525.Az

Akademik İsa Həbibbəylinin 69 yaşına


 

Akademik İsa Həbibbəylinin 69 yaşına<b style="color:red"></b>

İsa Həbibbəylinin 69 yaşı tamam olur. Böyük alim, görkəmli ictimai-siyasi xadim-akademik, Azərbaycan Milli Elmlər Akademiyasinin vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili, ali qanuynvericilik orqanında, Milli Məclisdə komitə sədri...

Sadaladığım bu titullar uzun olsa da, bunlar ləyaqətli, şərəfli bir vətəndaş ömrü yaşayan bir insanın gecəli-gündüzlü öz halal zəhmətinin, əməyinin bəhrəsidirsə, yaşını yuvarlaq bir rəqəm olan 70 illiyinin astanasında, bu xoş günündə niyə də yada salmayasan...

Ancaq burası da var ki, bu gərgin ictimai-siyasi fəaliyyət, ağır, çətin elmi axtarışların, tədqiqatların nəticəsi olan qalın-qalın, cild-cild kitablar, monoqrafiyalar, klassiklərimizdən tutmuş müasirlərimizin yaradıcılığı haqqında az qala hər gün dövri mətbuatımızda çap etdirdiyi müxtəlif səpkili yazılar - bütün bunları o, öz 69 illik ömrünə necə sığışdırıb, bax, adamı bu heyrətləndirir və İsa müəllimin bu fəaliyyəti qarşısında ona ürəkdən "alqış, əhsən" deyirsən.

Bu vətənpərvər insanı respublikamızın hər guşəsində olduğu kimi, bizim Şabranda da yaxşı tanıyırlar, hörmət və ehtiram bəsləyirlər.

2015-ci ilin may ayının 30-da Azərbaycan Milli Elmlər Akademiyasinin Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Şabran rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon mərkəzində Azərbaycanın şəhərsalma tarixində mühüm rol oynamış, Ümummilli liderimiz Heydər Əliyevin həmişə diqqət və qayğısında olmuş qədim Şabran şəhəri ilə bağlı keçirilmiş mötəbər beynəlxalq elmi-praktik konfransda ixtisasca filoloq olan İsa Həbibbəyli həm də tariximizə dərindən bələd bir alim kimi çıxış etdi.

2017-ci il YUNESKO-nun qərarı ilə klassik Azərbaycan şairi “Xaqani İli” elan edilmişdi. İsa Həbibbəylinin təşəbbüsü ilə dahi şairimizin bir vaxt həbsdə olduğu, öz ölməz "Həbsiyyə"sini yazdığı Şabranda baş tutan elmi konfrans və poeziya gününü də şabranlılar yaxşı xatırlayırlar. Rəhbərlik etdiyi institutun elmi əsərlərində Şabrandakı ədəbi mühitlə bağlı çap edilən sanballı məqalələr də onun respublikamızın digər bölgələri kimi, Şabrandakı ədəbi proseslərə diqqət və qayğısının nümunəsidir.

Ad gününüz mübarək, İsa müəllim! Xalqa, vətənə bundan sonra da beləcə layiqli xidmət naminə Sizə uzun ömür, möhkəm cansağlığı, bir də yaradıcılıq eşqi arzulayıram!

Novruz NOVRUZOV
Şabran rayon İcra Hakimiyyətinin başçısı

 





16.10.2018    çap et  çap et