525.Az

Kuznetsov Sumqayıt Dövlət Universitetinin tələbələri ilə görüşdü


 

Kuznetsov Sumqayıt Dövlət Universitetinin tələbələri ilə görüşdü<b style="color:red"></b>

Oktyabrın 15-də Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun lektorlar qrupunun üzvü, rusiyalı politoloq və hüquqşünas alim Oleq Kuznetsov “Erməni millətçiliyi və alman nasizmi arasında ideoloji bağlantı” mövzusunda mühazirə oxuyub.

Tədbirdə universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov, humanitar məsələlər üzrə prorektor, dosent Ramiz Hüseynov çıxış edərək, Azərbaycan-Rusiya dostluğunun tarixindən, həmçinin elmi, iqtisadi, siyasi, mədəni əməkdaşlıqdan danışıb, erməni terrorizmi, xalqımıza qarşı törədilən cinayətlər barədə həqiqətlərin dünyaya çatdırılmasının vacibliyindən söz açıblar. Natiqlər erməni terroru haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdığına, xalqımıza qarşı törədilən cinayətləri əhatəli işıqlandırdığına görə Oleq Kuznetsova dərin təşəkkürlərini bildiriblər. Rusiyalı alimin azərbaycanlıların haqq səsinə səs verməsinin xalqların dostluğunun nümunəsi olduğunu vurğulayıblar.

Rusiyalı tarixçi-alim Oleq Kuznetsov yenidən Sumqayıt Dövlət Universitetində olmağından məmnunluğunu bildirərək qeyd edib ki, bu kimi görüşlərin mütəmadi keçirilməsində məqsəd gənclərə erməni vandalizminin işğalçılıq siyasətinin mahiyyətini açmaqdır. O, erməni terrorizminin yaratdığı bəşəri faciələrdən, Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlardan geniş söhbət açaraq, apardığı araşdırmada erməni terrorunun tarixi, mahiyyəti barədə geniş faktlar əldə etdiyini, ermənilərin 1988-1994-cü illərdə Azərbaycanda həyata keçirdikləri terror aktlarını dərindən araşdırdığını bildirib. Oleq Kuznetsov onu da qeyd edib ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin üzərindən məxfilik qrifi götürülmüş arxiv materialları sovet dövlət təhlükəsizliyi orqanlarında Ermənistanda nasizm ideologiyasının mövcudluğunu təsdiq edən sənədlərin olduğunu üzə çıxarıb: “Erməni millətçiliyi və onun daşıyıcısı “Daşnaksütun” partiyası 1930-cu illərin ortalarınadək SSRİ dövlət təhlükəsizliyi orqanları tərəfindən ideoloji düşmən kimi qəbul edilib. Hələ o zaman daşnaklar nəzarət altında saxlanılırdı, daha fəal üzvlər isə hətta sürgün edilirdi”.

Alim vurğulayıb ki, Rusiya Dövlət Arxivinin SSRİ Daxili İşlər Xalq Komissarlığı fondunda Almaniya ordusunun əsir əsgərlərinin erməni millətçilərinin Üçüncü reyxə xidmət üçün cəlb olunması ilə bağlı dindirilməsi materialları yer alıb: “Onlardan biri nasist Almaniyasının baş təhlükəsizlik idarəsinin agenti, əslən Şamaxıdan olan və müharibəyə qədər Avstriyada yaşamış Peter Kamsarakyan idi. Sovet xüsusi xidmətləri üçün Kamsarakyan informasiya mənbəyi kimi vacib əhəmiyyət daşıyırdı, ona görə də onun işinə SSRİ daxili işlər naziri, general-polkovnik Kruqlov bilavasitə nəzarət edirdi. 1948-ci ilin noyabrında “tam məxfi” qrifi altında onun imzası ilə altı nüsxədə Stalin, Molotov, Beriya, Malenkov və digər rəsmilərin adına arayış tərtib olunmuşdu”.

 





16.10.2018    çap et  çap et