525.Az

Bakı və İrəvan arasında operativ əlaqənin yaradılmasının hansı əhəmiyyəti ola bilər?


 

Bakı və İrəvan arasında operativ əlaqənin yaradılmasının hansı əhəmiyyəti ola bilər? <b style="color:red"></b>

Son vaxtlar Rusiyanın Dağlıq Qarabağ probleminin həlli prosesində aktivlik nümayiş etdirdiyi diqqəti cəlb edir. Əslində, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri, qonşu dövlət olan Rusiya bu istiqamətdə fəallığını əvvəllər də göstərib. Amma son proseslər nəzərə alınarsa, indi Rusiyanın rolu daha qabarıq görünür.

Son proseslər dedikdə, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Dağlıq Qarabağ danışıqlarında fasilənin yaraması, baş nazir Nikol Paşinyanın münaqişənin sülh yolu ilə nizamlanmasına mənfi təsir edən açıqlamaları, cəbhədə gərginliyin artması və s. nəzərdə tutulur. Rusiyanın müşahidə edilən aktivliyi isə münaqişə tərəfləri arasında danışıqlar prosesini bərpa etmək üçün zəmin yaratmaqla bərabər, cəbhədə gərginliyi azaltmağa yönəldilib. Xüsusilə, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın MDB dövlət başçıları şurasının Tacikistanın paytaxtı Düşənbədə keçirilən sammiti çərçivəsindəki görüşü zamanı tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər. Həmçinin, tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar. Hazırda cəbhədə demək olar ki, nisbətən gərginlik azalıb. Bir neçə gün əvvəl MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev də jurnalistlərə açıqlamasında İlham Əliyevlə Nikol Paşinyanın Düşənbədə keçirilən görüşünün Dağlıq Qarabağda gərginliyi azaltdığını bildirib: "Mən Azərbaycan prezidenti ilə Ermənistanın  baş nazirinin bir neçə dəfə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etdiyinə şahid oldum. Nəticələr aydındır - indi münaqişə bölgəsində gərginlik bir qədər azalıb".

Eyni zamanda, ilin sonuna kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin daha bir görüşünün keçirilməsi nəzərdə tutulub. Bu görüşün planlaşdırılmasını həm rəsmi Bakı, həm də İrəvan təsdiqləyib. Buna qədər isə yəni oktyabrın sonlarında Minsk qrupunun həmsədrlərinin regiona səfər edəcək. Yeri gəlmişkən, Lüksemburqda keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin görüşü çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşündə BMT-nin Baş Assambleyası çərçivəsində Nyu-Yorkda baş tutan birgə görüşdən sonra danışıqlar prosesinin hazırkı vəziyyətini, vasitəçilərin bölgəyə qarşıdan gələn səfərini müzakirə ediblər.

E. Məmmədyarov həmin çərçivədə XİN rəhbərlərinin görüşündə çıxışı zamanı Ermənistanda qarşıdan gələn seçkilərdən sonra bu ölkənin sülh və sabitliyə nə dərəcədə hazır olduğunun daha aydın olacağını deyib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bölgənin dayanıqlı inkişafı üçün ən vacib məsələlərdən biridir. Erməni həmkarımla keçirdiyim iki görüş, Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında baş tutmuş söhbət və bağlı qapılar arxasında eşitdiklərimiz bizə irəli getmək imkanları barədə müsbət impuls verir. Ermənistanda qarşıdan gələn seçkilərdən sonra bu ölkənin sülh və sabitliyə nə dərəcədə hazır olduğu daha aydın olacaq, bu isə ilk növbədə Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarması deməkdir. Azərbaycan, öz növbəsində, dəfələrlə bəyan etdiyi kimi, substantiv və nəticəyə yönəlik danışıqlara hazırdır".

Bəs Düşənbə görüşündə müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılması barədə gəlinən qərarın münaqişənin nizamlanmasında hansı rolu ola bilər? Politoloq İlqar Vəlizadə hesab edir ki, ola bilsin ki, Rusiya tərəfindən təklif edilən və iki ölkə liderlərinin Düşənbədə razılaşdırdığı bu qərar hərbi diplomatiyadır. Onun sözlərinə görə, xüsusilə, Bişkek sazişinin necə bağlandığını və əvvəlki vəziyyəti xatırlasaq, o zaman başa düşmək olar ki, bu məsələdə Rusiyanın hərbi diplomatiyası mühüm rol oynayıb: "Həmin vaxt Rusiyanın müdafiə naziri Pavel Qraçev Azərbaycan və Ermənistan müdafiə nazirləri ilə aktiv təmasda olub və bu təmaslar sayəsində 1994-cü ilin mayında sülh müqaviləsi bağlandı və bu, Bişkek razılaşması ilə təmin edildi.

Lakin bu, 1994-cü ildə baş verib və onda  tamamilə fərqli bir hərbi-siyasi vəziyyət var idi, tamamilə fərqli proseslər davam edirdi. Qeyd etmək lazımdır ki, o zaman Rusiya bu münaqişədə aktiv şəkildə Ermənistanı dəstəkləyirdi, Azərbaycan olduqca çətin bir vəziyyətdə idi. Ölkə qısa vaxt idi ki, çox ağır siyasi böhrandan çıxmış, destruktiv qüvvələr hələ də fəaliyyətini davam etdirirdi. Həmin vaxt tərəflər atəşkəs haqqında razılığa gəlirlər". Politoloqun sözlərinə görə, bu gün vəziyyət fərqlidir: "Rusiya əvvəl olduğu kimi, Ermənistanı Dağlıq Qarabağ münaqişəsində dəstəkləmir, bu vəziyyətdə artıq Yerevanın tərəfində dayanmır. Rusiya Ermənistanın onu öz tərəfinə çəkmək cəhdlərinə baxmayaraq, hərbi planda münaqişədən uzaqlaşmağa çalışır, hətta KTMT üzvü olan digər ölkələrlə əlaqədar olaraq da bunu edir".

İ.Vəlizadənin fikrincə, bu gün 90-cı illərdə mövcud olan formatları canlandırmaq səmərəsizdir: "Digər tərəfdən, 2016-cı ilin aprel hadisələri göstərdi ki, rus hərbçiləri bu vəziyyətdə əlaqələndirmə rolunu oynamaqda davam edir. Münaqişə şiddətli forma almağa başladığı dövrdə Rusiya müdafiə nazirinin əlaqələndirməsi və aktiv iştirakı ilə münaqişə zonasında vəziyyəti sabitləşmək mümkün oldu. Bu gün tərəflər Rusiya hərbi-siyasi amilinin mövcudluğundan imtina etmirlər, lakin hazırda münaqişənin həlli üçün digər vasitələr var, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ ilə birbaşa məşğul olurlar".

Ekspet beynəlxalq sülhməramlılar məsələsinə də toxunub. Onun sözlərinə görə, bir çox ekspertlərin danışdığı bu məsələ yalnız vasitələrdən biridir: "Yəni məsələlər ardıcıl olaraq həll olunmalıdır: Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, məcburi köçkünlərin həmin ərazilərə qaytarılması, Dağlıq Qarabağın Azərbaycanın tərkibində statusunun müəyyən edilməsi. Yalnız bundan sonra sülhməramlıların məsələsi müzakirə oluna bilər. Sülhməramlıların tərkibi necə formalaşacaq - bu, ATƏT-in səlahiyyətinə daxildir. ATƏT bu məsələlərlə məşğul olmalıdır. Buna görə də, bu təklif Rusiyanın sərhədlərində münaqişənin potensialını azaltmaq arzusundan irəli gəlsə də, bu, kifayət qədər "çiydir" və bugünkü reallıqlara əsaslanmır, mövcud reallıqlardan çıxış edərək daha realist olmalı və vəziyyət qiymətləndirməlidir".

PƏRVANƏ

 





17.10.2018    çap et  çap et