525.Az

“İrəli” intellektual yarışlara start verdi


 

“İrəli” intellektual yarışlara start verdi <b style="color:red"></b>

Oktyabrın 27-də Gənclər və İdman Nazirliyinin dəstəyi, "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan İntellektual Birİncisi” layihəsinin 3-cü mövsümünə start verilib.

Birlikdən 525.az-a verilən məlumata görə, layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən təşəbbüsdür.

Layihənin açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Binəqədi rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə müdir müavini Şəmsi Gülverdiyev, YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev çıxış edib, layihə iştirakçılarına uğurlar arzulayıblar.

M.Seyidov bildirib ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən bu layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsinə imkan verən təşəbbüsdür. Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi, beynəlxalq intellektual yarışlara rəqabətədavamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.

Sədr qeyd edib ki, bu gün gənclər, onların bu kimi layihələrdə iştirakı üçün dövlət tərəfindən bütün şərait yaradılıb.

Rəsmi hissə bitdikdən sonra Binəqədi, Yasamal, Xətai, Xəzər, Nərimanov, Nəsimi, Nizami, Səbail, Suraxanı, Sabunçu, Qaradağ rayonlarının gənc intellektuallarının iştirakı ilə Bakı şəhər turniri keçirilib. 

4 intellektual oyunu ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") əhatə edən layihədə “Nə? Harada? Nə zaman?” intellektual oyununda Səbail, “Vətəni tanı” intellektual oyununda Xətai, “Axtar-tap” intellektual oyununda Sabunçu, “Xəmsə” intellektual oyununda Xəzər rayonunun gənc intellektualları qalib olublar.

Qalib komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə baş tutacaq layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70-dən artıq rayondan 1500 gəncin iştirakı gözlənilir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edir.

Layihə çərçivəsində regional turnirlər Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir, Şəmkir, Sabirabad,  Lənkəran, Naxçıvan MR, Bakı şəhər və rayonlarında inşa olunan Gənclər Evi və Gənclər Mərkəzində keçiriləcək.  

Layihə 2 mərhələdən ibarətdir. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra final yarışları keçirilir. Bu mərhələdə regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanır.

“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçiriləcək.

 





27.10.2018    çap et  çap et