525.Az

Rusiyadan Xocalı etirafı: "Bu, soyqırımdır"


 

Rusiyadan Xocalı etirafı: "Bu, soyqırımdır"<b style="color:red"></b>

Tarix boyu ermənilər tərəfindən xalqımıza qarşı qətliamlar, soyqırımlar törədilib.

"Böyük Ermənistan" xülyası ilə yaşayan bədnam qonşumuz bu niyyətini həyata keçirmək üçün amansız cinayətlər törədib, günahsız insanları, qocaları, uşaqları misli görünməmiş vəhşiliklə qətlə yetirib. Bu cinayətlərdən ən dəhşətlisi yaxın tariximizdə baş vermiş Xocalı soyqırımıdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən törədilmiş bu soyqırım zamanı 613 dinc sakini, o cümlədən, 63 uşaq, 106 qadın və 70 qoca qətlə yetirilib. Xocalı soyqırımı bəşəriyyət üçün bir utanc yeri, ləkə olmaqla yanaşı, həm də tarixdəki ən amansız soyqırımlardan biridir. Həmin faciə zamanı bir şəhər tamamilə məhv edilib, yer üzündən silindi. O illərdə Azərbaycan müstəqilliyni yenicə əldə etmişdir, ölkədə vəziyyət son dərəcədə ağır idi, demək olar ki, hakimiyyətsizlik hökm sürürdü, bundan istifadə edən işğalçı Ermənistan torpaqlarımızı işğal etməklə yanaşı, ağır cinayətlər, qətliamlar törədirdi.

Bu gün isə vəziyyət tam əksinədir. Azərbaycan hakimiyyəti Xocalı soyqırımının dünyaya çatdırılması ilə bağlı xeyli işlər görüb, artıq dünyanın bir çox dövlətləri, ABŞ-ın 20-dən artıq ştatı Xocalını soyqırım kimi tanıyıb.

Xatırladaq ki, 1993-cü ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra dərhal BMT-nin Təhlükəsizlik Şurasına müraciət edib, Xocalı soyqırımının mahiyyətini açıqlayıb və bütün dünya birliyini təcavüzkarlara qarşı tədbirlər görməyə çağırıb. 1994-cü ilin fevral ayında Azərbaycan parlamenti bu faciəyə hüquqi-siyasi qiymətini verdi. 1998-ci ildə Ümumilli lider Heydər Əliyev Xocalı soyqırımı ilə bağlı fərman imzalayıb. Sonrakı dövrlərdə də Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva bu istiqamətdə xeyli işlər görüblər. Xüsusilə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən başlanan "Xocalıya ədalət" kampaniyası bütün dünyaya bu amansız cinayəti tanıtmaqla, böyük əks-səda doğurub. Bu kampaniya nəticəsində dünyanın çoxsaylı ölkəsinin parlamenti Xocalı faciəsinə soyqırım kimi qiymət verib. Həmçinin, İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası 17 noyabr 2012-ci ildə, qurumun Zirvə Konfransı isə 7 fevral 2013-cü ildə Xocalı faciəsini soyqırım kimi tanıyıb. 

Bu gün Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, tanıdılması üçün Azərbaycan hökumətinin apardığı məqsədyönlü siyasət öz nəticəsini verməkdədir. Artıq dünyanın bir çox ölkələrində tanınmış alimlər, siyasətçilər, tarixçilər bu soyqırımı etiraf etməkdədirlər. Ermənilər tarixdə baş verməmiş bir hadisəni heç bir fakta əsaslanmadan "erməni soyqırımı" kimi dünyaya təqdim edib, bundan öz çirkin məqsədləri üçün istifadə etdikləri halda, yaxın tarixdə baş vermiş Xocalı soyqırımına göz yummaq əlbəttə ki, insanlıqdan kənardır. Dünya birliyi bu cür hadisələrə eyni münasibət bəsləməlidir ki, sabah tarixdə bu dəhşətli cinayətlər bir daha törədilməsin.

Bu gün qonşu Rusiyadan da Xocalı etirafları gəlməkdədir. Xatırladaq ki, bir müddət öncə rusiyalı akademik, məşhur tarixçi Yuri Pompeyev Xocalı faciəsini soyqırım adlandırmışdı. O bildirmişdir ki, silahsız insanlar, uşaqlar məhv edildi, insanlar milli mənsubiyyətinə görə öldürüldülər. Azərbaycanlılara qarşı göz qabağında törədilən bu hadisə əsl soyqırım idi. Bu hərbi cinayətin bir gün mühakimə olunacağı dəqiqdir.

Bu dəfə isə  Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev Xocalıda törədilənlərin Azərbaycan xalqına qarşı soyqırım olduğunu deyib. O bildirib ki, bu şəhərin yerlə yeksan olunması, insanlara divan tutulması bəşəri cinayətdir. Türkiyənin Kayseri şəhərində açılışı olan Xocalı Parkındakı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstəsi qoyan Dmitri Savelyev xatırladıb ki, 26 il əvvəl Azərbaycanın Xocalı şəhərində dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib. Bu cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib. Bu, soyqırımdır. Bunu törədənlər isə indiyədək cəzalarını almayıblar: "Biz hamılıqla çalışmalıyıq ki, Xocalı soyqırımı barədə həqiqətləri bütün dünyaya çatdıraq və bu faciəni törədənlər cəzalarını alsınlar".

Tarixçi, politoloq Məhərrəm Zülfüqarlı hesab edir ki, Azərbaycanın reallıqları ilə bağlı fikir söyləyənlər içərisində Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev tək deyil. Çünki bu cür demokratik fikirli insanlar çoxdur. Onun sözlərinə görə, əgər Dmitri Savelyev "26 il əvvəl Azərbaycanın Xocalı şəhərində dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib. Bu cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib" fikirlərini səsləndiribsə, artıq bu, etirafdır: "Bu fikirlər Xocalı soyqırımının dünyada bir daha tanınmasında da mühüm rola malik ola bilər. Hətta o soyqırımda iştirak edənlərin gələcəkdə cəzalandırılmasında da nəsə əldə etmək olar. Hər halda müsbət haldır ki, rusiyalı deputat bunu etiraf edir. Bu fikirlər bizim haqq işimizin müdafiəsinə də köməklik göstərə bilər".

Millət vəkili Hikmət Babaoğlu isə düşünür ki, Türkiyənin Kayseri şəhərində keçirilən Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı mühüm beynəlxalq xarakterli tədbir kimi yadda qaldı və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından bir daha böyük rol oynamış oldu. Deputatın sözlərinə görə, tədbirdə Dmitri Savelyevin iştirakı da hazırkı mərhələdə Rusiya-Azərbaycan münasibətlərinin keyfiyyətindən xəbər verməklə yanaşı, həm də Rusiya Federasiyası Dövlət Dumasının üzvünün dilindən Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının dünyaya tanıdılması baxımından əhəmiyyətli oldu: "Xocalı parkında çıxış edən Dmitri Savelyev bu gün Rusiya-Azərbaycan münasibətlərinə yaraşan bir şəkildə Xocalıda azərbaycanlılara qarşı soyqırımın olmasını dilə gətirdi. Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş vəhşilikdir. Düşünürəm ki, həm qonşumuz, həm də ATƏT-in Minsk qrupunun sədri olan bir ölkənin Dövlət Dumasının üzvünün bu fikirlərini açıq şəkildə bəyan etməsi və bunu soyqırım adlandırması olduqca çox yaxşı haldır. Savelyev çıxışında onu da vurğulayıb ki, biz Azərbaycana qarşı törədilən Xocalı soyqırımı barədə bütün həqiqətləri dünyaya çatdırılmalıyıq. Eyni zamanda, Türkiyədə təhsil alan xarici tələbələr bir növ sülh elçisi kimi bu həqiqətləri öyrənməli və öz ölkələrində geniş ictimaiyyətə çatdırmalıdırlar. Düşünürəm ki, Savelyevin bu addımı digər ölkələrin, o cümlədən, Rusiyanın parlamentariləri üçün də nümunə olmalıdır".

Milli Məclisin deputatı Rüfət Quliyev deyib ki, ölkəmizin həyata keçirdiyi çoxşaxəli xarici siyasət nəticəsində həm Avropa, həm Asiya, həm də digər ölkələrlə münasibətlərimiz  inkişaf edir. Azərbaycan üçün qonşu, eləcə də nəhəng dövlət olan Rusiya ilə strateji əməkdaşlıq vacib olduğundan, rusiyalı deputat Dmitri Savelyevin ölkəmizin həqiqətləri haqqında söylədikləri fikirlər bizim üçün mühüm əhəmiyyət kəsb edir. Rusiyada Dağlıq Qarabağ həqiqətləri haqqında məlumatlı olan ziyalıların sayının artdığını deyən deputat söyləyib ki, qonşu ölkədə erməni lobbisinin güclü olmasına baxmayaraq, burada deputatların, tanınan şəxsiyyətlərin, siyasi xadimlərin dilindən həqiqətlərin söyləməsi, ölkəmizin uğurlu xarici siyasətindən xəbər verir: "Erməni lobbisinin güclü olduğu bir neçə ölkə var ki, onlardan bəlkə də birincisi Rusiyadır. Amma buna baxmayaraq, Rusiya siyasət adamlarının Azərbaycan həqiqətlərinin dərindən araşdırıb, öyrənərək düzgün nəticəyə çıxması müsbət haldır". Onun sözlərinə görə, Savelyevin fikirləri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da böyük rol oynadı: "Qarabağın işğaldan azad olunması bəyanatları tək Rusiya səviyyəsində dilə gətirilmir. Artıq son bir ildə Dağlıq Qarabağ problemi ilə məşğul olan bütün qurumlar problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyini bildirirlər".

PƏRVANƏ

 





24.10.2018    çap et  çap et