525.Az

"İlahiyyat İnstitutunda yüksək təhsil üçün zəruri tələblər yerinə yetirilib" - Foto


 

"İlahiyyat İnstitutunda yüksək təhsil üçün zəruri tələblər yerinə yetirilib" - <b style="color:red">Foto </b>

Dünən Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) sözügedən ali təhsil müəssisəsinin fəaliyyətinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Əflatun Amaşov və ölkənin aparıcı kütləvi-informasiya vasitələrinin rəhbərləri iştirak edib.

Mətbuat konfransında Aİİ-nin təsis edildiyi vaxtdan bu günə qədər olan fəaliyyəti, ilk tədris ilinə hazırlığı, reallaşdırdığı layihələr və gələcək perspektivləri barədə məlumat verilib.

Aİİ-nin rektoru Ceyhun Məmmədov bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan xalqının tarixi ənənələrə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasının təmin olunması məqsədilə müasir təhsil standartları və dünya təcrübəsi əsasında təsis edilmiş yeni ali təhsil müəssisəsidir. Onun sözlərinə görə, Aİİ 2018-2019-cu tədris ilində fəaliyyətinə İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə başlayıb. İnstitutda dünya standartlarına cavab verən yüksək təhsilin verilməsi üçün zəruri olan tələblər yerinə yetirilib. İnstituta 2018-2019-cu tədris ili üzrə ilk tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə ödənişsiz əsaslarla III ixtisas qrupu üzrə iki istiqamətdə - İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə həyata keçirilib. Dövlət sifarişi əsasında qəbul üzrə ayrılmış plan yerləri 100 faiz dolub, İslamşünaslıq ixtisası üzrə 35, Dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla, ümumilikdə 60 abituriyent tələbə sıralarına qəbul edilib. Hazırda İnstitutda ümumilikdə 103 tələbə təhsil alır: "İnstitutda tədris Azərbaycan dilindədir. Gələcəkdə rus, ingilis və ərəbdilli bölmələrin açılması və dünyanın müxtəlif dövlətlərindən tələbələrin təhsilə cəlb olunmaları, həmçinin, yəhudilik, xristianlıq, hinduizm və buddizm kimi böyük dünya dinlərinin müqəddəs mətnlərinin tədqiqi baxımından mühüm əhəmiyyət kəsb edən ibri, qədim yunan, latın və sanskrit dillərinin tələbələrə öyrədilməsi məqsədilə xüsusi kursların təşkili planlaşdırılır. Beynəlxalq mübadilə proqramları vasitəsilə Aİİ tələbələrinə Avropa, Amerika, Şərq ölkələrində təhsil almaq və yüksək qiymətlərlə məzun olan bakalavrların ixtisasları üzrə magistratura və doktorantura təhsillərini dövlət xətti ilə xarici ölkələrdə davam etdirməyə imkan yaradır. Tələbələr, həmçinin, ingilis, ərəb, klassik ibrani və fars dillərini yüksək səviyyədə öyrənmək imkanına malikdirlər. Bütün xarici dillər peşəkar mütəxəssislər tərəfindən müasir metodlar əsasında 4 dil bacarığının - oxuma, dinləmə, danışma, yazma inkişafı istiqamətində tədris edilir. Dərslərdən əlavə, tələbələr üçün ödənişsiz xarici dil kursları təşkil edilib. İnstitutda, həmçinin, Şərq incəsənəti - musiqisinin bir sıra sahəsinə aid ödənişsiz kursların təşkil olunması nəzərdə tutulub. İnstitut  keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malikdir. Dərslər ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilən, öz sahəsində dərin akademik biliyə malik olan alimlər tərəfindən aparılır. Onların arasında Azərbaycanla yanaşı, Türkiyə, Böyük Britaniya, ABŞ, İran, Suriya və Portuqaliya kimi dünyanın müxtəlif ölkələrində akademik fəaliyyətlə məşğul olmuş elm adamları var".

Millət vəkili Əflatun Amaşov deyib ki, parlamentdə dini radikalizmlə bağlı vətəndaş mövqeyini hər zaman ortaya qoyurlar: "Uşaqların zərərli informasiyalardan qorunması haqqında" qanun layihəsinə "dini xurafat" anlayışını da daxil etməyi təklif etmişəm. Orta məktəblərdə keçirilən həyat bilgisi fənnində din ilə bağlı müəyyən məlumatlar verilir. Ümumiyyətlə, dünya dinləri ilə bağlı geniş bilgilərə mailk olmalıyıq".

Millət vəkili Hikmət Babaoğlu bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan xalqının tarixi ənənələrə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin olunması məqsədilə müasir təhsil standartları və dünya təcrübəsi əsasında təsis edilmiş yeni ali təhsil müəssisəsidir.

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin dediyinə görə, Prezident İlham Əliyev təxminən iki il bundan öncə cənub bölgəsində olarkən gənclərlə görüş zamanı bildirmişdi ki, təhsil olan yerdə cəhalət, xurafat olmaz. Buna görə də təhsilə xüsusi önəm vermək lazımdır: "Biz də tez-tez jurnalistlərlə söhbətimizdə bu sitatdan istifadə edir və tövsiyə veririk ki, yazılarında bu məsələyə xüsusi diqqət göstərsinlər".

R.Məcid vurğulayıb ki, Azərbaycan İlahiyyat İnstitutu dini elmləri dərindən mənimsəmək istəyən gənclərə geniş imkanlar açır: "Mən arzu edirəm ki, burada təhsil alan gənclər İslam dininin gözəlliklərini əğz eləsinlər, savadlı, bilikli, tolerant və dözümlü olsunlar. Dində də birləşdirici, bütövləşdirici baxışları yaymaq lazımdır. Dövlətə, dövlətçiliyə təhlükə yarada biləcək təmayüllərin də qarşısını məhz bu şəkildə almaq mümkündür".

R.Məcid bildirib ki, İnstitutda Azərbaycanın xüsusən də Axundovdan başlayan maarifçi ədəbiyyatı dərindən tədris olunmalıdır: "Fikrimcə, onların 100-150 il öncə qələmə aldıqları cəhaləti, xurafatı qamçılayan əsərləri daha dərindən, daha geniş dünya görüşü ilə tələbələrə tədris olunmalıdır ki, gələcəkdə milli dözümsüzlük halları ilə qarşılaşmayaq".  

R.Məcid İlahiyyat İnstitutunun media ilə əlaqələrini müsbət qiymətləndirib: "İnstitutun media ilə münasibətini və ictimai siyasi fəaliyyəti qənaətbəxşdir. Mən bunu müsbət qiymətləndirirəm. Burada əzm, şövq var, fəaliyyət də ictimaiyyət üçün açıqdır. Elə düşünürəm ki, bu da davamlı olacaq".

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, bilgili insanların yetişməsi üçün zəruri mühitin yaradılması gələcəkdə din sahəsində xurafat və cəhalət elementlərinin ortadan qalxmasına imkan yaradacaq.

"Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunun əsas məqsəd dövlət-din münasibətlərinin sağlam zəmində tənzimlənməsində rol alacaq din sahəsinin mütəxəssislərinin yetişməsidir: "İnanıram ki, bu institutun Azərbaycan cəmiyyətində dini maarifçiliyin inkişafında əhəmiyyətli rolu olacaq".

"Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev bildirib ki, Azərbaycanda milli dini kadrlara böyük ehtiyac var: "Hesab edirəm ki, Azərbaycan İlahiyyat İnstitutu ölkədə milli dini kadrların formalaşmasında mühüm rol oynayacaq".

Tədbirdə media ilə əlaqələrinin möhkəmləndirilməsi, orta və ali məktəblərdə dini mövzularda elmi seminarların keçirilməsi, elmi əsaslara söykənən dini ədəbiyyat və tədris materiallarının işlənib hazırlanması kimi  bir sıra  təşəbbüs və təkliflər səsləndirilib.

S.QARAYEVA

 





25.10.2018    çap et  çap et