525.Az

Fransa nümayəndə heyətinin işğal olunmuş torpaqlara səfəri etirazla qarşılandı


 

DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASI ETİRAZ BƏYANATI YAYDI

Fransa nümayəndə heyətinin işğal olunmuş torpaqlara səfəri etirazla qarşılandı<b style="color:red"></b>

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması üzrə vasitəçilik missiyası həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən Fransanın sabiq deputatı, qatı ermənipərəst mövqeyi ilə tanınan Fransua Roşebluanla Sent-Etyen şəhərinin meri Qael Perdriau və Arnuvil bələdiyyəsinin rəhbəri Paskal Doll işğal olunmuş torpaqlara qeyri-qanuni səfər ediblər. Hətta Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə Fransanın Sent-Etyen şəhəri arasında dostluq haqqında qeyri-qanuni bəyannamə imzalanıb.

Fransa yerli özünüidarəetmə orqanlarının rəhbərlərinin Azərbaycan torpaqlarına qanunsuz səfər etməsi, orada erməni separatçıları ilə təmaslar qurması ölkəmizdə böyük hiddətlə qarşılanıb, etiraza səbəb olub. Baş vermiş bu hadisə rəsmi Parisin daşıdığı vasitəçilik statusuna növbəti dəfə kölgə salır, bu dövlətin heç də münaqişənin beynəlxalq hüquq çərçivəsində, ədalətli yolla həllində maraqlı olmadığını bir daha ortaya qoyur.

Artıq rəsmi Bakı məsələ ilə bağlı Fransanın ölkəmizdəki səfiri Aureliya Buşezə nota təqdim edib. Xarici İşlər Nazirliyinə çağırılan səfirə Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyinə və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən, bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə fransalı bələdiyyə sədrlərinin qanunsuz səfərləriylə bağlı rəsmi etiraz bildirilib. Xarici İşlər Nazirliyi bu kimi addımlara hüquqi və siyasi qiymətləndirmə verib. Fransa hökuməti bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırılıb.

Müəyyən fasilədən sonra Ermənistanla Azərbaycan arasında danışıqların davam etdirilməsinə qərar verildiyi, tərəflər arasında təmasların yaradılması üçün hazırlıqların getdiyi dövrdə Minsk qrupunun həmsədr dövlətinin belə bir mövqe sərgilməsi başadüşülən olmadığı qədər, prosesin ruhuna mənfi təsir edən ciddi faktordur. Fransa dövlətinin ayrı-ayrı rəsmi dairələrinin BMT Təhlükəsizlik Şurası qətnamələri ilə beynəlxalq səviyyədə işğalçı, təcavüzkar adlandırılan Ermənistanın zəbt etdiyi Azərbaycan torpaqlarında yaratdığı separatçı rejimlə əlaqələr qurmağa cəhd etməsi heç şübhəsiz ikili standartlar siyasətinin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Halbuki münaqişənin həlli ilə bağlı vasitəçilik statusu daşıyan bir dövlət tərəfsizliyini ciddi şəkildə qorumalı, nüfuzuna xələl gələ biləcək addımlar daşınmalı idi. Lakin görünən odur ki, əvvəllər olduğu kimi, bu gün də Fransa tərəfi oxşar addımlar atmağa davam edir, bununla danışıqlar prosesində aşkar şəkildə Ermənistanın yanında yer adlığını göstərir. Ona görə də, Fransa tərəfindən həyata keçirilən bu cür addımlar, təxribat xarakterli hərəkətlər Azərbaycan dövlət və cəmiyyətinin, o cümlədən, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının ciddi narazılığı ilə qarşılanıb.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Fransanın Sent-Etyen şəhərinin merinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə bağlı bəyanat yayıb. Bəyanatı şərh edən "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov qeyd edib ki, Ermənistan kütləvi informasiya vasitələrində verilən məlumata görə, Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə Fransanın Sent-Etyen şəhəri arasında dostluq haqqında "bəyannamə" imzalanıb. O, "Azərtac"a bildirib ki, bu məqsədlə Fransanın Sent-Etyen şəhərinin meri Qael Perdriau qərəzli və anti-Azərbaycan mövqeyi ilə tanınan və erməni lobbisinin təsiri altında olan Fransua Roşebluanın müşayiəti ilə qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib: "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, Fransanın Sent-Etyen şəhərinin merinin qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini və işğal altında olan Şuşa şəhəri ilə dostluq haqqında qeyri-qanuni bəyannamə imzalanmasını kəskin şəkildə pisləyir və hiddətimizi ifadə edirik".

Bildirilib ki, Fransanın Xarici İşlər və Avropa Məsələləri üzrə Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasında mərkəzi qaydada imzalanmış təmimi təlimata baxmayaraq, Fransanın bəzi şəhərlərinin rəhbərləri Fransadakı erməni lobbisinin təsiri altında Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edir və hərbi işğal altında olan şəhərlərlə müxtəlif qeyri-qanuni sənədlər imzalayırlar: "Təəssüflə qeyd etməliyik ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq, Fransanın mərkəzi hökuməti tərəfindən bu kimi qeyri-qanuni əməllərə passiv seyrçi münasibət göstərilir və təsirli addımlar atılmır.

Bu kimi qeyri-qanuni əməllərə əl atan Fransanın bəzi şəhərlərinin rəhbərləri, o cümlədən, Sent-Etyen şəhərinin meri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycan ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlıya qarşı törədilmiş qanlı etnik təmizləməni dəstəkləyir və ona bəraət qazandırır".

Həmçinin qeyd olunub ki, Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən 1992-ci ilin mayın 8-də Azərbaycanın qədim Şuşa şəhəri işğal olunub. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb: "İşğal altında olan Şuşa şəhəri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz bir hissəsi olmaqla bərabər Azərbaycan xalqı üçün tarixi, mədəni, mənəvi və eləcə də rəmzi əhəmiyyətə malikdir. "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan və təhqir edilməsi, mənimsənilməsi kimi məqsədli siyasəti çərçivəsində yalnız Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Yuxarı və Aşağı Gövhərağa, Saatlı məscidləri, Vaqifin Mavzoleyi, Natavanın evi və sair digər abidələr var".

İnsan hüquqlarının universal və bərabərhüquqlu xarakter daşıdığını deyən E.Əhmədov vurğulayıb ki, hazırda sayı 80 min nəfərdən artıq olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması, o cümlədən, sayı 33 mindən artıq olan Şuşa sakininin Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində fundamental hüquqlarının kobud şəkildə pozulması şəraitində Dağlıq Qarabağın yalnız erməni icmasının hüquqlarından danışmaq ədalətsizlik və insan hüquqlarına hörmətsizlikdir: "Ermənistan tərəfinin atəşkəs rejiminin arxasında gizlənərək bu kimi riyakar və cılız addımlarla Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimi təşviq etməsi siyasəti heç zaman gözlənilən nəticəni verə bilməz. Münaqişənin danışıqlar yolu ilə həllinə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı, azərbaycanlı məcburi köçkünlərin, o cümlədən, Dağlıq Qarabağın azərbaycanlı icmasının öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır. Biz, Dağlıq Qarabağın erməni və Azərbaycan icmalarının Azərbaycanın sərhədləri və ərazi bütövlüyü çərçivəsində yenidən birlikdə sülh şəraitində yaşamasına inanırıq. Yalnız bu halda regionda dayanıqlı və ədalətli sülh təmin oluna bilər".

Siyasi elmlər doktoru bildirib ki, Fransa hökuməti ATƏT-in Minsk qrupunun həmsədri olaraq, münaqişənin həllinə xələl gətirən bu qəbildən olan qeyri-qanuni əməllərin qarşısının alınması üçün təsirli addımlar atmalı, digər həmsədr ölkələrlə birlikdə münaqişənin həlli istiqamətində səylərini gücləndirməlidir.

Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sahibə Qafarova isə bildirib ki, ötən ay Fransanın bir neçə bələdiyyə başçıları tərəfindən Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərinin həyata keçirilməsi və orada mövcud olan qondarma rejim təmsilçiləri ilə "bəyannamə" imzalanması, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir.

S.Qafarova qeyd edib ki, belə qanunsuz səfərlərin həyata keçirilməsi Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimin təbliğinə və işğalçılıq siyasətinin təşviqinə xidmət edir: "Bu səfərin təşkili və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimlə imzalanan "bəyannamə" Fransanın özünün də qanunvericiliyi ilə ciddi ziddiyyət təşkil edir. Çünki Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci il mayın 24-də "Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi" haqqında imzalanmış təmimi təlimata əsasən yerli özünüidarəetmə qurumlarına Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etmək qadağandır. Deməli, qanunsuz səfər çərçivəsində imzalandığı iddia edilən "Dostluq haqqında Bəyannamə" heç bir hüquqi qüvvəyə malik deyil. Bu isə bir daha sözügedən bələdiyyə sədrlərinin Fransanın özünün qəbul etdiyi qanunlara qarşı saymazyana münasibətini ortaya qoyur. Paradoksal hal odur ki, Fransa hökuməti və müvafiq qurumlar bu qanunsuzluğun nəticələrinin aradan qaldırılması üçün lazımi qətiyyəti göstərmir".

S.Qafarova digər bir məqama diqqət çəkərək vurğulayıb ki, bu qanunsuz səfərdə iştirak edənlərdən biri olan Fransa Milli Məclisinin sabiq deputatı Fransua Roşebluan həmişə erməni lobbisinin təsirində fəaliyyət göstərib, ermənilərdən daha artıq erməniliyi ilə seçilib: "Sirr deyil ki, Fransada erməni diasporunun təsiri altında fəaliyyət göstərən, erməni diasporunun maliyyələşdirdiyi bir qrup var. Bu qrup hər vəchlə Azərbaycan ilə Fransa arasında mövcud olan münasibətlərə xələl yetirməyə, bu əlaqələri pozmağa çalışır. Bu şəxslərdən biri də Fransua Roşebluandır. O, Avropa Şurası Parlament Assambleyasında fəaliyyət göstərdiyi dövrdə də daima ermənilərin maraqlarından çıxış edir, dünya erməniliyinin mənafeyini qorumaq üçün əlindən gələni edirdi. Hətta biz bircə dəfə belə onun Fransa ilə bağlı məsələlərdə, ya da ümumi Avropanı maraqlandıran problemlərin müzakirəsində iştirak edən görməmişik. Bunun əksinə, Ermənistanın işğalçılıq siyasəti, bu ölkədə mövcud olan problemlər AŞPA-da müzakirə olunarkən Fransua Roşebluan dərhal ortaya atılır, erməniləri ən qatı şəkildə müdafiə edirdi. O, həmçinin, Azərbaycana qarşı radikal mövqedə dayanırdı. Ona görə də, bu gün Fransua Roşebluanın da bu səfərdə iştirakı çox aydın şəkildə səfərin sifarişlə icra edildiyini göstərir".

Deputat qeyd edib ki, Fransa yerli özünüidarəetmə orqanlarının bu kimi qanunsuz addımları Fransanın da təmsil olunduğu ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli səylərinə xələl yetirir: "Çünki işğal və azərbaycanlıların etnik təmizlənməsi əsasında qurulan status-kvonun və Ermənistanın danışıqlardan yayınmaq üçün müraciət etdiyi manipulyasiyaların təşviqinə xidmət edən və təxribat xarakteri daşıyan bu səfər, həmçinin, işğaldan əvvəl azərbaycanlıların yaşadığı Qarabağın tarixi mərkəzi Şuşa və Laçın şəhərlərinin hazırkı terrorçu, qondarma "yerli hakimiyyətləri" ilə "bəyannamə" imzalaması insanlığa qarşı cinayət olan etnik təmizləmələrin, soyqırımlarının nəticələri ilə razılaşmaq, Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə dəstək vermək anlamına gəlir. Şübhəsiz bu, ilk növbədə, ATƏT-in Minsk qrupunun üzvü kimi Fransanın beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil edir".

S.Qafarova hesab edir ki, bu, Fransanın vasitəçi kimi nüfuzuna ciddi zərər vurur, onun vasitəçiliyinə olan etimadı sarsıdır.

Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan ictimaiyyəti Fransa hökumətindən beynəlxalq hüququn, Fransa qanunvericiliyinin və Azərbaycan qanunlarının kobud şəkildə pozulması ilə müşayiət olunan bu qanunsuz səfərlə bağlı dərhal ölçü götürülməsini və adekvat münasibət göstərilməsini gözləyir: "Fransa hökumətinin Dağlıq Qarabağdakı qondarma separatçı rejimi tanımaması barədə açıqlaması əlbəttə ki, yetərli hesab oluna bilməz. Fransa Minsk qrupunun və BMT Təhlükəsizlik Şurasının üzvü kimi, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun ədalətli həllinə nail olunması, Təhlükəsizlik Şurasının bununla bağlı qətnamələrinin icrasının təmin olunması yönündə ciddi iradə ortaya qoyulmalıdır. Arzu edirik ki, Fransa hökuməti bu və digər məsələlərdə Azərbaycanla mövcud olan münasibətlərin ruhuna və özünün beynəlxalq öhdəliklərinə uyğun davransın. Fransa şirkətləri ölkəmizdə dövlət sifarişi ilə həyata keçirilən dəyəri 2 milyard dollardan artıq olan bir çox layihələrin iştirakçısıdır. Əgər Fransa Azərbaycana və Ermənistanın işğalçılıq siyasətinə münasibətdə bu mövqeyini davam etdirəcəksə, Azərbaycan tərəfindən də adekvat addımların atılması qaçılmaz olacaq. Çünki Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi surətdə əməl edən, sözü ilə əməli üst-üstə düşən, ikitərəfli əlaqələrində qarşılıqlı hörmət və etimad prinsiplərinə söykənən, beynəlxalq hüquqa istinad edən müstəqil dövlətdir. Azərbaycan tərəfdaşlıq etdiyi dövlətlərdən də bu prinsiplərə uyğun davranışlar sərgiləməsini gözləyir".

Ceyhun ABASOV

 





25.10.2018    çap et  çap et