525.Az

Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlər müəyyənləşdi


 

Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlər müəyyənləşdi<b style="color:red"></b>

Dünən Gənclər və İdman Nazirliyində Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilmiş 17 gənc səfirin təqdimat və mükafatlandırma mərasimi baş tutub.

Nazirlikdən verilən məlumata görə, gənc səfirlərin seçimi Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının ölkəmizdə ilk dəfə olaraq birgə həyata keçirdiyi "Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması" layihəsi çərçivəsində baş tutub.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov və BMT Inkişaf Proqramının rezident nümayəndəsinin müavini Alessandro Frakasseti iştirak ediblər.

Nazir A.Rəhimov gənc səfirləri təbrik edərək, onlara bu məsuliyyətli işdə uğurlar arzu edib. Nazir gənclərin çox böyük uğur qazanacaqlarına inandığını bildirib . A.Rəhimov qeyd edib ki, gənc səfir seçilmək üçün müsabiqəyə 220-dən çox ərizə daxil olub. Bu gənclərdən ilkin mərhələdə 53-ü, seçim prosesinin yekununda isə müvafiq bilik və bacarıqlara malik 17-si, 2 il müddətinə Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfir seçilib.

BMT İnkişaf Proqramının rezident nümayəndəsinin müavini A.Frakasseti Gənclər və İdman Nazirliyinə göstərdikləri dəstək üçün öz təşəkkürünü bildirib, bu gənclərin hər birinin təmsil edəcəkləri sahədə uğurlu olacaqlarına inandığını bildirib.

Qeyd edək ki, seçilmiş 17 gənc səfirin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədlərini Azərbaycanda təbliğ etmək, bu fəaliyyətdə gənclərin iştirakını təşviq etmək, sahə üzrə məsul dövlət qurumlarına tam könüllü formada dəstək göstərmək, yerli, milli və beynəlxalq səviyyədə atılan addımlar barədə cəmiyyətin məlumatlandırılmasına dəstək olmaq, milli hesabatların hazırlanmasına töhfə verməkdir.

C.ABASOV

 





26.10.2018    çap et  çap et