525.Az

İKT-dən istifadə təlim-tərbiyənin keyfiyyətini artırır


 

İKT-dən istifadə təlim-tərbiyənin keyfiyyətini artırır<b style="color:red"></b>

Kimsəyə sirr deyil ki, hazırda cəmiyyətə elmli insanlarla yanaşı, elmi tətbiq edə bilən, geniş analitik təfəkkürə, müstəqil bilik və məlumat əldə etmək bacarığına yiyələnən insanlar lazımdır. Bu istiqamətdə əsas güc məktəblərə, daha doğrusu, müəllimlərə düşür.

Təlimdə texniki vasitələr və İKT-dən istifadə şagirdlərin tədris olunan mövzunun ətraflı mənimsəməsi, lazımi bacarıq və vərdişlərə yiyələnməsinə stimul verməklə yanaşı, müəllimin sərf etdiyi əməyi də qismən yüngülləşdirən yüksək tədris situasiyası yaratmağa qadir olan müasir vasitələrdir. Bu vasitələrdən istifadə şagirdlərdə informasiya bazasının çoxalmasına və mövzunu asanlıqla dərk etmələrinə şərait yaradır.

Milli kurikulum İKT-dən geniş istifadəni nəzərdə tutur. Kompüterdən, proyektordan istifadə etməklə mövzunun icmalı qabaqcadan hazırlanır. Motivasiyanın qurulmasında mövzuya aid materiallardan internet qaynaqlarından, fleşkartlardan, əyani vəsaitlərdən, videomateriallardan və s. istifadə etməklə şagirdlərin diqqətini maksimum dərəcədə dərsə cəlb etmək mümkündür. Bundan başqa, şagirdlər tədqiqat aparakən, ümumi nəticələr çıxararkən daha dəqiq, daha səlis işləyir, dərslər bugünkü tələblərə uyğun daha fəal, daha canlı keçir.

Şagirdlər hər tərəfli biliklərlə təmin edilməsi onlarda bacarıq və vərdişlər formalaşdırılmalı, yüksək mədəniyyətə və dünyagörüşünə malik şəxsiyyət kimi yetişdirilməlidir. Belə tədris prosesi şagirdlərdə özünəinam hissi oyadır ki, bu da onlara sinfin və dərsin təşkilində iştirak etməyə, öz fikirlərini sərbəst şəkildə ifadə etməyə şərait yaradır. Müasir təlim metodları və İKT-dən istifadə sinif mühitində dəyişiklik etməyə və cəmiyyətin dəyərli vətəndaşları olmağa çalışan, aktiv, hər şeylə maraqlanan şagirdlərin təhsil aldığı siniflərin yaradılmasında müəllimlərə yol göstərir. Təlim prosesinin daha yaradıcı olmasına, şagirdlərin müzakirə, mühakimə qabiliyyətlərinin formalaşmasına stimul yaradan bu üsul və vasitələr eyni zamanda, şagirdlərin təlim prosesinə daha maraqla və həvəslə yanaşmasını təmin edir.

Bu baxımdan fəaliyyət göstərdiyim məktəbdə atılan addımları xüsusilə qeyd etmək istərdim. Məktəbimizdə müasir təlim metodları və pedaqoji texnologiyaları olan müəllim kadrları cəmləşib. Müəllimlərin gündəlik fəaliyyətinin öyrənilməsi, həmçinin, onların müxtəlif mövzuda metodik yaradıcılıq fəaliyyətinə cəlb edilmələri istiqamətində iş aparılır. Məktəbimizin direktoru Südabə Abdullayevanın təşəbbüsü ilə elə ilk dərs dərs günü bütün müəllimlər [email protected] saytında qeydiyyatdan keçib vebinarda iştirak edib sertifikatlar əldə etdilər.

Bu yaxınlarda "Pətək" Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai birliyi tərəfindən "Dəyərlərimiz, sərvətimiz-gələcəyimizdir" layihəsi start götürəcək. Sözügedən layihənin həyata keçirilməsi yetişməkdə olan gənc nəslin milli-mənəvi dəyərlərə sadiq və sağlam ruhda böyüməsinə dəstək verilməsi məqsədi daşıyır. Layihəyə məktəbimizin şagirdləri də qatılacaq.

Sonda onu qeyd etmək olar ki, İKT tədris prosesinin maraqlı və cəlbedici olması, öyrətmə və öyrənmənin daha da effektivliyi, peşəkar inkişaf imkanlarının bütün müəllimlər üçün əlçatan olması və innovativ pedaqoji ideyalar vasitəsilə təlim tədris prosesinin səmərəliliyinin artırılması üçün köməkçi bir vasitədir, bu vasitədən məqsədyönlü və ehtiyaca uyğun istifadə hər müəllimin vəzifəsidir. 

Gülnarə CABBAROVA
Suraxanı rayonu, 279 №-li tam orta məktəbin  informatika müəllimi

 





16.10.2018    çap et  çap et