525.Az

İrəvan sammiti Frankofoniya Təşkilatının nüfuzuna xələl gətirdi


 

"FAŞİZM VƏ ETNİK AYRI-SEÇKİLİYİN TÜĞYAN ETDİYİ ÖLKƏDƏ BELƏ BİR SAMMİTİN KEÇİRİLMƏSİ MƏDƏNİYYƏTƏ VƏ HUMANİZMƏ TƏHQİRDİR"

İrəvan sammiti Frankofoniya Təşkilatının nüfuzuna xələl gətirdi<b style="color:red"></b>

Beynəlxalq Frankofoniya Təşkilatının İrəvanda keçirilən 17-ci sammiti sözügedən qurumun nüfuzuna xələl gətirib.

Uğursuzluqla yadda qalan toplantıda bütün dünya humanizm, sülh, insan hüquq və azadlıqları kimi ümumbəşəri dəyərlərin müdafiəsi yollarının axtarışı əvəzinə Fransa prezidenti Emmanuel Makron ilə təşkilatın baş katibi Mişel Jan qarşıdurmasının şahidi olub. Qarşıdurma bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələ üstündə yox, sırf hakimiyyət hərisliyi və bölgüsü ilə bağlı olub.

Müstəmləkəçilik tarixinə malik Fransa geosiyasi maraqlarının ifadəsi olan Beynəlxalq Frankofoniya Təşkilatına nəzarətində olmayan və tam idarə edə bilmədiyi bir şəxsin rəhbərlik etməsini qəbul edə bilməzdi. Sənaye dövləti olan Kanada da Frankofoniya vasitəsilə xüsusən Afrika ölkələrində nüfuzunu artırmaq və qitənin təbii sərvətlərinə daha geniş çıxış imkanları əldə etmək kimi məqsədlər güdür. Nəticədə qarşıdurmalar meydanına çevrilən sammitdə diplomatiya tarixində heç vaxt görünməyən hadisə baş verib. Təşkilatın baş katibi zirvə toplantısının keçirildiyi gün bu təşkilatın ölü halda olduğu barədə rəsmi "Twitter" hesabından açıqlama yayıb. Bundan əlavə, M.Jan yenidən baş katib seçilmək üçün Fransa tərəfinin dəstəyinin ala bilmədiyinə görə İrəvandakı sammitin açılışı zamanı çıxışında təşkilat barədə tənqidi açıqlamalar verib. O bildirib: "Biz qəbul etməyə hazırıq ki, beynəlxalq təşkilatlar şəxsi məqsədlərə xidmət edir... Real politika, dövlətlər arasında xırda anlaşmalar və ya şəxsi maraqlar naminə "demokratiya", hüquqlar" və "azadlıqlar" kimi anlayışlar yalnız mənası çıxarılmış sadə sözlər səviyyəsinə endirilib... Dəyərləri və prinsipləri aldadan (xəyanət edən) təşkilat artıq ölümcül haldadır".

Təşkilatın indiki baş katibini nüfuzdan salmaq üçün dezinformasiya və propaqanda üzrə ixtisaslaşmış fransız mediası xanım Mişel Janı təşkilatın vəsaitələrini şəxsi məqsədlər üçün istifadə etməkdə ittiham edib, baş katibin 500 min avro xərcləyərək iqamətgahını təmir etdirdiyini, xarici səfərlərdə çoxlu pullar xərclədiyini iddia edib. Halbuki sammitin İrəvanda keçirilməsi üçün dəridən-qabıqdan çıxan və zalda oturan Ermənistan rəhbərliyi üçün Frankofoniya Təşkilatı barədə bu cür sözləri eşitmək o qədər də xoş deyil. Təşkilata yeni üzv olan Ermənistan bu təşkilat vasitəsilə öz nüfuzunu artırmaq və Azərbaycanın Qoşulmama Hərəkatı kimi nüfuzlu bir platformada üzvlüyünə və qarşıdan gələn sədrliyinə qarşı imkan əldə etməyə çalışırdı.

Təsadüfi deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan təşkilatın İrəvan sammitində çıxış edərək, Dağlıq Qarabağ münaqişəsiylə bağlı reallığa zid bəyanatlar səsləndirməklə məşğul olub. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunduğu kimi, Ermənistanın baş naziri Düşənbədə Prezident İlham Əliyevlə əldə olunan şifahi razılaşmanın ruhuna uyğun gəlməyən hərəkət edib.

Bildirilib ki, əgər Ermənistan baş naziri dürüst olmaq istəyirsə, o zaman onu tam ədalətli olmağa və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarından zor gücünə öz evlərindən qovulmuş yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının pozulduğunu etiraf etməyə çağırırıq: "Məqsədyönlü şəkildə erməni icmasını "Dağlıq Qarabağ xalqı" adlandıran Ermənistan baş naziri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasına qarşı etnik təmizləmənin həyata keçirildiyinə göz yumur. Əgər Ermənistan rəhbərliyi özünü demokratik adlandırırsa və sülh şəraitinin yaradılmasından danışırsa, o zaman onlar qanunun aliliyi və demokratik dəyərlərə uyğun davranmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrində və digər beynəlxalq təşkilatların qərarlarında tələb olunduğu kimi, didərgin düşmüş insanların öz evlərinə geri dönməsinə imkan yaratmalı və öz silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş ərazilərindən geri çəkməlidir".

Başqa dövlətin ərazisininin 20 faizini işğal altında saxlayan, Xocalı qətliamını törədən Ermənistanda dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi missiyasını üzərinə götürən Beynəlxalq Frankofoniya Təşkilatının sammitinin keçirilməsi və bu tip cəfəng bəyanatların səsləndirilməsinə şərait yaradılması təşkilatın təbliğ etdiyi dəyərlərlə və prinsiplərlə ciddi ziddiyyət təşkil edir. Bu həm də onu deməyə əsas verir ki, Fransa BFT-dən öz maraqları naminə istifadə edir. BFT-nin aparıcı qüvvəsi olan Fransa təşkilatın yeni baş katibi vəzifəsinə Ruandanın xarici işlər nazirinin namizədliyini dəstəkləyir. Bu addım Fransanın Ruandaya jesti kimi qiymətləndirilir. 1994-cü ildə Ruandada soyqırımı həyata keçirmiş dəstələrin (Hutu-Tutsi qarşıdurması, 800 min qurban) rəhbərlərinin Fransa tərəfindən dəstəklənməsi barədə məlumatlar var idi. Fransanın keçmiş prezidenti Nikolya Sarkozi Ruandada səfərdə olarkən ölkəsinin bu soyqırımda rolunu üstüörtülü də olsa, qəbul etmişdi. Məhz buna görə illərlə Fransa ilə Ruanda arasındakı əlaqələr dondurulmuş vəziyyətdə olub. Ruandada məlum hadisələrdən sonra 2008-ci ildə rəsmi təhsil dili kimi fransız dili yerinə ingilis dili elan olunub və Birləşmik Krallıq ilə heç bir xüsusi tarixi bağlılığı olmayan Ruanda "British Commonwealth"in üzvünə çevrilib.

Afrika İttifaqı çərçivəsində Ruandanın xarici işlər nazirinin namizədliyinə o qədər də xoş baxmasalar da, Fransanın sözündən çıxa bilmirlər. Lakin rəsmi təhsil dilini fransızdan ingilisə dəyişmiş bir ölkənin xarici işlər nazirinin "fransız dili amili" üzərində qurulmuş təşkilata necə başçılıq edəcəyi suallar doğurur.

Məsələ ilə bağlı fikirlərini bildirən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, faşizmin və etnik ayrı-seçkiliyin tüğyan etdiyi bir ölkədə Frankofoniya sammitinin keçirilməsi mədəniyyətə və humanizmə təhqirdir. O, "Trend"ə bildirib ki, bu beynəlxalq tədbir bir növ fransız dili və mədəniyyətini sevənlərin və dünyanın hər yerində bu dildə danışanların bayramı hesab edilir: "Ancaq Ermənistan monoetnik dövlətdir və bir nəfər də olsun fransız burada daimi yaşamır. Ümumiyyətlə, Ermənistanda başqa xalqlar demək olar ki, yaşamır. Bunun səbəbi isə ermənilərin başqa xalqlara olan nifrəti və aqressiyasıdır. Ermənistanda yaşayan azərbaycanlıların sonuncu dalğası 1988-ci ildə bu ölkədən faşistcəsinə çıxarıldı. Halbuki həmin torpaqlarda yaşamaq hüququ ilk növbədə bu yerlərin aborigenləri olan azərbaycanlılara məxsus idi".

Deputatın sözlərinə görə, Ermənistan adlı süni dövlət Azərbaycanın tarixi torpaqlarında yaradılıb: "İndi isə 40-dan çox ölkənin nümayəndəsinin iştirakı ilə İrəvanda Frankofoniya sammiti keçirilir. Nə qədər təzadlıdır ki, 17-ci sammitin çağırışı da regionda birgəyaşayış, humanist dəyərlər və müxtəlifliyin qorunması kimi müəyyənləşdirilib. Faşizmin və etnik ayrı-seçkiliyin tüğyan etdiyi bir ölkədə belə tədbirin keçirilməsi mədəniyyətə və humanizmə təhqirdir. Ancaq məsələnin siyasi tərəfi də var. Ermənistan fransız dili və mədəniyyəti ilə bağlı olan bu hadisədən də siyasi dividend əldə etmək istəyir. Uzun illərdən bəri dünyaya özlərini fransız mədəniyyətinə ən yaxın xalqlardan biri kimi təqdim etməyə çalışan ermənilər olmayan bir məsələni fransız-erməni tarixi əlaqələri kimi təqdim edirlər. Əslində isə fransızlarla ermənilərin dostluğunun tarixi Osmanlıya qarşı düşmənçilik və ermənilərin təbəələri olduğu Osmanlıya xəyanəti ilə başlayır. Hazırda isə bu, həm də Rusiyaya qarşı verilən bir siyasi ismarıcdır və Ermənistanın qərbyönümlü siyasət yürüdəcəyinə işarədir".

H.Babaoğlu vurğulayıb ki, lakin belə ucuz şoularla erməni faşizimini gizlətmək mümkün deyil: "Ermənistan işğalçıdır, azərbaycanlılara qarşı soyqırımı törədib və buna görə cavab verəcək".

Ceyhun ABASOV

 





17.10.2018    çap et  çap et