525.Az

Bu da Tədbir müəllim və ya 80 yaşın işığı


 

Bu da Tədbir müəllim və ya 80 yaşın işığı<b style="color:red"></b>

Vaxt var ikən
Elə yaşa, elə çalış.           
Bir gün sən olmayanda
Hər kəsə aydın görünsün
Yerində qalan boşluq.

Bu sətirlər oktyabrın 6-da Neftçala şəhər 2 saylı tam orta məktəbində təşkil edilmiş tədbirdəki çıxışdandır. Şeir nümunəsi ilə yazıya start verməyim heç də təsadüfi deyil. Çünki adı gedən şəxsin həm 80 illik yubileyinə, həm də "Bu da mən" kitabının təqdimat mərasiminə həsr edilmiş  tədbir  məhz bu şeir nümunəsindən qaynaqlanırdı. Həyatda özündən sonra iz qoyan, o olmayanda yerində dərin bir "boşluq" qalan  şəxs bəs kimdir?

O şəxs ki, həyatda ən şərəfli peşə olan müəllimlik sənətinə həsr edib bütün həyatını.  Müəllim, məktəb direktoru, 15 il təhsil şöbəsinin müdiri, 7 il texniki peşə məktəbinin direktoru, yenidən müəllim, məktəb direktoru, yenidən təhsil şöbəsinin müdiri vəzifələrində çalışmış, Neftçalada prioritet fikrin məhsulu olan  Təhsil Muzeyinin yaradıcısı və rəhbəri, əməkdar müəllim  Tədbir Mahmudovun qələminin işığına toplaşmışdı həmin gün rayon ictimaiyyəti. 

"Yazdıqlarım nağıl deyil, hamısı reallıqdır, həqiqətlərdir" - deyən qocaman pedaqoq  təqdimatına toplaşdıqları kitabını sənədli roman adlandırır. Çünki həyatının yollarını qarış-qarış yenidən addımlayıb xatirələrin qoynunda təskinlik tapan müəllif özünü təqdimə duyub ömrünün  səksənində.

Bayram bayrama qarışan tədbirdə  rayon ictimaiyyəti ilə yanaşı, paytaxt Bakıdan da  qonaqlar iştirak edirdilər: yazıçı, publisist, pedaqoq, dosent, Qızıl Qələm mükafatı laureatı, ədəbiyyatşünas Allahverdi Eminov, ictimai-siyasi dövlət  xadimi, vətənpərvər şəxsiyyət Sahib Sailov, Azərbaycan İncəsənət Universitetinin baş müəllimi, dosent, tanınmış qiraət ustası, aktyor Nadir Hüseynov, "Təhsil dünyası" qəzetinin baş redaktoru  Böyükağa Mikayıllı, yazıçı, jurnalist, nasir Əlirza Sayılov, Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri Nəbi İbrahimli, yubilyarın keçmiş şagirdi, iş adamı İlqar Qurbanov.

Neftçala şəhər 2 saylı məktəbin direktoru Rövşən Həsənov tədbiri giriş sözü ilə  açandan sonra rayon haqqında videoçarx nümayiş etdirildi. Sonra Tədbir Mahmudovun həyat və fəaliyyətini əhatə edən məruzə yazıçı-pedaqoq Ruhəngiz Əşrəfqızı tərəfindən oxundu. Burada yubiliyarın doğulduğu Qoltuq kəndi, ilk təhsil illəri, əmək fəaliyyəti, çevrəsi, nailiyyətləri barəsində ətraflı məlumat verildi. Məruzəçi qeyd etdi ki, bu, Tədbir Mahmudovun tərcümeyi-halının qısa xülasəsidir. Əslində, "Bu da mən" kitabı onun ömrünün salnaməsidir.  Bir də Tədbir müəllimi geniş şərhə ehtiyac yoxdur. Altmış illik pedaqoji fəaliyyəti göz önündə sərgilənən yubilyarın  öz sözləri ilə desək: "Bu da Tədbir müəllim".

Gurultulu alqışlardan sonra çıxış üçün ilk söz RTŞ-nin müdiri Əjdər Kərimova verildi. O, Tədbir Mahmudov haqqında, onun gördüyü işlər, əməlləri barəsində pafosla söhbət açdı. Yubilyarın  80 yaşını təbrik edərək ona uzun ömür, can sağlığı arzuladı.

Çıxışçılar arasında ikinci yeri Milli Məclisin deputatı, regional məsələlər üzrə komitənin sədri Arif Rəhimzadınin köməkçisi Arif Nağıyev tutmuşdu. Arif Nağıyev Tədbir müəllimi həm sevimli müəllim, həm əvəzolunmaz rəhbər işçi, həm də nəsil ağsaqqalı kimi  dəyərləndirdi. Şagirdlik dövründə müəlliminin yaddaqalan xatirələrindən ağız dolusu danışdı. Sonra yubiliyarla bağlı çəkilmiş  "80 illik ömrə səyahət, ömrün anları" adlı videoçarx nümayiş etdirildi.

"Bu da mən"  kitabı  müəllifin adi, sıradan  bir həyat salnaməsi, memuarı deyil. Burada yaddan çıxan, unudulan, arxa plana keçən nüanslar yox dərəcəsindədir. Tədbir müəllim ömrünün hər səhifəsini vərəqləyib və bu zaman çox ehtiyatlı, həssas davranıb. Vətənpərvər şəxsiyyət, ictimai-siyasi xadim Sahib Sailovun çıxışında məhz belə məqamlara toxunuldu. Yazıçı-publisist Allahverdi Eminov isə təbrikində söylədi ki, Tədbir Mahmudov kimi şəxslər Çin alimi Konfusinin  "Müəllim yetişmir, müəllim doğulur" sitatından qaynaqlanan nümunədir. Onun Neftçala təhsilinə verdiyi  töhfələr  yaddaşlara həkk olunub. Belə bir pedaqoqun ömrü qəlblərdə heykəlləşib.

Tanınmış aktyor Nadir Hüseynov çıxışında uşaqlıq xatirələrinə söykənən məqamlarla yanaşı, bugünü əks etdirən  məsələlərə də yer verdi və yubilyarı həm 80 illik yubileyinə, həm də kitabının nəşrinə görə təbrik etdi.

"Bu da mən" kitabının rəyçisi, "Təhsil dünyası" qəzetinin redaktoru  Böyükağa Mikayıllı qocaman pedaqoqu hələ məktəb illərindən tanıdığını, müəllimlərindən onun haqqında çox eşitdiyini vurğuladı. Sonralar "Azərbaycan müəllimi" qəzetində müxbir işləyərkən  Tədbir müəllimlə görüşdüyünü, eşitdiklərini, müşahidə etdiklərini qələmə aldığını bildirdi. Bu gün də yubilyarı ürəkdən təbrik etdiyini, haqqında yazdıqlarına yeni əlavələr olacağını  sevinclə qeyd etdi.

Yazıçı, jurnalist, nasir Əlirza Sayılov "Bu da mən" kitabının nəşriyyat direktoru kimi söz alıb danışdı. O, Tədbir müəllimin kitabının Məmməd Araz mükafına layiq görüldüyünü elan edərək  yubilyarı təbrik etdi.

İş adamı  İlqar Qurbanov Tədbir Mahmudovun şagirdi olduğunu dedi, xatirələrini çox səmimi, maraqlı tərzdə dinləyicilərə çatdırdı. Xol Qaraqaşlı kənd tam orta  məktəbinin  şagirdlərinin təbrik çıxışları isə tədbirə bir əlvanlıq  gətirdi. Şagirdlər söylədikləri şeir nümunələrində, təbrik notlarında  qocaman pedaqoqun mənalı ömrünün dəyərini  hamıya çatdırmağa çalışdılar.

AYB-nin Muğan bölməsinin  sədri Nəbi İbrahimli  şair Oqtay Rzanın şeirini oxuyaraq  Salyan ictimaiyyəti adından  təbrik çıxışı etdi. Neftçala Rayon İcra Hakimiyyəti və ailə dostu adından isə Əməkdar jurnalist Vaqif Əliyevin oğlu Vasif Əliyev danışdı.

Tədbirin maraqlı məqamlarından biri də  rayon ictimaiyyəti nümayəndələrinin çıxışlarından  ibarət  "Tədbir müəllim  ürəklərdə, yaddaşlarda,  düşüncələrdə" videoçarxının   nümayişi oldu. Neftçalanın tanınmış qiraət  ustası  Zeynəb Muradovanın və kitabın korrektoru  Həqiqət Sərdarovanın  təbrikləri də səmimiliyi ilə fərqləndi.

İnsan həyatında ailənin oynadığı rol danılmazdır. Nümunəvi ailə tutduğun vəzifə, qazandığın uğurlar üçün stimuldur. Yubilyarımız Tədbir müəllimin də həyatında həm boya-başa çatdığı ailəsi, həm də özünün övladlarını pərvazlandırdığı, ömür-gün yoldaşı Fatmanisə xanımla bu gün də sütunlarını qoruyub-saxladığı ailəsi  böyük rol oynayıb. Yaxşı işçi, yaxşı insan olmaq üçün nümunəvi ailəyə sahib olmaq şərtdir. Bu gün də Tədbir müəllim ömrünün xəzan çağında nəvələri ilə fəxr edir. Ömrünün davamını onlarda axtarır. Onun altı nəvəsi var. Qız nəvələri ali təhsilli mütəxəssislərdir. Sonbeşik nəvəsi balaca Tədbir babasının adını daşıyır. İnanırıq ki, o, Tədbir Mahmudovun vaxtın məhdudluğundan çatdırıb həyata keçirə bilmədiklərini reallaşdıracaq və ailənin fəxri, dayağı olacaq.  Tədbirin sonunda  yubilyarın nəvələrinin onu gül-çiçək dəstələri ilə təbrik etməsi ən maraqlı məqamlardan biri oldu.

Sonda yubilyara söz verildi. O, tədbirin təşkilatçılarına - başda  Cahangir Abdullayev olmaqla Ələkbər Zahidova, Rövşən Həsənova, Fikrət İmanova, Tahir Əsədova, Məmmədqasım Qasımova dərin təşəkkürünü bildirdi.

Ruhəngiz ƏŞRƏFQIZI

 





16.10.2018    çap et  çap et