telefon nömrəsini arayıb axtarıram, ona zəng eləyirəm və haqqında yazmaq istədiyimi deyirəm.
– Siz Allah, mən nə etmişəm ki, – deyə təvazökarlıqla minnətdarlığını bildirir. Sonra deyir ki, onun yetkinləşib cəmiyyətdə Arzu Feyzullayev kimi yer tutmağında “Aran” qəzetinin müstəsna rolu olub.
...Arzu Feyzullayev 1961-ci ildə Ağcabədi rayonunun Sarıcalı kəndində anadan olub, 1977-ci ildə kənd orta məktəbini fərqlənmə ilə bitirib. Bundan sonrasını onun özü danışmasını xahiş eləyirəm.
– Məktəbi qurtardıqdan sonra hamı elə bilirdi ki, mən universitetin Jurnalistika fakültəsini seçəcəyəm. Ancaq mən o vaxtkı D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil oldum. İnstitutda eyni zamanda ictimai peşələr fakültəsinin jurnalistika bölməsini qırmızı diplomla bitirdim. 1984-cü ildə həmin məktəbi bitirərək hərbi xidmətə yollandım. Hərbi xidməti başa vurduqdan sonra məni təyinatla Gəncə Toxuculuq Fabrikinə göndərdilər. 1991-ci ildə Dövlət Gömrük Komitəsinə dəvət olundum. İndi Gömrük Komitəsinin əməkdaşı olaraq gömrük xidməti mayoruyam. Bir çox fəxri fərmanla, gömrük orden və medalları ilə təltif olunmuşam. Bütün bunlar isə, siz inanın ki, mənim yoluma işıq salan doğma rayonumuzun qəzetinin sayəsində olub. O qəzet mənim gələcək uğurlarımın bünövrəsi olub. Bir sözlə, “Aran” kökdür, bizlər isə ora-bura qol açmış budaqlar. Budaq öz suyunu kökdən içər, deyiblər.
“Aran”ın mənim ömür yoluma saldığı işıq zolağının ziyasında ali məktəbdə oxuyarkən “İqtisadçı” qəzetində fəal müxbir olmuşam. Gəncədə işləyəndə əvvəllər “Kirovabad Kommunisti”, sonralar isə “Gəncənin səsi” qəzetində müntəzəm dərc olunmuşam. 1990-cı ildə Gəncənin biznes adamı Xaliq Əliyevlə müştərək olaraq “Nizami yurdu” qəzetini nəşr etmişik. Bu müstəqil qəzetdə mənim müxtəlif rubrikalarım olub. Gömrük orqanının “Gömrük” jurnalında bir sıra yazıların müəllifiyəm. “Aran” mənim ilk ali məktəbim, ali məqamım, ali düşüncələrimdir.
Bizim dövrümüzdə sovet ideoloji çərçivəsində fəaliyyət göstərməsinə baxmayaraq, o vaxt “Sürət” adlanan qəzetimiz ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, gənclərin vətənpərvərlik ruhunda, onların təhsilə və əməyə məhəbbət ruhunda böyüməsində böyük rolu olub. “Aran”ın indiki fəaliyyəti isə müstəqillik dövrünə təsadüf edir. Bu isə daha böyük məsuliyyət və gərgin iş tələb edir. Bu işin öhdəsindən layiqincə gəlmək şərəfi isə “Aran”çıların çiyninə düşür. Bu işdə başda qəzetin redaktoru olmaqla hər bir qəzet yazarına uğurlar diləyirəm.
Düz deyirlər ki, qəzet bir orduya bərabərdir. Hansısa bir dövlət başçısı deyib: “400 qəzetçinin gördüyü işi 400 min döyüşçü görə bilməz”. Bu baxımdan mən qəzet yazarı olduğum üçün “Aran”ı yüksək qiymətləndirirəm. “Aran” bu gün o qədər mükəmməldir ki, mən onu əlimə alanda rayonumuzun bu günü ilə həmsöhbət oluram, rayonumuz olaraq Ağcabədi adı ilə fəxr edirəm.
Arzu müəllimin səmimi sözlərini olduğu kimi oxuculara çatdırıram və düşünürəm ki, jurnalist, qəzet işçisi hər şeydən əvvəl istedadlı olmalıdır, böyük mədəniyyəti olmalıdır. Bütün bunlarla bərabər jurnalist geniş ürək və ülvi insanlıq xüsusiyyətlərinə malik olmalıdır. Mənə elə gəlir ki, bu keyfiyyətləri özündə cəmləşdirə bilən insan həmişə cəmiyyətə, dövlətə, xalqa xeyir verə bilər – Arzu müəllim kimi!
Zəminə KƏRİMOVA
“Aran” qəzetinin əməkdaşı
çap et