525.Az

"Mən gəncliyə bağlamışam ömrümü"


 

"Mən gəncliyə bağlamışam ömrümü"<b style="color:red"></b>

Azərbaycan Respublikası Milli Məclisinin Əmək və Sosial Siyasət Komitəsinin sədri, tanınmış ictimai xadim, siyasi elmlər doktoru, professor Hadı Rəcəblinin doğum günüdür.

Onun adı çəkiləndə xalqına, millətinə bağlı həssas, duyğulu, xeyirxah, nəcib, illərin sınağından çıxmış vətəndaş ziyalı obrazı canlanır gözümdə. Yüksək mədəniyyəti, intellekti, iti zəkası, təvazökarlığı, barlı budaq kimi ana torpağa söykənməsi ona həmişə baş ucalığı, şan-şöhrət gətirib. Uzun illərdən bəri tanıdığım görkəmli bir insan haqqında, həssas bir alim, tanınmış siyasətçi, gənclərin dostu, simsarı, xeyirxahı haqqında isti söz demək fürsəti qazandığım üçün özümü xoşbəxt sayıram.

İlk baxışda dağlar kimi məğrur, buludlar kimi fikirli, düşüncəli görünən Hadı müəllimlə söhbət edərkən onun zəngin dünyasına, müdrikliyinə, ipək kimi ürəyinə heyran qalırsan. İllər uzunu qazandığı uğurları, bilik və təcrübəni qızırqalanmadan tələbələri ilə, elmi rəhbəri, məsləhətçisi olduğu gənclərlə bölüşmək, onlarla daim ünsiyyətdə olmaq, yetirmələrinin uğurlarına sevinmək onun ömrünün ən unudulmaz anlarıdı.

Bakı Dövlət Universitetində oxuduğum illərdə, xüsusilə "Dövlət Təhlükəsizliyində Sosial Siyasətin yeri və rolu" mövzusunda dissertasiya işi üzərində işləyərkən professor Hadı Rəcəblinin mənə verdiyi son dərəcə ağıllı, faydalı məsləhətlərini, qayğısını unutmamışam. Sevinirəm ki, həyat amalı yaxşılıq, xeyirxahlıq, nəciblik olan professor Hadı Rəcəbli bu gün də doktorluq işimin elmi məsləhətçisidir.

Hadı müəllim gəncliklə nəfəs alır. Tələbə auditoriyasında keçirdiyi anlar onun ən xoşbəxt anlarıdı. Tələbələri qarşısında çıxış edərkən tribuna sanki sal qayanı, auditoriya ləngərli dənizi xatırladır. Ana dili, Vətən sevgisi, müstəqillik, böyük hərflərlə yazılacaq İNSANLIQ Hadı müəllimin dilinin əzbəridir. İnsanlığın, dünyanın taleyindən narahat olan professor Hadı Rəcəbli tələbələrinə tez-tez böyük şairimiz Bəxtiyar Vahabzadənin bu narahat misralarını xatırladır:

Qorxuram dünyada bir zaman gələ
İnsanlar yaşaya, insanlıq ölə.

Böyük insanlıq isə doğulduğun yurda, yuvaya, üzü üstə düşüb qalmış qaraca daşa, suya həsrət bir ağaca, gözü yaşlı bir anaya diqqətdən, qayğıdan, sevgidən başlayır.

Hadı müəllim ensiklopedik zəkalı, yüksək təfəkkürə malik nadir ziyalılarımızdandır. Tanınmış dövlət xadimi kimi keçdiyi mənalı həyat yolunu, zəngin həyat təcrübəsini yetirmələri ilə bölüşən, istənilən mövzu ilə bağlı polemikaya qoşulan, hər zaman haqqın, həqiqətin üzə çıxmasına çalışan bu nəcib insandan öyrənməli çox şey var. Gənclərlə hər söhbətində doğruluğun, düzlüyün bərqərar olacağı ideal cəmiyyət arzularından danışır və Azərbaycanın günbəgün o günlərə yaxınlaşdığını bildirir və eşitdiyi maraqlı bir əhvalatı xəfif bir təbəssümlə tələbələrinə danışır: "Məhşur şərqşünas Marr Parisə oxumağa gedir. Kirayənişin olduğu evdən vətənə - evlərinə məktub göndərmək qərarına gəlir. Ev sahibəsi bildirir ki, cavan oğlan, ver qulluqçu aparıb poçt qutusuna atsın. Gənc tələbə Marrın tərəddüd etdiyini görən ev sahibəsi məktubu onun əlindən alır və açıq pəncərədən aşağı tullayır. Marr sonralar söyləyirmiş ki, ürəyim qopdu. Sahibə onu sakitləşdirir ki, narahat olma, cavan oğlan, küçədən keçən kimsə götürüb mütləq poçt qutusuna atacaq. Arxayın ol, məktubun ünvanına gedib çatacaq. Çox keçmir ki, pəncərədən küçəyə atılmış məktubun cavabı gəlir".

Professor Hadı Rəcəblinin hər söhbətində dünənlə bu günün bağlılığı var. Məmməd Arazın:

Bu günü olmayanın
Nə dünəni olubdu,
Nə sabahı olacaq -

misralarını tez-tez yada salır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan bugünkü uğurlardan fərəhlə söz açır, gəncliyi bu quruculuq işlərində yaxından iştirak etməyə çağırır.

Hadı müəllimin nitqi rəvan, bulaq kimi çağlardı. Sadəliyi, səmimiliyi, mehribanlığı, alicənablığı, ürək genişliyi, xoş ovqatı, gözəl aurası ilə ətrafında sağlam bir mühit, atmosfer yaradır. İnsanlara dost, simsar olan bu nəcib insan çətinliyə düşən, ona üz tutan, ürək qızdıran hər kəsə kömək etməyə can atır. Hər bir kəsin dərdini duyması və bu dərdi, ağrını öz dərdi, ağrısı kimi yaşaması professor Hadı Rəcəblini xarakterizə edən ən gözəl cizgilərdi.

Ədəbiyyatı, musiqini, gözəl sənət əsərlərini incəliyinə qədər hiss edən, duyan, yaşayan Hadı müəllim həddindən artıq kövrək, xəlqi insandır. Söz-söhbətindən hiss olunur ki, o, Azərbaycan təbiətinin bütün gözəlliklərini, çalarlarını ilmə-ilmə qəlbinə köçürüb. Və bu gözəlliyi o, dərs dediyi, elmi rəhbəri olduğu hər bir gəncdə görmək istəyir.

Hadı müəllim bildirir ki, cəmiyyətin çiçəklənməsi, intibahı ayrı-ayrı fərdlərdən başlayır. Ona görə də hər bir gənc hara getsə, harda olsa öz ölkəsinin səlahiyyətli səfiri missiyasını daşımalıdır. Bu, vaxtın, zamanın diqtəsidi. Bu, böyük Azərbaycan sevgisi, vətən məcnunluğudur.

Olanları unutmaq, yaxşılıqları yaddan çıxarmaq ən böyük insafsızlıq olardı. Professor Hadı Rəcəblinin çox insanların çiynində haqq-sayı var. Amma bircə dəfə də olsun etdiyi yaxşılıqları üzə vurmayıb, kiməsə xatırlatmayıb. Bu, onun nəcibliyindən, xeyirxahlığından, nəslindən, nəcabətindən gəlir. Hadı müəllim deyir ki, milləti ucaldan elə sənin, mənim, onun etdiyi təmənnasız yaxşılıqlardı. Unudulmaz şairimiz Söhrab Tahir nə deyirdi?

... Yaxşılıq et qoy olmasın xəbəri.
... Qızıl taxıl dənəsidir yaxşılıq,
Kimə versən dönəsidir yaxşılıq,

Yaxşılıq insanı öz gözündə ucaldır. Axşam evinə, ocağına, balalarına bir xoşbəxtlik, bir savab, bir səadət aparırsan. Gecə rahat yatırsan, sabah bütün gözəlliyi ilə üzünə açılır. Yaxşılıq hər bir insanı saflaşdıran, ucaldan rentgen şüasıdı, iksirdir. Yaxşılığı, xeyirxahlığı gündəlik işi bilənlərin üz-gözündən nur yağır həmişə.

Hadı müəllimin bu sözləri gəncliyə ünvanlanmış ən gözəl mesajdı. Gəncliyə dözümlü, zəhmətsevər olmağı, addım-addım arzularına qanadlanmağı tövsiyə edən professor, istiqlal şairi Xəlil Rza Ulutürkün misralarını xatırladır:

... Çaylar polad sahilləri
Eşir, deşir yavaş-yavaş.
Maviləşir, müdrikləşir yavaş-yavaş.
Birdən-birə qalxarmı dağ?
Zirehlənir sal qayalar,
Daş üstünə gəlir bir daş
Təpə qalxıb dağa dönür yavaş-yavaş.
Lapdan alov püskürsə də
Vulkan özü illər boyu
güc toplayır yavaş-yavaş.
Bəslənilir qanda qeyrət,
ürəkdə şir yavaş-yavaş.

Professor Hadı Rəcəbli bir-birindən maraqlı neçə-neçə kitabların, yüzlərlə dəyərli elmi-publisistik məqalələrin müəllifidir. Bu yazıların hər biri canlıdır, nəbzi döyünən, insanı ətalətdən, süstlükdən xilas edən, insanlıq uğrunda, bəşəri doğmalıq uğrunda mübarizəyə səsləyən yazılardı.

"Mən xoşbəxtəm ki, candan artıq sevdiyim doğma Azərbaycanımızın müstəqilliyini gördüm. Gənc dövlətimizin çiçəklənməsinin şahidi, iştirakçısı oldum. Və dövlətimə, xalqıma qaranquş fədakarlığı boyda köməyim, xeyrim dəyibsə, özümü bu dünyanın ən xoşbəxti sayıram". Ömrünün 71-ci baharını yaşayan professor Hadı Rəcəblinin bu sözlərində azadlığın, müstəqilliyin əvəzolunmaz qədir-qiyməti, dadı-duzu, şirinliyi var.

Məşhur bir mahnının sözləri əziz müəllimim, professor Hadı Rəcəbliyə necə də yaraşır: "Mənim yaşadığım illər, mənim sərvətimdir".

Respublikamızın ictimai-siyasi həyatında öz yeri, dəsti-xətti olan tanınmış dövlət xadimi, siyasi elmlər doktoru, professor Hadı Rəcəblini ad günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı, yeni-yeni uğurlar arzulayıram.

Günel MƏLİKLİ
Siyasi elmlər üzrə fəlsəfə doktoru

 





25.10.2018    çap et  çap et