525.Az

"Haqqı olanlar qalıb kənarda, haqqı olmayanlar onların haqqını mənimsəyiblər"


 

"Haqqı olanlar qalıb kənarda, haqqı olmayanlar onların haqqını mənimsəyiblər"<b style="color:red"></b>

"Qarabağda müharibə başlayanda nə Müdafiə Nazirliyi, nə də hərbi qulluqçular vardı. Orada döyüşənlər adətən könüllü insanlar idi. Azərbaycanın bütün yerlərindən könüllü insanlar gəlib öz ciblərinin pullarına ordan-burdan silah alaraq torpağı könüllü qorudular və şəhid oldular".

Bunu Milli Məclisin (MM) dünən keçirilən iclasında deputat Aqil Abbas deyib.
 
Millət vəkili  bildirib ki, həmin vaxt  yaxşı döyüşənlər polis işçiləri idi: "Çünki onlar nizam-intizam görmüşdülər, qayda-qanunu, silahdan istifadəni bilirdilər. Azərbaycanın bir çox kəndi həmin zaman döyüşən polis və könüllülərin hesabına işğaldan azad olunub. Çox qəribədir ki, əlində avtomatının nömrəsi, ordudan tərxis olunmasına dair sənədi olan döyüşçülər var, amma onlar veteran sənədini ala bilmirlər. Bu hallar əvvəllər də olub. Bununla bağlı dəfələrlə Müdafiə Nazirliyinə də müraciət etmişik. Gedənin arxasınca danışmazlar. Ancaq köhnə müdafiə naziri Səfər Əbiyev heç vecinə də almayıb. Görək indi hazırkı müdafiə naziri nə edəcək".

Millət vəkili Siyavuş Novruzov qeyd edib ki, ölkəmizdə müharibə və əmək veteranlarına daim diqqət və qayğı göstərilir: "Azərbaycana gələn qonaqlar da ölkəmizin bu sahədə təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edirlər. Hərçənd ki, Azərbaycanda müharibə veteranlarının sayı digər ölkələrə nisbətən qat-qat çoxdur".

S. Novruzov deyib ki, bu yaxınlarda Nazirlər Kabineti tərəfindən veteran statusu almayan şəxslər üçün qaydalar tətbiq edilib.

Onun sözlərinə görə, vaxtilə haqqı olan insanlar qalıb kənarda, olmayanlar isə digərlərinin haqqını mənimsəyiblər: "Hökumət də buna əsasən bu haqdan məhrum edilənlərin öz haqqından istifadəsi üçün şərait yaradıb. Azərbaycanda veteranların sayı təxminən 60 mini keçib. Sırf Qarabağla olanları qeyd edirəm. Azərbaycanda polk, diviziya olmayıb. Batalyon olub və bu batalyonlarda da 200 nəfər insan vuruşub".

S.Novruzov əlavə edib ki, ezam olunanlarla həqiq hərbi xidmətə çağıranların statusu fərqli olmalıdır.

Kamil HƏMZƏOĞLU

 





17.10.2018    çap et  çap et