525.Az

"Təhsil işçilərinin əlavə təhsilinin təşkilində yeniliklər" mövzusunda seminar


 

"Təhsil işçilərinin əlavə təhsilinin təşkilində yeniliklər" mövzusunda seminar<b style="color:red"></b>

Dünən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 illiyi çərçivəsində media nümayəndələri üçün "Təhsil işçilərinin əlavə təhsilinin təşkilində yeniliklər" mövzusunda seminar keçirilib.

Seminarda çıxış edən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu bildirib ki, bu il 2 şəhər və 32 rayonda fənlərin məzmunu üzrə 12 min 50 müəllimə ixtisasartırma təlimi keçirilib. Ümumilikdə isə 2015-2018-ci illərdə 29 mindən çox müəllim ixtisasartırma təlimlərinə cəlb olunub. Onun sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulundan ötən 5 il ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub. O qeyd edib ki, bu nailiyyətlərin əhatəliliyinin artması və davamlı xarakter alması isə təhsilin daha əlçatan, keyfiyyətli olmasına zəmin yaradır. V.Yaqublu bildirib ki, strategiya müəllim hazırlığının təkmilləşdirilməsində və müəllim peşəsinin ictimai nüfuzunun artırılmasında da xüsusi rol oynayır: "Təsadüfi deyil ki, 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsində 50 minə yaxın namizəd iştirak edib, 5 mindən artıq namizəd müəllim adını qazanıb. Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə olunub".

V.Yaqublu vurğulayıb ki, ali məktəblərə sonuncu qəbul imtahanında isə 500 və daha artıq bal toplayan abituriyentlər arasında 2090 nəfər müəllim peşəsini seçib. İnstitut direktoru qeyd edib ki, 2018-ci ildə 2 şəhər və 32 rayonda fənlərin məzmunu üzrə 12 050 müəllimə ixtisasartırma təlimi keçirilib: "Ümumilikdə 2018-ci ildə Bakı və regionlarda 28 mindən çox müəllim ixtisasartırma təlimlərinə cəlb olunub".

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Namiq Nağıyev qeyd edib ki, cari ildə bu günündək 6 074 müəllim yekun qiymətləndirmə imtahanlarında iştirak edib. İlin sonunadək daha 25 182 nəfərin qiymətləndirilməsi planlaşdırılır. N.Nağıyev bildirib ki, 2015-ci ildən bu günədək ixtisasartırma təlimlərində iştirak edən müəllimlərin sayı 14,5 dəfə artıb. Onun sözlərinə görə, 24 min müəllim dövlət nümunəvi sertifikat alıb. N.Nağıyev vurğulayıb ki, 2015-ci ildə İTE (1755), ƏTM (284), GDU (123) kimi əlavə təhsil müəssisələrinin sifarişləri əsasında ümumilikdə 2162 nəfər müdavim ixtisasartırma təlimlərinə cəlb olunub, Bakı şəhərində 2 039 və digər regionlarda 123 nəfərin yekun qiymətləndirmədə iştirakı təmin edilib: "2016-cı ildə ixtisas sahəsi və innovasiyalar üzrə ixtisasartırma təlimlərində iştirak edən müəllimlərin sayı artaraq Bakı şəhəri üzrə 3264, regionlarda isə 6191 olmaqla ümumilikdə 9755 nəfərə çatıb. 2017-ci ildə Bakı şəhəri üzrə rəqəmlər 3061, digər bölgələr üzrə 8595 nəfərə çatıb".

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Nəzakət Mehdiyeva isə bildirib ki, dərs dinləmələri zamanı müəyyən olunub ki, müəllimlər yeniliklərin əleyhinə deyillər. Sadəcə müəllimlər yeniliklərin tətbiqi yollarını səmərəli bilmədikləri üçün onu müvafiq şəkildə həyata keçirmirlər. Belə olan halda müəllimlərin ixtisasartırmasına ehtiyac yaranır: "Dövlət hesabına 2015-2018-ci illərdə ixtisasartırma təlimləri aparılır".

Direktor müavini bildirib ki, hazırda məktəb direktorları üçün də ixtisasartırma proqramları hazırlanır və sınaqdan keçirilir: "Proqram üzərində müəyyən düzəlişlər edildikdən sonra geniş şəkildə tətbiqinə başlanacaq. Əlavə təhsil onun bir qolu olan ixtisasartırma təhsili ali və digər təhsil müəssisələri tərəfindən həyata keçirilir. İstənilən əlavə təhsil və ixtisasartırma proqramı aktual məsələyə sərf olunmalıdır. Bu təlimlər minimum 36 akademik saatı əhatə etməlidir".

S.QARAYEVA

 





19.10.2018    çap et  çap et