525.Az

ADPU-nun Elmi Şurasının iclası keçirildi


 

ADPU-nun Elmi Şurasının iclası keçirildi <b style="color:red"></b>

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib.

İclasda çıxış edən ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov qeyd edib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi bizim əsas vəzifəmiz, başlıca məqsədimizdir: "Son vaxtlar ADPU-nun bu sahədə qazandığı uğurlar göz önündədir. "Məktəbguşəsi.az" saytının keçirdiyi virtual sorğunun nəticələrinə əsasən ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci böyük səs çoxluğu ilə kolleclər arasında birinci yer tutub. Artıq cəmiyyətdə ADPU haqqında müsbət ictimai fikir formalaşıb. Biz qazanılan nailiyyətlərlə kifayətlənməməli, fəaliyyətimizi gücləndirməli, qarşımıza qoyduğumuz hədəf və məqsədlərə çatmaq üçün daha əzmlə çalışmalıyıq".

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov  isə bildirib ki, tədrisin keyfiyyəti üzrə beynəlxalq və milli çağırışlar mövcuddur. Bolonya prosesinin əsas məqsədləri təhsilin keyfiyyətinin artırılması, biliyin keyfiyyətinin yüksəldilməsi və ona olan tələbatın dünya miqyasında artması, Avropa universitetlərinin bir-biri ilə inteqrasiyası, vahid kredit sisteminin yaradılması, ali təhsil sənədlərinin və ixtisaslarının Avropa məkanında qarşılıqlı tanınması, tələbələrin mobilliyinin təmin olunmasıdır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müasir təhsil sisteminin formalaşdırılmasında, təhsil sisteminin səmərəliliyində, onun nailiyyətlərinin formalaşmasında müəllim amilinin həlledici əhəmiyyəti nəzərə alınmaqla müəllim hazırlığının gücləndirilməsinə xüsusi önəm verilir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda I strateji istiqamət səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılmasına yönəlmişdir və təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə kurikulumların inkişafı kimi vacib hədəfi əhatə edir. II strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənlərin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir. III strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur".

O vurğulayıb ki, ADPU-da tədrisin keyfiyyət göstəricilərini artırmaq üçün Strateji iş planı qəbul olunub, yazılı imtahan forması tətbiq edilib, şəffaflıq və obyektivlik təmin edilib. Tələbə qəbulunda keyfiyyəti artırmaq üçün tanışlıq görüşləri keçirilib, maddi-texniki bazanın yaxşılaşdırılması üçün təmir işləri aparılıb, keyfiyyət göstərcilərinin izlənməsi sistemi formalaşmağa başlayıb, müəllimlərin və tədris-yardımçı heyətin işə qəbulu sistemi gücləndirilib. Həmçinin, beynəlxalq əlaqələr genişləndirilib və keyfiyyətə yönəlmiş layihələr artırılıb. Reytinq qiymətləndirmə sistemi yaradılıb, xarici dillərin tədrisi ilə məşğul olan müəllimlərin bacarıqlarının artırılması davam edir, tələbələrin səviyyə qruplarına bölünməsi, informatika müəllimlərinin sertifikatlaşdırılması həyata keçirilib.

"Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin fəaliyyəti haqqında" hesabatla fakültənin dekanı, dosent Laçın Həsənova qeyd edib ki, hazırda fakültədə 3 kafedra - Musiqi və onun tədrisi metodikası, Təsviri incəsənət və onun tədrisi metodikası, Fiziki tərbiyə və çağırışaqədər hazırlığın tədrisi metodikası kafedraları fəaliyyət göstərir. 80 nəfər professor-müəllim heyəti çalışır. 925 nəfər tələbə təhsil alır. Onlardan 92 nəfər tələbə "Musiqi müəllimliyi" ixtisası üzrə, 528 nəfər tələbə "Təsviri incəsənət müəllimliyi" ixtisası üzrə, 305 nəfər tələbə "Fiziki tərbiyə və çağırışaqədər hazırlıq müəllimliyi" ixtisası üzrə təhsil alır: "Fakültənin missiyası fəaliyyətində rəhbər tutduğu dəyərlərə və strateji məqsədlərinə uyğun təhsil vermək, ümumbəşəri bilik və bacarıqlara yiyələnmiş fərdlər yetişdirmək, elmə töhfələr verəcək, ölkəmizdə və dünyada yararlı ola bilən bilik yaradacaq və onu ötürə biləcək, cəmiyyətin sosial, mədəni, incəsənət və idman həyatının inkişafına kömək göstərə biləcək tədbirlər həyata keçirməkdir".

S.QARAYEVA

 





26.10.2018    çap et  çap et