Millət vəkili Qənirə Paşayeva İğdır Genç Girişimçiler Kurulu tərəfindən Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələrinə və İğdırın tanıtımına göstərmiş olduğu dəstəyə görə mükafatlandırılıb.
525.az-ın məlumatına görə, Türkiyənin İğdır vilayətində səfərdə olan millət vəkili Qənirə Paşayeva İğdır Ticarət və Sənaye Odası başqanı Kamil Arslan və heyət üzvləri ilə görüşüb. Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu dedi. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin bir çox şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, İğdırın da Azərbaycan bölgələrindən biri ilə qardaşlaşmasının önəmini vurğulayıb.
Azərbaycan və Türkiyənin bir millət iki dövlət olduğunu deyən İğdır Ticarət və Sənaye Odası başqanı Kamil Arslan İğdırla Azərbaycanın müxtəlif bölgələri arasında əlaqələrin, iş birliyinin, iqtisadi və ticari əməkdaşlığın daha da artmasında maraqlı olduqlarını bildirib. Azərbaycanın bu gün dünyanın müxtəlif ölkələrinə, o cümlədən Türkiyəyə sərmayələr qoyduğunu deyən İğdır Ticarət və Sənaye Odası başqanı Kamil Arslan azərbaycanlı iş adamlarının İğdıra sərmayə qoymalarının və burada daha geniş fəaliyyət göstərmələrinin önəmini də qeyd edib.
Millət vəkili Qənirə Paşayeva İğdıra səfəri çərçivəsində eyni zamanda İğdır Genç Girişimçiler Kurulu başqanı Nizamettin Taşbağ və heyət üzvləri ilə görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdə millət vəkili Qənirə Paşayevaya İğdır Genç Girişimçiler Kurulu tərəfindən Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələrinə və İğdırın tanıtımına göstərmiş olduğu dəstəyə görə plaket təqdim edilib. Mükafata görə minnətdarlığını bildirən millət vəkili Qənirə Paşayeva bundan sonra da bu istiqamətdə öz fəaliyyətini davam etdirəcəyini deyib.
İğdır Ticarət və Sənaye Odası başqanı Kamil Arslan və İğdır Genç Girişimçiler Kurulu başqanı Nizamettin Taşbağ ilə görüşdə Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva həmçinin Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə də danışmışdı.
Görüşün sonunda millət vəkili Qənirə Paşayeva İğdır Ticarət və Sənaye Odası başqanı Kamil Arslana və İğdır Genç Girişimçiler Kurulu başqanı Nizamettin Taşbağ Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı kitab və materiallar və özünün müəllifi olduğu kitabları da təqdim edib.
Millət vəkili Qənirə Paşayeva İğdıra səfəri çərçivəsində İğdırda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də görüşüb.
çap et