525.Az

Bolton: "Qarabağ probleminin həlli ABŞ üçün mühüm əhəmiyyət kəsb edir"


 

"BİRLƏŞMİŞ ŞTATLARIN MÖVQEYİNDƏ BEYNƏLXALQ HÜQUQUN PRİNSİPLƏRİNƏ UYĞUN CİDDİ DƏYİŞİKLİKLƏR BAŞ VERİR"

<b style="color:red">Bolton: "Qarabağ probleminin həlli ABŞ üçün mühüm əhəmiyyət kəsb edir"</b>

Dünən ABŞ prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycana səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

Tədbirdə Azərbaycan prezidenti ilə görüşündən məmnunluğunu ifadə edən C.Bolton dövlət başçısı ilə ABŞ-Azərbaycan əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri, dünya enerji bazarında Azərbaycanın rolu, terrorizm, insan alveri, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə, insan haqları, habelə regionda cərəyan edən siyasi və iqtisadi proseslər, region ölkələri ilə münasibətlər və digər məsələlərin müzakirə olunduğunu bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayrıldığını deyən ABŞ rəsmisi qeyd edib ki, bu problemin həlli ABŞ üçün də mühüm əhəmiyyət kəsb edir.

Qarşıdakı dövrdə Ermənistana səfər edəcəyini, məsələ ilə bağlı rəsmi İrəvanın da mövqeyi ilə tanış olacağını vurğulayan C.Bolton əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ bundan sonrakı dövrdə də münaqişənin həlli istiqamətində səylərini davam etdirəcək.

C.Boltonun Bakı səfəri ilə bağlı "525"ə fikirlərini bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli qeyd edib ki, ABŞ prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri bu səfər zamanı keçirdiyi görüşlərdə kifayət qədər önəmli fikirlər səsləndirib: "Con Bolton ABŞ-Azərbaycan münasibətlərinin strateji əhəmiyyət daşıdığını xüsusi olaraq vurğulamasını ciddi nəzərə almaq lazımdır".

E.Mirzəbəyli bildirib ki, C.Bolton Birləşmiş Ştatların dövlət siyasətinə təsir etməyi bacaran önəmli fiqurlardan biridir: "Bu mənada ABŞ prezidentinin müşavirinin Azərbaycana səfəri ilk növbədə iki ölkə arasındakı münasibətlərə ciddi töhfə verəcək".

Politoloqun sözlərinə görə, amerikalı dövlət rəsmisi Birləşmiş Ştatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesiylə bağlı prinsipial fəaliyyət ortaya qoymaq niyyətində olduğunu bildirib: "ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin son müsahibəsindən də nəzərə çarpırdı ki, Birləşmiş Ştatların Azərbaycan torpaqlarının işğaldan azad edilməsiylə bağlı mövqeyində beynəlxalq hüququn prinsiplərinə uyğun kifayət qədər ciddi dəyişikliklər baş verir. Bu aspektdən Con Boltonun ölkəmizə səfəri zamanı səsləndirilən fikirlərini olduqca müsbət qiymətləndirirəm. Düşünürəm ki, bütövlükdə bu, prosesin inkişafına ciddi təsir göstərəcək".

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan  SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ceyhun ABASOV

 





25.10.2018    çap et  çap et