525.Az

ABŞ Paşinyandan Qarabağ münaqişəsinin həlli üzrə konkret addımlar gözləyir


 

“TRAMPIN MÜŞAVİRİ ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ RƏSMİ BAKININ MÖVQEYİNİ MÜDAFİƏ EDİR”

<b style="color:red">ABŞ Paşinyandan Qarabağ münaqişəsinin həlli üzrə konkret addımlar gözləyir</b>

ABŞ prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri çərçivəsində Bakıda və İrəvanda keçirdiyi görüşlər ölkə ictimaiyyətinin diqqət mərkəzində idi.

Rusiya səfərinin ardınca ölkəmizə gələn C.Bolton Bakıda Prezident İlham Əliyevlə keçirdiyi görüşdə ABŞ-Azərbaycan ikitərəfli əlaqələriylə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyəti də müzakirə edib, rəsmi Vaşinqtonun münaqişəsinin tezliklə həllində maraqlı olduğunu bildirib.

C.Bolton vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ bundan sonrakı dövrdə də münaqişənin həlli istiqamətində səylərini davam etdirəcək.

Daha sonra İrəvana səfər edən ABŞ prezidentinin müşaviri Bakıda keçirdiyi mətbuat konfransında söz verdiyi kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini Ermənistan rəhbərliyi qarşısında qaldırıb və hazırkı vəziyyətlə bağlı narahatlığını dilə gətirib.

ABŞ rəsmisi İrəvan səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan münaqişəsiylə bağlı gəldiyi qənaətlərdən danışıb: “Dağlıq Qarabağ münaqişəsinin həlli çətindir, çünki əgər bu asan olsaydı, münaqişə indiyədək həllini tapardı”.

C.Bolton bildirib ki, Ermənistana xarici təsirin azalması üçün münaqişə həll olunmalıdır. Onun sözlərinə görə, münaqişə tərəfləri hər bir şey barədə müzakirə apara, danışa bilərlər və danışmalıdırlar.

Trampın müşaviri, həmçinin, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyandan Qarabağ münaqişəsinin həlli üzrə konkret addımlar gözlədiyini deyib: “Əgər seçkilər nəticəsində Paşinyan və onun siyasi partiyası güclü mandat əldə etsə, bu, münaqişənin nizamlanması məsələsində həlledici addımların atılması üçün yaxşı imkan olacaq”.

Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, ABŞ prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri C. Boltonun Bakı səfəri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan regionda lider dövlətdir və beynəlxalq sülhün və təhlükəsizliyin müdafiəsi, onun gücləndirilməsi işinə çox böyük töhfələr verir. O, SİA-ya bildirib ki, Bolton Cənubi Qafqaz ölkələrinə səfərinin yekunları ilə bağlı açıqlamalasında daha çox Azərbaycanın adını çəkib, öz “Tvitter” hesabında Azərbaycana və Prezident İlham Əliyevə xüsusi təşəkkür edib: “Bolton bildirib ki, Azərbaycan regionda çox mühüm sabitləşdirici funksiya həyata keçirir. Eyni zamanda, Azərbaycanın müstəqil daxili və xarici siyasət aparması rəsmi Vaşinqtonun diqqətindən yayınmır. Azərbaycanın xüsusilə Əfqanıstanda sülhməramlı proseslərə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə diqqətdən kənarda deyil. Con Bolton Azərbaycanın yerləşdiyi coğrafiyaya da diqqət çəkərək ölkəmizin bu bölgədə apardığı uğurlu daxili və xarici siyasəti təqdir etdiyini vurğulayıb”.

E.Nəsirovun sözlərinə görə, C.Boltonun Azərbaycana olan yüksək münasibəti həm də Ermənistana səfəri çərçivəsində diqqəti cəlb edir: “ABŞ rəsmisinin Ermənistana tamamilə fərqli bir prizmadan yanaşdığının şahidi oluruq. Bolton Ermənistan rəhbərliyini xarici təsirlərdən uzaq siyasət aparmağa dəvət edir. Bu o deməkdir ki, Ermənistan rəhbərliyi eyni vaxtda iki stulda əyləşib və bu ölkənin müstəqil siyasəti yoxdur”.

Deputat hesab edir ki, C.Boltunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi diqqəti cəlb edir: “ABŞ prezidentinin müşaviri bu məsələdə Azərbaycanın mövqeyini müdafiə edir. Təsadüfi deyil ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz də bu yaxınlarda öz müsahibəsində rəsmi Vaşinqtonun münaqişənin həllindəki mövqeyini açıqlayıb və işğal altındakı Azərbaycan torpaqlarının geri qaytarılmasının vacibliyini irəli sürüb. Yəni, bu mövqe əslində, Ağ Evin mövqeyidir”.

Milli Məclisin sədrinin müavini Bahar Muradova isə bildirib ki, Amerika rəsmilərinin dilindən ABŞ-la Azərbaycan arasında münasibətlərin strateji əhəmiyyət kəsb etməsi ilə bağlı fikirlərin səslənməsi müsbət haldır: “Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda qarşılıqlı maraqlara söykənən tərəfdaşlığa üstünlük verir”.

B.Muradova qeyd edib ki, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədri, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan ABŞ-la bu illər ərzində belə bir münasibətin əldə edilməsinə çalışıb: “Bu baxımdan ABŞ rəsmiləri tərəfindən verilən dəyər ölkəmiz üçün vacibdir. Hesab edirəm ki, biz bu imkanları nəticəyə çevirməyi bacarmalıyıq”.

Deputat qeyd edib ki, ABŞ-la ikitərəfli münasibətlərdən istifadə edərək dünyanın təhdid edən təhlükələrin, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması ilə bağlı vahid alyansda çıxış etmək təcrübəsini genişləndirməlidir: “Hesab edirəm ki, Cənubi Qafqaza səfəri zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun, eləcə də son zamanlar amerikalı rəsmilərinin Azərbaycan haqqında söylədiyi əksər fikirlər məhz bu ruhdadır. Bununla da Amerika yüksək rəsmilərinin konkret nəticəyə gəldiklərini söyləmək olar və yaranan imkanlardan istifadə etmək lazımdır”.

Ceyhun ABASOV

 





27.10.2018    çap et  çap et