Azərbaycan Mətbuat Şurası hərbi fotoreportyor Əli Qafarovun vəfatıyla bağlı nekroloq yayıb.
Nekroloqda qeyd olunub ki, Azərbaycan jurnalistikasının tanınmış simalarından olan, hərbi fotoreportyor Əli Qafarov dünyasını dəyişib: "Əli Qafarov Azərbaycanın müasir dövr fotojurnalistikasında məxsusi yeri və çəkisi olan fədaidir. 1943-cü ildə Bakıda doğulmuş sənətkar fotoqrafiya üzrə peşə məktəbində təhsil alıb. Əmək fəaliyyətinə portret fotolar çəkməklə başlayan Əli Qafarov 1970-ci ildən 1991-ci ilədək "Azərbaycan müəllimi", "Ədəbiyyat və incəsənət", "Azərbaycan idmaçısı" kimi qəzetlərdə fotomüxbir işləyib".
Bildirilib ki, dövlət müstəqilliyinin ilk illərində "Xalq ordusu" qəzetində çalışmış sənətkarın peşəkar fəaliyyətinə Dağlıq Qarabağ münaqişəsi böyük təsir göstərib: "Münaqişənin müharibə alovu hərbi fotoreportyorun yaradıcılıq nümunələrində tam dolğunluğu ilə əksini tapıb. Bu mənada o, bənzərsizliyi və təkrarsızlığı ilə diqqət çəkib".
Həmçinin qeyd olunub ki, Əli Qafarovun sənət yolu misilsiz cəsarət nümunəsidir: "Bu yolda çətinliklər, məhrumiyyətlər, qatlaşılması ilk baxışdan mümkün olmayan əziyyətlər var. Əziyyət və çətinliklərə qatlaşmaq əzmi isə onun peşəyə hədsiz bağlılığından və sədaqətindən irəli gələn müstəsna keyfiyyətdir".
Diqqətə çatdırılıb ki, Əli Qafarov şəxsi keyfiyyətlərini həyatının amalına çevirmiş örnəkdir: "Onun fotolarında müstəqillik dövrü Azərbaycanının Xocalı dəhşəti, itirilmiş torpaqları ilə yanaşı, qəhrəmanlıq salnaməsi də canlanır. Heç şübhəsiz, bu salnamə dünyaya açılan pəncərəmiz, haqq səsimizdir. Mərhum fotoreportyor sənətinin Vətən üçün döyünən haqq səsini 1998-ci ildə üç dildə nəşr edilmiş "Şahid" fotoalbomunda təqdim edib".
"Əli Qafarovun istər Dağlıq Qarabağ müharibəsindəki, istər ondan öncəki, istərsə də müharibədən sonra "Hərbi dəniz qüvvələrini qəzeti"ndəki və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Sənədli filmlər kinostudiyasındakı əmək fəaliyyəti yüksək zəhmətkeşlik etalonudur. Nəcibliyi, xeyirxahlığı, qayğıkeşliyi və səmimiyyəti isə onu hər kəsin sevimlisinə çevirib. Bu səbəbdəndir ki, Əli Qafarovun yoxluğu media və fotoqrafiya ictimaiyyəti böyük üzüntü və sarsıntıdır", - deyə nekroloqda qeyd olunub.
Azərbaycan Mətbuat Şurası mərhumun doğmalarına, əzizlərinə, yaxınlarına və dostlarına dərin hüznlə başsağlığı verir, onların üzüntülərini bölüşür, səbr diləyir.
Allah rəhmət eləsin!
çap et